Polislər istintaqın yalanını faş etdi

Aksiya günü yollarda tıxac yaranmayıb

 Dünən Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə İctimai Palatanın aprelin 2-də keçirdiyi aksiya ilə əlaqədar ittiham olunan Ülvi Quliyev, Elnur Məcidli, Rüfət Hacıbəyli və Əhəd Məmmədlinin məhkəmə iclası davam etdirildi.

Proses başlanan kimi hakim bildirdi ki, R.Hacıbəylinin dövlət tərəfindən təyin edilmiş vəkili Telman Qasımova cinayət işinin materialları ilə tanış olması üçün vaxt verilmişdi. Vəkil bildirdi ki, cinayət işi ilə tanış olub. R.Hacıbvəyli dövlət tərəfindən təyin edilmiş vəkildən yazılı şəkildə imtina etdi. Gənc fəal bildirdi ki, əvvəlki vəkili Elçin Namazov prosesdə iştirak etməsə, özü hüquqlarını müdafiə edəcək. Lakin hakim onun vəsatətini təmin etmədi.

Prosesdə şahid qismində Nəsimi rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı Sevindik Dadaşov ifadə verdi. O bildirdi ki, aksiya ilə bağlı polis idarəsində təlimat alıblar və bundan sonra xidməti üzrə təyin olunmuş ərazilərlə yollanıblar. Onun sözlərinə görə, təxminən saat 11 radələrində 50-60 nəfər onlar dayanan tərəfə qışqıra-qışqıra gəliblər. Şahidin ifadəsinə görə, həmin şəxslər “Azadlıq”, “İstefa” qışqırırdılar. Polis əməkdaşının bildirdiyinə görə, həmin şəxslərdən biri daha fəallıq göstərirdi.

Şahid daha sonra dövlət ittihamçısı Aydın Əliyevin suallarını cavablandırdı:

– Aksiya iştirakçıları neçə nəfər idi?

– 50-60 nəfər olardı.

– Onlar nə deyirdilər?

– “Azadlıq”, “İstefa” qışqırırdılar.

–  Aksiya iştirakçılatrının əllərində dəmir parçası, daş vardı?

– Yox idi.

Daha sonra şahid Ü.Quliyevin vəkili Osman Kazımovun sullarını cavablandırdı:

– Aksiya zamanı tutulan adamlara özünüzü təqdim edirdiniz?

– Bəli.

– Necə təqdim edirdiniz?

– Polis olduğumuzu deyirdik və onları sakitləşdirməyə çalışırdıq.

– Vəsiqə təqdim edirdiniz?

– Yox.

 Şahid digər məhbus E.Məcidlinin vəkili Xalid bağırovun da suallarını cavablandırdı:

– İfadənizdə dedinz ki, 50-60 nəfər gəlirdilər. Onlardan bir nəfər fəal idi?

– Bəli.

– Həmin şəxsi görübsüz?

– Görmüşəm.

– Həmin şəxsi tanıyırsız?

– Tanıyıram.

– Göstərə bilərsiz?

– Böyrünüzdə oturub.

– Aksiya iştirakçıları arasında fəallıq göstərən şəxs nə edirdi? Bunu izah edin?

– Sahil bağı tərəfindən səki ilə gəlirdi. Nəsimi heykələnini yanına çatanda Nizami küçəsinə hərəkət etdi. Onun əlində nəsə vardı, aptekə tərəf atdı. Arxasınca qaçsaq da tuta bilmədik.

– Həmin ərazidən nə vaxt qaçdı?

– Deyə bilmərəm.

– Sizinlə tanınma həyata keçirilib?

– Əvvəlcə mənə şəkil təqdim edildi. Hətta videoda da baxdım. Belə olan halda üzləşmə zamanı tanımaq daha asan oldu. Şəkildə baxandan sonra tanınma həyata keçirildi. 5-6 nəfərin arasından mitinq zamanı fəallıq göstərini tanıdım.

– Siz ilk dəfə idi ki, tanımada iştirak edirdiz?

– Bəli.

– Siz video görüntülərə nə qədər müddətə baxdız?

– Yarım saat müddətində.

– Axıra kimi baxdız?

– Yarım saat ərzində lazım olan yerlərə baxdıq.

– Necə epizod idi?

– İki epizod idi.

– Tanınma saat 17.20-də başlayıb 23.25-də başa çatıb. Bu da 6 saat edir. Necə olur ki, yarım saat edir?

– Bir gün də çəkə bilər.

– Bu şahidin ifadəsində ziddiyyət var. Çünki 6 saatlıq tanınma keçirilib, yarım saat ərzində video görüntülərə baxa bilməzdi. Digər tərəfdən də iki epizod yox, bir epizod olub. Sizin istintaqdan xəbəriniz olmayıb. Baxış keçirilib, sadəcə siz imza edibsiz.

 Şahidin ifadəsi bitdikdən sonra X.Bağırov hakimin diqqətinə çatdırdı ki, həmin vaxt aptek fəaliyyət göstərməyib və aptekə iş fəaliyyətinə mane olunması mümkün deyil. Bundan başqa, vəkil şahidin istintaqa verdiyi ifadəsinin sübutlar siyahısından çıxarılması barədə vəsatətlə çıxış etdi. O bildirdi ki, şahidə E.Məcidlinin foto şəkilləri əvvəlcədən göstərilməklə tanınma həyata keçirilib. Vəkilin sözlərinə foto şəkillər əvvəlcədən göstərilməklə tanınmanın asanlaşmasını şahid məhkəmə ifadəsində bildirdi. Vəkil qeyd etdi ki, belə olan halda ibtidai istintaq zamanı həmin toplanmış sübut kobud qanun pozuntusu ilə həyata keçirilib. Vəkil 13 aprel tarixində keçirilən tanınma protokolunun sübutlar siyahısından çıxarılımasını istədi. Hakim bildirdi ki, həmin sübuta məhkəmə yekun qərarında qiymət verəcək.

Bundan sonra polis əməkdaşı Müqabil Məmmədov ifadə verdi. O bildirdi ki, Nicat Seyidov, Elmir Tağıyev, Rahim Həsənəliyevlə birlikdə xidmətdə olublar. Onun sözlərinə görə, aksiya zamanı sonradan tanıdığı Ülvü Quliyev aktivlik göstərdiyi üçün saxlayıblar. Sualları cavablandıran şahid bildirdi ki, Ü.Quliyev Nicat Seyidovun əlindən çıxmağa çalışarkən dirsəyi ona dəyib.

Vəkil Osman Kazımov şahidə suallar verdi:

– Aksiya zaman saxlanılan şəxslərə özünüzü təqdim edirdiz?

– Bəli.

– Necə təqdim edirdiz?

– Deyirdik ki, sakit olun.

– Vəsiqə göstərirdiz?

– Xeyr.

– Niyə göstərmirdiz?

– Əynimizdə polis paltarı vardı, polis maşınında olmağımız buna sübutdur.

– Bu sübut deyil. Hacı Məmmədovun çeçenlərdən olan dəstəsinin üzvləri Bakıda silahlı cinayətləri polis maşınları ilə törədiblər. Çeçenlər DİN-in polis mayoru formasında gəziblər. Onlarla hökümlər var ki, polis formasında qətl hadisələri törədilib. Niyə görə saxlanılan şəxslərə vəsiqənizi göstərməyibsiz?

Şahid vəkilin sualına cavab verə bilmədi.

Daha sonra digər polis əməkdaşları Elmir Tağıyev, Rahim Həsənəliyev və İsrail Tağıyev ifadə verdilər. İ.Tağıyev bildirdi ki, Nəsimi rayon Polis İdarəsinin rəisi Məmməd Mikayılovun təlimatından sonra aksiya günü xidməti üzrə ərazilərə çıxıblar. Polis əməkdaşları onu da bildirdilər ki, aksiya günü bir neçə qurupda olublar. Onların sözlərinə görə, “götürmə” və digər qruplar olub. Vəkillərin suallarına cavab olaraq şahidlər dedilər ki, “götürmə” qrupu aksiya zamanı fəallıq göstərən şəxsləri izləyib tuturdu, onların bundan əlavə vəzifələri olmayıb. Daha sonra məhkəmədə Nəsimi RİP-in Post Patrul Xidmətinin bölük komandiri Əkbər Hacıyev ifadə verdi. O, Bakı Baş Polis İdarəsinin rəhbər şəxslərinin təlimatı ilə ərazi üzrə aksiyanın qarşısının alınmasında iştirak etdiyini bildirdi. Vəkillər bundan əvvəl ifadə verən polis əməkdaşlarının aksiya zamanı bir neçə qruplarda, hətta “götürmə” qrupunun da olması ilə bağlı suallara bölük komandiri cavab verməkdən yayındı. Çevik Polis Alayının  əməkdaşları – Xalid Mehdiyev, Nicat İbrahimli, İlqar Məmmədov ifadə verdilər. Onlar ifadələrində qeyd etdilər ki, aksiyanın keçirildiyi ərazidə yollarda tixac olmayıb. Polislərin sözlərinə görə, Bülbül və digər küçələrdə olan yollarda maşınla sərbəst hərəkət ediblər. Bundan əlavə, məhkəmədə ifadə verən polis əməkdaşı Xətai Mehtizadə bildirdi ki, aprelin 1-də Çevik Polis Alayına qəbul edilib. Onun sözlərinə görə, aksiya zamanı yollarda tıxac yaranmayıb. Bundan əlavə, şahid hadisə ilə bağlı suallara cavab verə bilmədi. Proses sentyabrın 27-də davam etdiriləcək.

 Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 041 (449), 24 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button