Putin Paşinyandan niyə çəkinir?

İlham İsmayıl
Qarabağ Komitəsinin üzvü
“Görünür Rusiya prezidenti özünü xilaskar Şelkunçik-şahzadə obrazında hiss edirmiş…”
Başlığı oxuyanın ilk ağlına gələn bu ola bilər ki, dünyanı qlobal təhlükə qarşısında qoyan Rusiya prezidenti kiçik Ermənistandan, legitimliyi təsdiq olunmamış rəhbərindən niyə çəkinsin. Bu ilk baxışdan belədir, reallıqda isə Putinin ehtiyatlılığı nəinki çəkingənliyə, hətta qorxuya daha yaxındır.  Bəli, Putin Kremlin razılığı olmadan hakimiyyətə gəlmiş Paşinyandan çox ehtiyat edir. İndiyədək Paşinyan öz iradəsini Rusiyaya, onun prezidentinə yeridib, Putin daim onun qarşısında geri çəkilib. Ona görə ki, Paşinyan Ermənistanın maraqları naminə Putinin üstünə gedə bilir, inadkarlıqla gedir, risk edir və qarşısındakına bunu hiss etdirir, sələflərindən fərqli olaraq şəxsi hakimiyyətini qorumaq üçün Putinin “bığının altından” keçmir. Putin də bunu qəbul etməyə məcbur olur.
Paşinyan hakimiyyətə gələndən sonra Rusiyanın adamlarını – Koçaryanı və Yuri Xaçaturovu həbs etdi. Lavrov göyə qalxsa da Xaçaturovu KTMT baş katibliyindən uzaqlaşdırdı. Üstəlik Xaçaturovun yerinə indiyədək başqa nümayəndənin təyin edilməsinə imkan vermir. Qazaxıstan, Belarus kimi dövlətlərin başçıları israr etsələr də Putinin Paşinyandan çəkingənliyi, ehtiyatlılığı belə bir addımın atılmasına imkan verməyib. Astana görüşündə də, Sankt-Petrburqda da Paşinyan deyən oldu. Belarusun prezidentini erməni mətbuatı açıq şəkildə “kloun” adlandırır, Putinin Ermənistanı dördəlli tutmağa məcbur olduğunu deyir və bu həqiqətən belə görünür.
Sankt – Petrburq görüşü isə Paşinyanın istədiyi kimi alındı. Putin ən əziz adamını çoxdan gözləyirmiş kimi Paşinyanı bağrına basıb qarşıladı. (Əvvəlki görüşlərdə əl tutma da məsafəli olurdu). Avrasiya İqtisadi İttifaqının sədrliyi Ali Şurada təntənəli şəkildə Ermənistana verildi və Putin Paşinyana uğurlar arzuladı. Slavyan qardaşı Belarusa qazın qiymətini dəyişməyəcəyini elan edən Putin Ermənistana hər cür güzəştə getməyə hazır olduğunu nümayiş etdirir. Belarus qardaşı nümayəndəsini KTMT baş katibliyinə irəli sürsə də artıq ikinci dəfədir ki, Putin bundan imtina edir və Paşinyanın bəyanatlarından hiss olunur ki, Putin Ermənistan nümayəndəsinin baş katib olmasını istəyir. Belarus və türkdilli respublikaların istəklərinin əksinə olaraq Putin Ermənistanı, onun yeni liderini tutdu. Qərb qarşısında zəif düşmüş Putin öz gücünü postsovet ölkələrini təsir altında saxlamaqla göstərir. Qərbə çox yaxınlaşmış Ermənistanı isə təsir və təzyiqlə deyil, yalvarmaqla, vədlər verməklə ətrafında saxlamaq istəyir. “Lazarev klubu” Putinin xeyir-duası ilə İrəvana Bakını vurmaq, Naxçıvanı hədiyyə etmək vədləri verib.
Sankt-Petrburq görüşünün rəsmi hissəsindən sonra  Marinsk teatrında 13-cü sırada (?!) oturdulan qonaqlar “Şelkunçik”ə tamaşa etdilər. Niyə məhz “Şelkunçik”? Putin, ümumiyyətlə siyasət aləmi rəmzləri, sətiraltı mənaları nümayiş etdirməyi sevirlər. “ Şelkunçik” bir nağıldır. Siçanlar ordusunun kralı ilə oyuncaqları müdafiə edən Şelkunçikin mübarizəsindən danışır. Şelkunçik bu mübarizədə qalib gəlir və oyuncaqları xilas edir, oyuncaqlar da ona minnətdarlıq edir. Görünür Rusiya prezidenti özünü xilaskar Şelkunçik-şahzadə obrazında hiss edirmiş. Nəticəni özünüz çıxarın.
Bu, KTMT-yə üzv olan ölkələr üçün təhlükə hardan, hansı ölkədən gələ bilər? Burda Rusiya istisnadır. Rusiya özünü bəşəriyyətə qarşı qoyduğundan başda ABŞ olmaqla, az qala dünyanın yarısını özünə düşmən bilir. Bəs, qalanlar? Bu ölkələrə nə ABŞ, nə Avropa, nə Çin hücum edəsi deyil. Bu ölkələri təhdid edən, onlara təhlükə törədə bilən bir ölkə var, o da elə Rusiyanın özüdür. Bu təşkilata onlar Rusiyanın qorxusundan üzv olublar, onlara NATO hücum edəsi deyil. Azərbaycanı da KTMT-yə üzv etmək istəyənlər, Azərbaycana təhlükə hardan gələsidir? Azərbaycana təhlükə artıq KTMT-dən gəlib, bu təşkilatın üzvü Ermənistan, bu təşkilatın yaradıcısı Rusiyanın köməyi ilə torpaqlarımızı işğal edib. Bizə NATO-dan, Çindən təhlükə gözlənilmir. Bizə təhlükə elə KTMT-dir.
 
P.S. Sabah Paşinyan daha da güclənəcək. Putin növbəti görüşündə yəqin Paşinyanı Brejnev kimi öpəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button