Politoloqdan şok açıqlama: Tərtər cinayətini kimlər törədib?

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Tərtər cinayətlərinin törədilməsində ən yüksək instansiyaları ittiham edib. O özünün facebook səhifəsində yazıb:
Tərtər qətliamının araşdırılması təkcə orduda deyil, ümumiyyətlə hakimiyyətin bütün strukturlarında olan real vəziyyəti bütün çılpaqlığı ilə üzə çıxardı. Mübaliğəsiz demək olar ki, ölkədə törədilmiş çirkin antiinsani əməllərin heç birinin araşdırılması bu qədər cinayət faktları üzə çıxarmamışdı.
Artıq bu gün tam əminliklə demək olar ki, orduya rəhbərliyi ələ keçirmiş xain şəbəkə Azərbaycan Respublikasının Silahlı Qüvvələrini ən kriminal quruma çevirib. Amma xain şəbəkə təkcə bu işdə müstəsna “əməyi olan” ordu rəhbərliyini ələ keçirənlərlə məhdudlaşmır. Onlar cinayətkar çətənin yalnız bir hissəsidir.
Ölkənin polis, təhlükəsizlik, məhkəmə, prokurorluq orqanları və siyasi hakimiyyət strukturları da onlarla sinxron fəaliyyət göstəriblər və bu gün də göstərməkdədirlər. Nəticədə orduda özbaşınalıq, rüşvətxorluq, korrupsiya, zorakılıq, qətllər mülki həyatdakından qat-qat böyük miqyas alıb.
Dövlətin silahlı qüvvələrinin belə vəziyyətə salınması birbaşa dövlətə xəyanət aktıdır. Buna görə məsuliyyət daşımalı olan xəyanətkar çətənin istisnasız olaraq bütün üzvləri ifşa olunmalı və məhz dövlətə xəyanətə görə mühakimə olunmalıdır. Amma həmin maddə (CM-nin 274-cü maddəsi) xainlərə tətbiq edilməli olan tək maddə deyil.
Xainlər Azərbaycan xalqına və ordusuna qarşı bir neçə ağır cinayətlər törədiblər. Onların arasında terrorçu Xanlar Vəliyevin və onun rəhbərlik etdiyi Hərbi Prokurorluq adlanan terror qurumunun rolu müstəsna olub. Burada “Terror” və “terrorçu qurum” ifadələrindən istifadə olunması heç də təsadüfi deyil.
Adı çəkilən terrorçu qurum illər boyu təkcə Azərbaycan Ordusunu deyil, cəmiyyəti də qorxu, vahimə və xof içərisində saxlayıb. Buna bir misal: əslən Masallı rayonundan olan Şükürov Sədayıl Mikayıl oğlu 2006-2008 illərdə Azərbaycan Ordusunun Tovuz rayonu ərazisindəki N saylı hərbi hissəsində təmas xəttində xidmətdə olub.
2018-ci ildə, yəni ordudan tərxis olunduqdan düz 10 il (!) sonra Sədayıl Şükürov polis tərəfindən həbs olunaraq Hərbi Prokurorluq orqanlarına təhvil verilib. İstintaq dövründə 4 ay ərzində DTX-da saxlanılan Şükürov nəticədə ermənilərə əsgər keçirməkdə və s. ittiham edilərək dövlətə xəyanət maddəsilə mühakimə olunub.
Şükürovun “cinayət əməli” bir neçə əsgərin “ifadəsi” əsasında “sübuta yetirilib”.
Son illər apardığımız araşdırmalar onlarla bu cür saxta ittihamlarla mühakimə olunmuş yüzlərlə hərbçimizin hal-hazırda həbsxanalarda olması faktlarını üzə çıxarıb.
Ordudan tərxis olunduqdan 3, 5, 8 hətta 10-12 il sonra onlarla belə saxta cinayət cinayət işinin açılması və insanların mühakimə olunması təkcə qanunsuzluq, cinayət, vəzifədən sui-istifadə və hətta dövlətə xəyanət deyil. Bu əməllər həm də terror aktıdır, çünki onların məqsədi cəmiyyətdə xof, qorxu və vahimə yaratmaq olub.
Çünki bu cür əməllər ölkənin silahlı qüvvələrində xidmət etmiş və xeyli əvvəl tərxis olunmuş hər kəsi faktiki qorxu altında saxlamağa xidmət edib. Tərtər qətliamı zamanı tətbiq olunmuş kütləvi amansız işgəncələr, qətllər və onlar haqqında sosial mediada məqsədli şəkildə yayılan dezinformasiyalar da həmin məqsədə xidmət edib.
Bundan başqa, öldürülən hərbçilərin nəşinin nümayişkəranə şəkildə məzarlıqdan kənarda təhqiramiz formada dəfn olunması (əslində isə basdırılması) və onların ailə üzvlərinə qarşı ictimai məkanlarda vəhşicəsinə fiziki güc tətbiq edilməsi də cəmiyyətdə qorxu və vahimə yaratmağa yönəlmiş məqsədli fəaliyyət olub.
Həmin fəaliyyətin adı və ona görə nəzərdə tutlan cəzalar isə öz əksini Azərbaycan Respublikası CM-nin 214-cü maddəsində tapıb:
Maddə 214. Terrorçuluq
214.1. Terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə.
Gördüyümüz kimi, Tərtərdə törədilmiş “Əsrin Cinayəti” zamanı, həmçinin ondan əvvəl və sonra Azərbaycan Ordusuna, xalqına qarşı törədilmiş digər cinayət əməllərində terrorçuluq fəaliyyətinin aydın əlamətləri var. Eyni əlamətlər həm də xain çətənin digər dövlət strukturlarını ələ keçirmiş üzvlərinin əməllərində mövcuddur.
Amma dövlət və hakimiyyət orqanlarını ələ keçirərək xalqa, onun ordusuna qarşı terrorçuluq əməlləri törətmiş xain cinayətkarlar bu günədək ələ keçirdikləri mövqelərdə qalmaqda və hətta vəzifələrdə böyüdülməkdədir. Son ay ərzində MN-nin iki cinayətkar (terrorçu) generalı barədə yüksək vəzifəyə keçirilmək haqda təqdimat verilib.”
Daha sonra politoloq yazır:
“YAP-ın səhifəsində yayılmış bu videoda Tərtər qətliamı zamanı dövlətə xəyanətdə şərlənərək mühakimə olunmuş və sonradan bəraət alaraq azadlığa çıxmış baş leytenant Faiq Əhmədovu sorğulayan Hərbi Prokurorluğun müstəntiqi Namazov Fərid Arif oğludur.
Daha doğrusu, keçmiş müstəntiq, çünki dünən o, İlham Əliyevin sərəncamı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin olunub. Xatırladım ki, bundan əvvəl Tərtər Hərbi Məhkəməsinin cinayətkar sədri İlqar Quliyev də eyni qaydada daha bir müddətə öz vəzifəsinə təyin olunmuşdur.
Deyəsən, Xanlar Vəliyev haqlı imiş axı… Belə təcrübəli cinayətkar kimə necə mesaj vermək lazım olduğunu bilməmiş olmaz hər halda.
Şəxsən mənim Xanlar Vəliyevə sualım qalmadı daha. O, illərdir mənə lazım olan və axtardığım əsas ünvanı göstərdi artıq.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button