Prezident İlham Əliyev kimləri təltif edib?!

Onların sırasında qanun qaçağı da var, cinayətkar da, Azərbaycana dəxli olmayanlar da, “papalarının gül balaları” da…

“Bu gün Azərbaycan cəmiyyəti kimin kim olduğunu gözəl bilir. Bir dəfə mənə dedilər ki, Rəbiyyət Aslanovanın oğlu Prezident Aparatında işləyir. Rəbiyyət Aslanovanın oğlu tüfeyli, ya tərbiyəsiz deyil. Kifayət qədər savadlı, tərbiyəlidir. Mənim oğlumun istər bir neçə dildə gözəl danışması, ərəbi, ingilisi, rusu gözəl bilməsi, gözəl yazılar yazması, səlis nitqi göz qabağındadır. Hətta beynəlxalq təşkilatlar onu ekspert kimi dəvət edirlər”.

Deputat Rəbiyyət Aslanovanın “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəsindən

Prezident İlham Əliyev xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında da sərəncam imzaladı. Elm, mədəniyyət, incəsənət, jurnalistika, bədən tərbiyəsi və idman sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir sıra şəxslərə fəxri adlar verildi. “Əməkdar Elm Xadimi”, “Əməkdar İncəsənət Xadimi”, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, “Əməkdar Artist”, “Əməkdar Rəssam”, “Əməkdar Mədəniyyət İşçisi” adlarının kimlərə veriləcəyi artıq ictimai maraq kəsb etmədiyindən, hər şeydən əvvəl “Əməkdar Jurnalist” adı ilə təltif olunan Mahir Canmirzə oğlu Həmzəyevin mətbuat sahədəki fəaliyyətilə maraqlandıq. Məşhur Google-də apardığımız axtarış heç bir nəticə vermədi, “Əməkdar Jurnalist”in internet səhifəsində nə bir yazısına, nə də bir məqaləsinə rast gəldik. Hətta rəsmini belə görmək bizə nəsib olmadı. Biz də “Əməkdar Jurnalist”in qeyri-leqal fəaliyyət göstərdiyini ehtimal edib, araşdırmamızı davam etmək qərarına gəldik. Digər mükafatlar müəyyən sahələrə aid olduğundan “Tərəqqi” medalı ilə təltif olunan şəxslərin kimliyi ilə maraqlandıq. Qeyd edək ki, prezidentin sərəncamından sonra Azərbaycan mətbuatı əsasən, prezidentin qızı Leyla Əliyeva və Kəmaləddin Heydərovun oğlu Tale Heydərovu ön plana çəkdi. Arxa planda qalanlar isə nə az, nə də çox 33 nəfərdən ibarət bir qrupdur.

“Tərəqqi” medalı ilə təltif olunan Adil Toğrul oğlu Bağırov 2004-cü ildən bu günə qədər Rusiya-Amerika Neft Klubunun – Moskva beynəlxalq neft klubunun icraçı vitse-prezidenti, 1996-ci ildən Rusiya hökumətinin neft və qaz sahəsində beynəlxalq layihələr üzrə eksperti, 1998-ci ildən Rusiya baş nazirinin beynəlxalq enerji əməkdaşlığı üzrə xüsusi məsləhətçisi, BMT-nin Baş katibi yanında qlobal enerji təhlükəsizliyinə dair UNECE Forum sədr müavini, 2006-cı ildən Rusiya Nobel Fondunun prezidenti və Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin dəvətli professoru, Təbii Elmlər Akademiyasının üzvüdür. O “Rusiya və OPEK, əməkdaşlıq perspektivləri”, “Rusiya İnvestisiya Mühiti”, “Qlobal enerji təhlükəsizliyi”, “Neft və qaz xarici siyasəti” kimi əsasən neft və energetika sahəsinə aid olan 25 elmi işin müəllifidir.

Bilal Dündar Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəridir.

Ədalət Abuş oğlu Hüseynov azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin Orta Asiyada (Mərkəzi qərargahı Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhəri olmaqla) yaradılan nümayəndəliyinin rəhbəridir. O, 9 ilə yaxın Özbəkistan Respublikasında Azərbaycan Mədəniyyət Mərkəzi Assosiasiyasının sədri olub.

Əlzaman Sabir oğlu Rəhimovun ictimai fəaliyyəti ilə bağlı heç bir məlumat yoxdur. Əldə etdiyimiz faktlara əsasən, Əlzaman Rəhimov hazırda Azərbaycan Turizm Sənayesinin İnkişafı ittifaqının sədr müavini olan Sabir Rəhimovun oğludur. Qeyd edək ki, Sabir Rəhimovun özü də 2007-ci ildən Respublikanın sosial-ictimai həyatındakı xidmətlərinə görə, Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. “Görünən dağın dibi yaxın olar” misalı ilə araşdırmamızı davam etdiririk.

Haşiyə:

Sabir Rəhimovun digər xidmətləri bir yana, onun Azərbaycan Jurnalistlər Birliyinin üzvü olması da təəssüf yaradır. Ümumiyyətlə, elmi-monoqrafiya və yaxud da memuar müəlliflərinin mətbuat və jurnalistika ilə hansısa bağlantılarının olması da maraq doğurur.

Digər təltifçi Fazil Şəmistan oğlu Həsənovun da ictimai fəaliyyəti də deyəsən qeyri-leqaldır. Yəni bu haqda ümumiyyətlə, heç bir məlumat əldə etmək mümkün olmadı. Fazil Həsənovun atası Şəmistan Həsənovun isə yuxarı instansiyalar ilə yaxşı münasibətlərdə olduğu söylənilir. O, hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının kapitanıdır.

Hüseyn Sözlü isə Türkiyənin Adana şəhərinin Ceyhan qəsəbəsinin bələdiyyə başqanıdır. Hüseyn Sözlü Heydər Əliyevə sığınan məmurlardan biri kimi tanınır.

İlqar Hümbət oğlu Hacıyev haqda da məmləkətimiz demək olar ki, bir kəlmə də eşitməyib. Ancaq onun atası Hümbət Hacıyev Ə.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin baş geoloqu, geologiya-minerologiya elmləri namızədidir. Hümbət Hacıyevin ARDNŞ prezidenti Rövnəq Abdullayevlə çox isti münasibətlərinin olduğu bildirilir.

Qod Semyonoviç Nissanov Quba yəhudisidir. 1990-cı ilin əvvəllərində Qod Nissanov Moskvada biznes fəaliyyəti ilə məşğul olub, daha sonra “AST” Telman kimi tanınan Telman İsmayılovun AST şirkətində çalışıb. 1992-ci ildən həmyerlisi Zarax İliyevlə birlikdə işləyib (Zarax İliyev Moskvada yaşayan dağ yəhudiləri icması tərəfdarları ilə birlikdə “Elektron Paradise” mebel mərkəzi, “Grand” supermarketi və Kaşşir şossesindəki “Moskva” avtomobil hipermarketinin bir hissəsınin sahibidir). Qod Semyonoviç Nissanov beş ildən çox almaz emalı ilə məşğul olan “Diamond Cutters” şirkətində çalışıb. 2005-ci ildə Qod Nissanova və Zarax İliyevə məxsus “Biskvit” şirkəti Moskva hökumətinin keçirdiyi hərracda “Ukrayna” mehmanxanasını alıb. Kiyev vağzalının yanında açdığı  «Evropeyskiy” ticarət kompleksinin sahibi olub. 2007-ci ildə Azərbaycan xalqını “8 milyonluq qoyunu olan dövlət” adlandıraraq təhqir edən Bladimir Jirinovskinin rəhbərlik etdiyi Rusiya LDP-nin Dövlət Dumasına təqdim etdiyi siyahı əsasında millət vəkili vəzifəsinə iddia edib.

Nüsrət Musa oğlu Məmmədov şəkilidir, hazırda Qırğızıstanda yaşayır. Azərbaycan–Qırğızıstan ədəbi əlaqələrində göstərdiyi xidmətlərə görə Çingiz Aytmatov adına Akademiyanın həqiqi üzvü seçilib. Mərkəzi Bişkekdə yerləşən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun rəhbəridir.

Samir Adil oğlu İmanovun özü haqda bir məlumat yoxdur. Atası Adil İmanov geologiya-mineralogiya elmləri doktorudur.

Samirə Telman qızı Patzer-İsmailova Almaniyada Azərbaycanlıların Koordinasiyası Mərkəzinin icraçı direktorudur. Almaniyadakı fəaliyyəti ilə bağlı kifayət qədər məlumat var.

Vüqar Şahmar oğlu Novruzov “Azmol Kompany” şirkətinin baş direktorudur. Moldova Azərbaycanlıları Konqresinin sədridir. Moldova prezidenti tərəfindən “Gloria Muncii” ordeni ilə təltif olunub.

Yusif Həsən oğlu Cəfərov Ümumrusiya Azərbaycan Konqresinin Buryatiya Respublikasındakı sədridir.

Türk mügənnisi və bəstəkarı Ahmet Şafakın isə bu cür mükafata layiq görülməsinin səbəbi kimi onun türkçülük fəaliyyəti deyil, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın “Qaragilə” mahnısını ifa etməsi göstərilir. Bu münasıbətlə Bakıda H.Əliyev adına Sarayda keçirilən konsertlərin də məhz Sona Vəliyeva və Əli Həsənov tərəfindən təşkil edildiyi söylənilir. “Qaragilə” mahnısının sözlərini isə Sona Vəliyeva bir başqasına yox, həyat yoldaşı Əli Həsənova həsr edib.

Nəhayət, İslam Rövşən oğlu Hüseynov kimdir? Bir neçə il əvvəl “Təzadlar” qəzetinin verdiyi məlumata əsasən, o, Gəncə qiyamı zamanı çoxsaylı cinayət əməlləri törədən şəxsdir. Goranboy rayonunun Xoylu kənd sakini Vasif Samit oğlu Mərdanovun dövlət başçısına ünvanlanmış müraciətində deyilir ki, onun atası Rusiyanın Ulyanovsk şəhərindəki Azərbaycan Diasporası sədrinin sifarişi ilə günahsız həbsə saldırılıb: “5 fevral 2010-cu il tarixdən bu günə qədər atamız onun sifarişi ilə həbsdə yatır. İ.Hüseynov Azərbaycan bayrağı altında insanların var-yoxunu əlindən alıb, şəhərdən qovur, həmyerlilərimizə zülm edir. İ.Hüseynov 1994-cu ildə Gəncə şəhərində də ağır qətl hadisəsi törədərək həmyerlisi, Gəncə şəhər sakini Hüseynov Həmzə Rza oğluna qəsdən ağır xəsarət yetirərək, onu əli-qolu bağlı halda, diri-diri Samux rayonu ərazisində benzin töküb yandırmışdır. Gəncə şəhər Prokurorluğu tərəfindən adam öldürmə maddəsi ilə onun barəsində 28.09.1994-cü il tarixdə 63175 saylı cinayət işi başlanmışdır. O isə törətdiyi əməldən yaxa qurtarmaq üçün Azərbaycanı tərk edərək, Rusiya Federasiyasının Ulyanovsk şəhərində qaçıb gizlənmişdir. 07.10.1994-cu il tarixdə onun barəsində axtarış elan edilmiş, lakin ardınca gedənlər əliboş qayıtmışdılar.”

Leyla İlham qızı Əliyeva Azərbaycan prezidentinin qızıdır. O, İsveçrədəBöyük Britaniyada təhsil alıb, hazırda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda magistr təhsilini davam etdirir. Heydər Əliyev Fondunun Rusiya təmsilçisi, MDBMİ-nin Azərbaycan klubunun prezidenti, Rusiyada nəşr olunan “Baku” jurnalının baş redaktoru, Rusiya-Azərbaycan Gəncləri Birliyinin sədridir. Qayınatası Araz Ağalarov Rusiyanın məşhur milyonçularından biridir.

Tale Kəmaləddin oğlu Heydərov Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə, “Tərəqqi” medalı ilə təltif olunsa da, mətbuat onun daha çox biznes fəaliyyətini önə çəkir. Azərbaycan qanunları dövlət məmuruna başqa bir bizneslə məşğul olmağı qadağan etdiyindən, Fövqəlnazir Kəmaləddin Heydərov bu vəzifəni oğluna həvalə edib. Çünki ən azı dövlət məmurunun maaşı ilə holdinq yaratmaq mümkün deyil. «United Enterprises International» şirkətlər qrupunun bu yaxınlarda yaratdığı internet səhifəsində həmin holdinq və ona aid olan şirkətlər barədə məlumat verilib. Səhifədə Tale Heydərov holdinqin İdarə Heyətinin sədri kimi göstərilib. Uzun illər mediada Azərbaycanda Xəzər kürüsünün ixracının vaxtilə Gömrük xidmətinə rəhbərlik edən Kəmaləddin Heydərovun nəzarəti altında olması haqda iddialar səslənirdi. Söhbət «Caspian Sea Caviar» şirkətindən gedir. Onun direktoru olan Şahin Neməti elə «United Enterprises International»ın da direktorudur. Bu şirkətin internet saytında on-line kürü mağazasında ağbalıq kürüsünün 1.8 kiloqramı 13770 avroya satılır. Bundan əlavə, şirkətin Almaniyanın Düsseldorf şəhərində kürü satışını həyata keçirən butiki var. Tale Heydərovun «United Enterprises International» şirkəti həm də «Gilan Holdinq»in beynəlxalq distribütorudur. «United Enterprises International»a daxil olan digər şirkətlər əsasən Böyük Britaniyada fəaliyyətlə məşğuldur. Bunlar «Azerbaijan Carpets» – (Azərbaycan xalçaları), «Turquoise Media Company» – (Turkuaz Media Kompaniyası), «Alten Group» turizm şirkəti, Azərbaycan restoranları və başqa səhmdar cəmiyyətləridir – diaspora fəaliyyəti üçün əla zəmindir.
Tale Heydərovun biznes fəaliyyətinin siyahısını metrələrlə uzatmaq olar. «Gilan Holdinq»in törəmə şirkətlərini rəsmi şəkildə məhz Tale Heydərov təmsil edir. Bu holdinqin tərkibinə daxil olan şirkətlər bunlardır:
– Tikinti materiallarının istehsalı zavodları – «Gilan İnşaat»;
– Şərab istehsal edən AGRO-AZERINVEST,
– Qəbələ Konserv Zavodu,
– Qəbələ Fındıq Emalı Zavodu,
– «Jalə» suları,
– Qəbələ Süd Emalı Zavodu,
– spirtli içkilər zavodu,
– dəri emalı zavodu,
– tikiş fabrikləri,
– dəyirmanlar,
– «Qəbələ» və «Gilan» hotelləri,
– «İpək yolu» və «Dəniz» restoranları və s.
Bununla da iş bitmir. Gilan MMC (Gilan Holdinq) həmçinin AFBankın səhmlərinin 98 faizinə malikdir. Həmin bankın nizamnamə kapitalı 10 milyon manatdır.

Prezidentin digər təltifçıləri Akif Ənvər oğlu Ağatalıbov, Hüseynbala Yəhya oğlu Hüseynov, İqbal Vahid oğlu Hacıyev, İlhan Aküzüm, Quram Rajdenoviç Marxuliya, Məzahir Əbülfəz oğlu Həsənov, Mirkazım Heydər oğlu Seyidov,
Murad Ənvər oğlu Ömərov, Niyazi Oqtay oğlu Hacıyev, Sahil Məmmədyar oğlu Qasımov, Sinan Oğan, Roman Səyyaf oğlu Əliyev, Settar Sayın Sevigin, Turqut Arat, Vidadi Koroğlu oğlu Salahov, Seyran Hacı oğlu Rəhimovla bağlı isə Azərbaycan ictimaiyyəti tam məlumatsızdır. Ümidvarıq ki, hakimiyyət qəzetləri prezident bu cür sərəncamları haqda ictimaiyyətə ətraflı məlumatlar verəcəklər. Onların vəzifəsi də zatən budur.

XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 026 (434), 10-16 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button