Mobil telefonu, atı və velosipedi olmayan dahi poçtalyon

«Daha dözə bilmirəm, pensiyaya çıxmağıma 6 ay qalıb»

Poçtalyon Vahid: «Bakı şəhəri üzrə bir neçə küçə eyni adda gedir – məsələn, Ağa Nemətullah küçəsi həm Montində var, həm Rəsulzadə qəsəbəsində var, həm Vorovskidə»…

Çoxdandı maraqlı bir peşə sahibi axtarırdım. Uzun illər idi ki, belə yazı yazmırdım. Bu poçtalyonu hər gün Montində görürəm. Onun əyilmiş qaməti, amma həyat dolu gözləri var. İllərdir ki, onun çox quru və soyuq səslə «sizə məktub var» deməsi mənim diqqətimi çəkirdi. Nəhayət, bir neçə gün əvvəl yenə də redaksiyamıza gəldi. «Gəl səninlə bir söhbət edim, qəzetə yazacam» dedim. Gözləyirdim ki, ya sərt olaraq etiraz edər, ya da çox sevinər. Amma heç bir reaksiya vermədən sakitcə gəlib masanın arxasına keçdi və «edək də» dedi. Həmsöhbətimin nə qədər soyuqqanlı, nə qədər emosiyasız olduğunu bilir və suallarımıza asanlıqla cavab verməyəcəyini hiss edirdik. Çox böyük həyat təcrübəsi olan bir adamdır, amma «təhsilim yoxdu deyə az danışıram» deyir. Beləliklə, onunla sovet rəsmiyyəti ilə başlayan bir giriş dialoq qurdum. Onun köhnə nomenklatura adamı olduğunu dəqiq hiss etmişdim:

– Özünüzü təqdim edin.

– Ələkbərov Vahid İman oğlu.

– Harada anadan olmusunuz?

– Qax rayonunda.

– Bakıya nə vaxt gəlmisiniz?

– 1957-ci ilə kimi Şuşada yaşamışıq, 57-ci ildən Bakıda yaşayırıq.

– Təhsiliniz nədir?

– Orta təhsilliyəm.

– Nə vaxtdan poçtalyon işləyirsiniz?

– 1974-cü ildən bəri poçtalyon işləyirəm.

– İlk iş yeriniz hara olub?

– İlk dəfə dəmiryolunda işləmişəm.

– Sənətiniz necə sənətdir?

– Ümumiyyətlə, poçtalyonluq sənət deyil, peşədir. Amma bu peşəni kimi yaxşı icra edir, kimi isə bu sənətini yaxşı icra edə bilmir. Cavanlar bu peşəni istəmirlər.

– Məktub apardığınız vaxtlarda ən yadda qalan hadisələrdən birini danışa bilərsinizmi?

– Sovet dövründə oğlu Rusiyada xidmət edən ailə bir müddət oğlundan məktub ala bilməyib və mən ailəyə məktub aparanda ailə çox sevinib. Yaxud da teleqram aparmışam ki, Rusiyada kiminsə nəvəsi olub və ya kiminsə toyudur. Belə şad və ya bəd xəbərlər çox aparmışam.

– İşinizi icra edərkən təzyiqə məruz qalmısınızmı?

– Çox.

– Birini danışa bilərsinizmi?

– Məhkəmə məktubları başqa şöbədən göndərilir və məktub 3-4 gün gecikir. Elə məktub olub ki, bu gün məhkəmədir və bu gün də gəlir. Mənim zərfin içinə baxmağa ixtiyarım yoxdur. Vətəndaşa apardıqda açıb baxır və mənə hirslənir. Belə hadisələr çox olur. Məsələn, məktub göndərilib ayın 14-də və biz 16-da almışıq.

– Məktubun gecikməyi kimin günahıdır?

– Əsasən, poçt otağının.

– Sizin günahınız deyil?

– Xeyr.

– Sovet vaxtı məktub çox olurdu, yoxsa indi?

– Sovet vaxtı.

– O vaxt bir gündə neçə məktub paylayırdınız?

– Vətəndaşlara elə vaxt olurdu 50, elə vaxt olurdu daha da çox məktub paylayırdım. İndi isə əsasən idarələrə məktub aparıram.

– İndi gün ərzində nə qədər məktub paylayırsınız?

– İndi 5-6 məktub olur, o da əsasən məhkəmə və vergi sənədləri olur.

– Bilirsinizmi elektron məktub və internet nədir?

– Elektron məktubda vətəndaş öz aralarında… (Davamını gətirə bilmir…)

– Mobil telefon işlədirsinizmi?

– Xeyr.

– Niyə?

– Xoşum gəlmir.

– Axı rabitə işçisisiniz, həm də zaman dəyişib.

– Mən evimdə də telefon işlətmirəm. Hər yerdə telefon var. Harada lazım olsa telefonlaşa bilərəm.

– Bəs təcili olanda sizi tapmaq üçün, sizdən xəbər almaq üçün nə etmək lazım olur?

– Hər yerdə kompüter sistemidi. Hamının ünvan və telefonu var. Zəng edirik. Amma indi insanları səhərlər evdə tapa bilmirik. Çox adam işdə olur.

– Sizin əvəzinizə kompüter işlərini başqa adam görür?

– Yox, özüm işləyirəm.

– Siz kompüteri bilirsinizmi?

– Bizdə kompüterə cavabdeh şəxs var. Bir nəfərdi və biz də onun yanında durub istifadə edirik.

– Sovet dönəmində məktub apardığınız ən məşhur adamlardan kimlər yadınızda qalıb?

– Ömər, …burada yaşayırdı, Bəsti Bağırova, Yaşar Nuri kimi cürbəcür məşhurlar. İndi hərə bir yana dağılıb.

– Yaşar Nuriyə çox məktub aparmısınız?

– Bəli. Yaşar Nuri mənim uşaqlıq yoldaşım olub. Bir yerdə böyümüşük.

– Yəqin pərəstişkarlarından məktublar gəlib.

– (Başı ilə təsdiqləyir və bir qədər fikrə gedir…) Bizdə belədi, əsasən məktubu vətəndaşların özlərinə şəxsən verməliyik. Amma bəzən olur ki, idarələrdə və yaxud bu kimi başqa yerlərdə məktubu katibəyə və ya məsul bir şəxsə veririk.

– Xeyli yaşlaşmısınız. Ayaqla məktubu paylamağı çatdıra bilirsiniz?

– Çatdırıram.

– Sovet dövründə heç velosipediniz olub?

– Bizə velosiped düşmür.

– Bəs velosiped kimlərə verilir?

– Velosiped qəsəbələrdə fəaliyyət göstərən poçtalyonlara verilib. Hətta bəzi kənd yerlərində poçtalyonların atları olurdu və dövlət o atlar üçün yempulu da verirdi.

– Elə olubmu ki, hansısa bir evə vəya həyətə girmisiniz və orada maraqlı bir hadisənin şahidi olmusunuz?

– Olub. Kampaniyalar olub, toy olub, şadlıq olub, yas olub.

– Adətən dünyada belə bir ənənə var ki, poçtalyon məktubu gətirəndə ona xırda pullar verirlər…

– Şirinlik.

– Olubmu sizdə elə şeylər?

– Hərdən olub.

– İndiki nazirlərdən kimləri tanıyırsınız?

– Əşi, nazirlər çoxdur.

– 40 ildir poçtalyon olaraq işləyirsiniz. Bu illər ərzində istər Sovet dövründə olsun, istər indi, hansısa bir nazirə şəxsən məktub aparmısınız?

– Bizim sahədə nazirlik yerləşmir. Hər nazirliyin öz sahəsi var.

– Bəs Mərkəzi Komitəyə-filan məktub aparmamısınız?

– Mərkəzi Komitəyə Dəmiryolunda işləyəndə məktub aparmışam.

– Sovet vaxtı poçtalyonlar ev ilə təmin olunurdu. Sizə ev verilməyib?

– Yox. SSRİ vaxtında 5 dənə Sosialist Əməyi qəhrəmanı poçtalyon vardı. Onlardan biri də bizim Həcər xanım idi. Həcər İsabalayeva.

– Hələ də işləyirmi?

– Bəli. 9-cu şöbədə işləyir.

– Həcər xanımın neçə yaşı olar?

– 70-ə yaxın yaşı olar.

– O, hələ də məktub paylayır?

– Briqadirdir. Artıq məktub paylaya bilmir.

– Poçtalyonlara Sovet dönəmində bu titulları niyə verirdilər?

– İşləyirdik. Bizim üçün havanın yağışlı, qarlı, isti, soyuqluğunun fərqi yoxdur. Kilometrlərlə yol gedib vətəndaşlara xidmət edirik.

– Şəhərdə küçələrin adları dəyişəndə sizə çətin olmadı ki?

– Oldu. Rəhmətlik Bəxtiyar Vahabzadə Milli Məclisdə millət vəkili idi. Ayda iki dəfə televizorda çıxış edirdi ki, filan küçələrin adı dəyişildi. Ondan sonra Bakı şəhər İcra hakimiyyətinin “Bakı” qəzeti var idi. Orada dərc olunurdu ki, hansı küçənin adı dəyişdi. İndi isə küçənin adı dəyişir və bizim xəbərimiz olmur. 1-2 aydan sonra bilirik ki, filan küçənin adı dəyişib. Və bir Bakı şəhəri üzrə bir neçə küçə eyni adda gedir. Məsələn, Ağa Nemətullah küçəsi həm Montində var, həm Rəsulzadə qəsəbəsində var, həm Vorovskidə.

– O, niyə elə olur ki?

– İndi olub da Bakı şəhər İcra hakimiyyəti verib bu adları. Bakıda “Əliyevlər” küçəsi də çoxdu. Məsələn, Mirzağa Əliyev, Həsən Əliyev, Natiq Əliyev və s. Hər yerə, hər rayona verirlər bu adları. İndi o adların hansı rayonlarda olduğunu bilmirik. Sovet vaxtında 21 küçənin adı “Qara şəhər” idi. İndi o adların hamısı dəyişdi və biz bilmirik ki, hansı küçənin adı nədi. İndiki Yusif Səfərov küçəsinin adı bir neçə il ərzində 3-4 dəfə dəyişib.  

– Maraqlıdır. Nə qədər maaş alırsınız?

– 143 manat.

– Necə dolanırsınız?

– Yavaş-yavaş.

– Eviniz var?

– Var. Vəziyyətim yaxşıdı.

– Ola bilər mən poçtalyon sənəti ilə bağlı nələrisə bilmirəm. Siz öz sənətinizlə bağlı nə deyə bilərdiniz?

– Əsasən, poçtların nömrələrini vermək istəyərdim.

– Bu nömrələr nəyə görə lazım olur?

– Məktubun doğru ünvana tez çatdırılması üçün bu vacibdir. Vətəndaşlar isə o nömrələri bilməyəndə məcburdular poçtlara müraciət etsinlər. Orada da cavan kadrlar olur və dəqiq bilməyəndə səhvlər ola bilir. Misal üçün Bakının Maştağa qəsəbəsinə 39–cu poçt xidmət edir. Montində 3 dənə poçt var 52, 33 və 45. Sizin məktubların gecikməsinin səbəbi məktubun arxasında indeksin yazılmamasıdır.

– Deməli, redaksiyalara məktub aparanda hökmən indeks yazılmalıdır?

– Hökmən. “Azərbaycan” və s. qəzetlər dövlət qəzeti olduğu üçün onlarda indeks var. Məsələn, müxalifət qəzetlərində bu yoxdur. Yaxşı olardı ki, siz də yerləşdiyiniz ərazi üzrə indeksinizi yazasınız. Onda biz müxalifət qəzetlərinə də asanlıqa və vaxtında çatdıra bilək.

– Sovet dövründə təltif olunmusunuzmu?

– Sosialist əməyi… 1978-ci ildə.

– Müstəqillikdən sonra ad almısınızmı?

– Bəli, iki dəfə Fəxri fərman veriblər. Bir də Respublikanın Əməkdar Rabitə Ustası.

9 oktyabr Beynəlxalq Poçt işçiləri günüdür. May ayının 8-i isə Beynəlxalq rabitə işçiləri günüdür.

– Nə gözəl… Pensiyaya çıxmaq istəyirsiniz?

– Pensiyanın işi hələ uzundur. Ona görə 6 aydan sonra qocalığa görə çıxmalıyam pensiyaya. İndi xəstəliyə görə pensiya alıram, ikinci qrup əliləm ona görə. Onu da iyun ayından artımla verdilər – 58 manat. Amma avqustu çıxdılar. İndi sənədləri vermişəm görək bu ay çıxa biləcəm, yoxsa yox.

O, sakitcə «yaxşı, sizi işinizdən ayırmayım» deyib astaca ayağa qalxaraq uzaqlaşır.

 Razi Abasbəyli

“Xural” qəzeti,

il 9, sayı: 042 (450), 25 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button