Prezident İlham Əliyevin çıxışı zamanı aksiyalar keçirilib

ilham aliyev 24062014 strasburq aksiya24.06.2014 

İyunun 24-də prezident İlham Əliyev, Fransanın Strasburq şəhərində, Avropa Şurası Parlament Assambleyasının iclasında çıxış edən zaman “Sərhədsiz reportyorlar” beynəlxalq jurnalist təşkilatı binanın qarşısında, Avropada yaşayan azərbaycanlılar isə sessiya zalında aksiya keçiriblər. Ağızlarını bağlayan aksiya iştirakçıları Azərbaycandakı siyasi məhbusların şəkli həkk olunmuş köynəklər geyiblər.

İlham Əliyev aksiyaçıları görərkən deyib ki, bu adamlarda günah yoxdur, çünki gəncdirlər və 1992-1993-cü illərdə Azərbaycanda baş verənlərdən xəbərsizdirlər. Prezident AXC hakimiyyətini nəzərdə tutaraq Azərbaycan torpaqlarının işğalında həmin dövrün səlahiyyət sahiblərini günahkar saydığını vurğulayıb.

“Azadlıq” radiosunun məlumatına görə, Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları iyunun 24-də sessiya zamanı yerli və beynəlxalq təşkilatlara vahid siyasi məhbus siyahısı təqdim ediblər. Azərbaycan İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov deyib ki, sənədi Azərbaycanda insan hüquqlarının müdafiəsi və xüsusilə siyasi motivlərlə həbs edilən şəxslərin işləri üzrə araşdırma və ictimai vəkillik kampaniyası aparan 11 təşkilat dəstəkləyir. Siyahıda 81 nəfərin məhbusun adı var.

Çıxışında İlham Əliyev deyib ki, vacib məsələlər üzrə beynəlxalq qurumların qətnamələrinin həyata keçirilməsinin mexanizmləri yaradılmalıdır, ərazi münaqişələrinə fərqli yanaşmalardan imtina etmək lazımdır.

Azərbaycan prezidenti qeyd edib ki, ölkə Avropa Şurası qarşısında öhdəliklərini həyata keçirir: “60-a yaxın konvensiyaya qoşulmuşuq, qanunvericiliyimizi yeniləmişik. Hazırda apardığımız islahatlar bizim cəmiyyətdə çox müsbət ab-hava yaradır. Fundamental azadlıqlar məsələsinə gəldikdə, Azərbaycanda bunların hamısına riayət olunur. Sərbəst siyasi fəaliyyətlə məşğul olmaq, siyasi azadlıqlar mövcuddur. Bizim ölkədə yüzlərlə siyasi institut, siyasi partiya fəaliyyət göstərir. KİV tam azaddır və Azərbaycanda çoxlu qəzet və jurnal çap olunur, ölkədə çoxlu sayda televiziya kanalı, eləcə də regional kanallar fəaliyyət göstərir.

Ölkəmizdə internet tam azaddır və əhalinin 70 faizindən çoxu internetdən istifadə edir. Azad internetin olduğu, senzuranın olmadığı şəraitdə biz heç cür söz və ifadə azadlığını məhdudlaşdıra bilmərik. Əksinə, KİV-in azadlığını daha da genişləndiririk. Çünki mətbuatın azad olması demokratiya deməkdir. Mətbuat azadlığı tam şəkildə təmin olunub.

Sərbəst toplaşmaq azadlığı da tam təmin olunub. Bütün bunlar bizim islahatlara nə dərəcədə sadiq olduğumuzun bariz nümunəsidir. Bizim üçün islahatların aparılması prioritet təşkil edən məsələlərdəndir. Biz bunu ona görə etmirik ki, üzərimizə düşən öhdəlikləri yerinə yetirək, yaxud beynəlxalq təşkilatlardan müsbət qiymətlər alaq, biz ölkəmizi müasirləşdirmək fikrindəyik və işlərimizi bu istiqamətdə aparırıq.

Mən bunu həmişə demişəm, indi də deyirəm ki, güclü demokratik təsisatlar olmadan bizim iqtisadi uğurlarımız möhkəm ola bilməz. Məhz buna görə bizdə demokratik islahatlarla iqtisadi islahatlar paralel aparılır və ümumilikdə cəmiyyətimizdə müsbət ab-hava yaranıb. Bizim ölkədə din və etiqad azadlığı da mövcuddur, bu, əsas uğurlarımızdan biridir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button