Prezidentin Qarabağ modeli – necə olsun!

Mirmahmud Mirəlioğlu: «Torpaqlarımızı hansı yolla itirmişiksə, o yolla da geri qaytarmalıyıq!»

İqbal Ağazadə: «Ana muxtariyyət modeli bu münaqişənin həlli üçün ən uğurlu modeldir»

 

 

Elxan Şahinoğlu: «İlham Əliyev bir neçə dəfə bu barədə danışıb…»

 

 

 

Prezident İlham Əliyev Gülüstan sarayında Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı çıxışı zamanı “Avropdada tətbiq edilən uğurlu muxtariyyət nümunələri Avropada da tətbiq edilə bilər” fikrini səsləndirib. Prezidentin bu çıxışı siyasət meydanında müzakirələrə səbəb olub. Məsələ ilə bağlı bir sıra siyasətçilərlə söhbətləşdik. Onlardan İlham Əliyevin Avropa muxtariyyəti ilə bağlı olaraq dediklərinə münasibət öyrəndik.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bizimlə söhbətində bildirdi ki, Qarabağ mövzusunda bu cür münasibət yolverilməzdir. «Prezidentin nə deməyindən asılı olmayaraq, ümumi fikir belə olmalıdır, biz torpaqlarımızı azad etməli və bu torpaqlarda yaşayan vətəndaşlarımızın hüquqlarını təmin etməliyik. Nə qədər ki, biz erməninin, fransızın nazı ilə oynayacağıq, bu məsələni Sarkozinin gəlişinə və gedişinə bağlayacağıq, o zaman biz heç vaxt torpaqlarımızı azad edə bilməyəcəyik. Düşünürəm ki, torpaqlarımızı hansı yolla itirmişiksə, o yolla da geri qaytarmalıyıq. Bu da bilirsiniz ki, yalnız müharibə yoludur. Hal-hazırda yürüdülən siyasətlə heç cür barışmıram və düşünürəm ki, bu münaqişənin konservləşdirilməsinə xidmət edir. Nəinki torpaqların azadlığına” deyə həmsöhbətimiz bildirdi.

Ümid Partiyasının sədri İqbal Ağazadə prezidentin çıxışını şərh edərək məsələyə bu aspektdən yanaşılarsa Azərbaycan üçün ən uyğun model ana muxtariyyət modeli olduğunu bildirdi. «Ana muxtariyyət modeli bu münaqişənin həlli üçün ən uğurlu modeldir. Hesab edirəm ki, digər modellər Azərbaycan-Ermənistan problemi üçün qeyri-ciddi modellərdir. Tutaq ki, Böyük Britaniya krallığında krallıq tərkibində olan dövlətlərin müstəqli şəkildə iştirakı var. Və yaxud da biz macarlarla rumınlar arasında faktiki olaraq mövcud olan muxtariyyat modelindən də istifadə edə bilərik. Məncə dövlət başçısının belə bir bəyanat verməsi normaldır. Bu bəyanat ən azından Avropa xalqlarını barışığa səsləyir. Ermənistan bəyənatları ilə özünü daha çox barış tərəfdarı kimi və xalqların öz müqəddəratını həll etməli olduqlarına inanan bir tərəf kimi göstərir. Ona görə də Azərbaycanın bu cür bəyanatla çıxış etməsi ölkə haqqında yeni fikir formalaşdırır. Amma hesab etmirəm ki, bu cür çıxışlar ya da ki, Avropanın mövqeyi nəyisə dəyişə bilər» deyə həmsöhbətimiz bildirdi.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu bizimlə söhbətində dedi ki, dövlət başçısı belə bir ideya ilə bir neçə dəfə çıxış edib:

Dövlət başçısı bu fikri bir neçə dəfə təkrarlayıb. İlham Əliyev bu ilin iyun ayında “Euronews” televiziya kanalına müsahibəsində də eyni sözləri demişdi. Sual verən jurnalist konkret cavab istədikdə, İlham Əliyev misal olaraq Cənubi Tirol modelinin adını çəkmişdi. Azərbaycan rəsmiləri müxtəlif vaxtlarda Cənubi Tirolla yanaşı, Aland adaları, Triest, Tatarıstan və digər modellərin də adlarını çəkiblər. Konkret Cənubi Tirol modelinə müraciət etsək, söhbət İtaliya ərazisində alman dilli avstriyalılara verilən muxtariyyət statusundan gedir.

Cənubi Tirolun statusu haqqında danışan həmsöhbətimiz dedi ki, Cənubi Tirolda həm alman dillilərin, həm də italyan dillilərin hüquqları qorunur. «Cənubi Tirolun geniş qanunverici və idarəetmə hüquqları var, xalq və kənd təsərrüfatı, turizm, dağ sənayesi, sosial və təhsil sahələrində qanunlar çıxarılaraq həyata keçirilir. Digər muxtariyyətlərdə olduğu kimi, xarici siyasət və müdafiə məsələləri mərkəzin tabeliyindədir. Əyalətdə yığılan verginin təxminən 90 faizi orada qalır, ayrıca İtaliyanın dövlət büdcəsindən də ayırmalar edilir. Başqa sözlə, Cənubi Tirol gəlirlərini istədiyi şəkildə idarə edir. Status anlaşmasına görə, Cənubi Tirolda qəbul olunan hər hansı qanun İtaliya qanunu ilə ziddiyyət təşkil edərsə, məsələ Konstitusiya Məhkəməsində həll olunur. Cənubi Tirolda iki xalq arasında qarşıdurma yaranmasın deyə, vəzifələrin böyük əksəriyyəti rotasiya prinsipi ilə müəyyənləşir, yəni hər hansı vəzifəyə bir müddət alman dilli, o biri müddət italyan dilli rəhbərlik edir. Parlament və komitələrdə həyata keçirilən səsvermədə də etnik amilə diqqət yetirilir ki, hər hansı qanunun qəbulunda iki xalqın mənafeləri diqqətə alınsın» deyə Elxan Şahinoğlu əlavə etdi.

 XuralTAC

 

“Xural” qəzeti,

il 9, sayı: 042 (450), 25 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button