Prokuror gənclərə ağlasığmaz cəza istədi

Polis məhkəmə zalında təxribata cəhd etdi

 Dünən Nəsimi rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə İctimai Palatanın aprelin 2-də keçirdiyi aksiya ilə əlaqədar ittiham olunan Ülvü Quliyev, Elnur Məcidli, Rüfət Hacıbəyli və Əhəd Məmmədlinin məhkəməsi davam etdirildi.

Proses başlamamışdan əvvəl məhkəmə zalında gənc fəalların yaxınları, əqidə yoldaşları ilə zalda olan iki nəfər arasında gərginlik yaşandı. İddia edildi ki, həmin şəxslər polisdən gələn əməliyyatçılardır və burada təqib üçün əyləşiblər. Hər iki şəxsin zaldan çıxması tələb edilsə də, onlar zalı tərk etmədilər. Hakim zala gəldikdən sonra hər iki polis əməliyyatçısının zaldan çıxarılması tələb edildi. Hakim hər iki şəxsə müraciət edərək, prosesdə gərginlik yaratmamaları üçün zalı tərk etmələri barədə əmr verdi. Bundan sonra hər iki polis əməliyyatçısı zalı tərk etdi.

 Prokuror 4 gəncə üst-üstə 14 il cəza istədi

 Hakim məhkəmə iclasını açıq elan edərək ittiham nitqi ilə çıxış etməsi üçün dövlət ittihamçısı Aydın Əliyevə söz verdi. Dövlət ittihamçısı Ü.Quliyevin və Ə.Məmmədlinin 4 il 6 ay, E.Məcidli və R.Hacıbəylinin isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini hakimdən xahiş etdi. Bundan əlavə, dövlət ittihamçısı cinayət işində mülki iddianın da olduğunu diqqət çəkərək həmin iddialarını da təmin edilməsini istədi. Prosesdə çıxış edən zərərçəkmiş polislər ədalətli hökmün çıxarılmasını, mülki iddiaçılar isə dəymiş ziyanların müştərək olaraq təqsirləndirilən şəxslərdən tutulmalarını xahiş etdilər.

 “Zalda oturan anaların günahsız övladlarına cəza istənilir”

 Daha sonra prosesdə Ü.Quliyevin vəkili Osman Kazımov müdafiə çıxışı etdi. O bildirdi ki, dövlət ittihamçısının belə çıxış etməsindən təəssüf hissi keçirir. A.Əliyevin müstəntiq işlədiyi dövrdə ədalətli bir insan olduğunu bildirən vəkil qeyd etdi ki, iki günahsız insanın tutulması ilə bağlı qərarı ləğv edib. A.Əliyevi ədalətli müstəntiq kimi yaddaşlarda qaldığını deyən O.Kazımov əlavə etdi ki, burada dövlət ittihamçısı kimi çıxış edərkən ədalətsizliyə yol verdi. Vəkil dövlət ittihamçısı cəza istəyərkən Cinayət Məcəlləsinin yuxarı həddində təqsirləndirilən şəxslərin cəzalandırılmasını istədiyini vurguladı. Həmin maddənin sanksiyası ilə 2 il 6 ay cəzanın istəlməsinə etiraz etdiyini bildirən vəkil dövlət ittihamçısını vəzifə səlahiyyətlərini aşmaqda günühlandırdı: “Prokurorluq məhkəməyə təsir göstərir. Prokuror cəzanın ən yüksək həddinində təqsirləndirilən şəxslərin cəzalandırılmasını istədi. Lakin prokuror belə bir cəza tələb edə bilməz, mühakimə olunan şəxslərin cəza almalarını xahiş edə bilər. Cəzanın ən yüksək həddini tələb etmək vəzifə səalhiyyətlərini aşmaq deməkdir. Burada mühakimə olunanlara qarşı hər hansı bir cinayət sübuta yetirilməyib. Bu zalda bizim ana-bacılarmız, qadınlar əyləşib. Qadın kimdir? Kişini qoruyan şəxs. Bu gün bu zalda oturan anaların günahsız övladlarına cəza istənilir. Bu cəzanı istəməklə həmin analara qəsd edilir”.

 “İlham Əliyev də, Zakir Qaralov da əbədi deyil

 Vəkil çıxışında həmçinin bildirdi ki, müvəkkili Ü.Quliyevə qarşı irəli sürülən ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilmədi. Onun sözlərinə görə, şahid ifadələri ilə kimisə ittiham etmək qanuna uyğun deyil. İstintaq orqanının ortaya tutarlı fakt qoya bilmədiyini söyləyən O.Kazımov qeyd etdi ki, həm ibtidai istintaqda, həm də məhkəmə istintaqı zamanı çoxlu sayda qanunsuzluqlarla üzləşiblər: “Bu gün prokuror bilirdi hansı cəzanı istəyəcəkdi, hakim də hansı hökmü çıxaracağını yaxşı bilir. Bu ittihamda əsas sübut təqsirləndirilən şəxslərin “Azadlıq”, “İstefa” qışqırmalarıdır. Bu, hansı cinayəti ifadə edir? Demək olar ki, heç bir cinayəti ifadə etmir. Bu yalnız fikirdir. Mitinq zamanı polislər əsas bu iki şüarı səsləndirənlərin üstünə hücum çəkirdi. Bu sözlərdən qorxmaq lazım deyil”.

Vəkil daha sonra bildirdi ki, ittiham aktında bir çox qüsurlar var. Onun sözlərinə görə, cinayət işinin dərhal başlanması barədə qərarın özü qüsurludur. Araşdırma aparılmadan cinayət işinin dərhal başlanılmasına qanun yol vermir. Aksiyadan əvvəl 30 nəfərdən ibarət istintaq qrupunun yaradılmasına toxunan vəkil qeyd etdi ki, Bakı şəhər prokurorluğu aksiyadan sonra kütləvi həbslərin baş verəcəyini bilirmiş. Bundan əlavə, Bakının ayrı-ayrı rayonlarındakı polis idarələrində, polis bölmələrində əməliyyatçılardan ibarət qrup yaradılıb: “Həmin qrupun üzvləri də Bakının ayrı-ayrı rayonlarında aktiv müxalifət fəallarını müəyyən edib, tutmaq vəzifələri verilib”.

Ü.Quliyevin günahsız yerə mühakimə olunduğunu bildirən O.Kazımov bildirdi ki, istintaqın gəldiyi nəticə polislərin qərəzli ifadələri ilə uydurulmuş ittihamdır. Prosesə sədrlik edən hakimin qərəzli olmasına toxunan vəkil bildirdi ki, hakim məhkəmə iclaslarında sərt qərar verməsi nəticəsində həmkarı Elçin Namazovun vəkillik fəalliyyətinə xitam verilib: “Belə olan halda Rüfət Hacıbəyli müdafəsiz qaldı. Nəticədə də Rüfət Hacıbəyli hüquqlarını normal şəkildə məhkəmədə müdafiə edə bilmədi. Yeni təyin olunan vəkilin peşəkarlığına şübhə olmasa da, onun işə məhkəmə istintaqının sonuna yaxınlaşdığı dövrdə daxil olması Rüfət Hacıbəylinin müdafiəsini tam şəkildə həyata keçirə bilmədi”.

Mövcud hakimiyyətin əbədi olmadığını deyən O.Kazımov ərəb dalğalarını buna misal gətirdi: “Heç nə əbədi deyil. İlham Əliyev də, Zakir Qaralov da əbədi deyil. Bunu bilin. Ərəb dalğası göz qabağındadır. Əsrin diktarorları getdi. Dünyanı tutmuşdular. Ağ çadırda yaşayan Qəzzafi bu gün yaşaması üçün siçan deşiyi axtarır”.

Hüquqlarını müdafiə etdiyi Ü.Quliyevin hədə-qorxu adı altında olduğu bir vaxtda siyasi qərar verdiyini bildirən O.Kazımov qeyd etdi ki, müvəkkili ağır cəzanı gözü önünə alaraq məhkəmədə YAP sıralarından istefa verdiyini və Müsavat Partiyasına üzv olduğunu bəyan etdi. Müvəkkilinin günahsız olduğunu bildirən vəkil hakimdən ədalətli hökm qəbul etməsini və Ü.Quliyevin barəsində bəraət hökmünün çıxarılmasını istədi.

O.Kazımovun çıxışından sonra hakim fasilə elan etdi.

Fasilədən sonra məhkəmə prosesi davam etdirildi. Rüfət Hacıbəylinin vəkili Telman Qasımov müdafiə etdiyi şəxsin təqsirsiz olduğunu, onun təqsirsizlik prezumpsiyasının pozulduğunu bildirdi: “İstintaqın ortaya atdığı qanunsuz sübutlarla Rüfət Hacıbəylinin təqsirli bilinməsi yolverilməzdir”.

 “Ədalətsizlik atom bombası kimidir

 Əhəd Məmmədlinin vəkili Yalçın İmanov sözügedən prosesə hüquqi, siyasi, yaxud da hüquqi absurd yanaşma baxımından münasibət bildirməyə çətinlik çəkdi: “Qədim Romada qanuna hörmət qanunu var idi. Bizdə də yaxşı qanunlar var. Amma işləməyən yaxşı qanundansa, işləyən pis qanun yaxşıdır. Qanunların işləməməsinə səbəb polisindən, hakimindən, prokurorundan tutmuş ölkəyə rəhbərlik edən şəxslərin hamısı günahkardır. Bizdə qanunlar hörümçək toruna bənzəyir. Zəiflər və siyasi hakimiyyətin rəqibləri bu torda ilişib qalır. Hakimiyyətdə dayağı olanlar və maddi imkanları yaxşı olanlar isə bu toru yırtıb keçə bilirlər”.

Y.İmanov bildirdi ki. müdafiə etdiyi Ə.Məmmədli eyni qaydada iki dəfə həbs olunub, bu isə qanuna ziddir: “Hüququn canında əxlaq, dürüstlük yoxdursa, apar tulla. Bu davam etdikcə hakimiyyətə fərqli düşüncədə olan gənclərin taleyi daha çox zəhərlənəcək. Ədalətsizlik atom bombası kimidir. Hətta  müqəddəs kitab olan Quranda da deyilir ki, mühakimə edəndə ədalətli olun. Ölkədə insanların tək siyasi yox, bütün hüquqları pozulur”. Vəkil yazıçı Kafkadan hakimə onun “Qanun darvazası” hekayəsini oxumağı tövsiyə etdi: “Düzdür, Şahin Abdullayev qanun darvazasının qarşısında duran yeganə maneə deyil. O, sadəcə sifarişi icra edən şəxsdir”.

Vəkil bildirdi ki, özünə hörmət edən ölkələrdə polis şahid qismində ifadə verə bilmir: “Polis Əhədin ona xəsarət yetirdiyini deyir. Amma istintaqa təqdim olunan videogörüntülərdən görünür ki, Əhəd əlləri cibində gəzir və dostları ilə görüşür. Əhəd heç kimə müqavimət göstərməyib. O, heç fəal iştirakçı da olmayıb. Azərbaycan polisinin üz qarası Məmməd Mikayılov Əhəd Məmmədlini Nəsimi polisində döyüb və təhqir edib.

Əhəd Məmmədliyə bəraət verilməlidir. Məmməd Mikayılov barəsində cinayət işi başlanmasına dair məhkəmə səviyyəsində qərar verilməlidir”.

Y.İmanovun çıxışından sonra hakim prosesin oktyabrın 8-nə saat 11:00-dək  təxirə salındığını bildirdi.

 Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 051 (460), 05 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button