Qədri bilinməyən Rüstəmov

Aydın Canıyev

“Xural”ın Lənkəran Bürosunun Rəhbəri

– Onun gələn il 60 yaşı olacaq! –

Adil Nüsrətoğlu… Geniş tamaşaçı və dinləyici auditoriyası üçün bu namda, bu nişanda görkəmli sənətkar yoxdu!

Amma və lakin… o… ölkənin həm ölkədə, həm də xaricdə tanınan ən adlı-sanlı isimlərinin tanıdığı, etiraf etdiyi bir səs sahibidi, sənətkardı, muğam ifaçısı və muğam müəllimidi. Fəqət Onun yaşadığı məkan muğam ifaçılığı üçün uçuş-enmə zolağında deyil! Yaranan və yaradılan fürsətlər isə həmişə Ondan yan keçib! Hər dəfə (nadir hallarda olsa da) Adil Nüsrətoğlu ilə rastlaşanda yadıma Rüstəm  Behrudinin özü haqqında dəpdəqiq dediyi bir fikir düşür: “Aydın, mənim də, Məmməd Arazın da, Səməd Vurğunun da müasirləri içərisində çox istedadlı şairlər olub, amma Səməd Vurğunun da, Məmməd Arazın da, elə mənim də bəxtimə şairlik taleyi düşüb”.

Adil Nüsrətoğlunun bəxtinə muğam ustası kimi tanınmaq düşmədi bu xalqın qulaq və göz yaddaşında. Eləcə də səhnəsində. Lap belə ürəyində də…

Bir daha amma və lakin… Nəriman müəllimdən 11 tələbənin içində “əla” qiymət alan iki tələbədən biri 1981-ci ildə indi dünyada tanınan Alim Qasımov idisə, ikincisi onda da, indi də heç harda tanınmayan Adil Nüsrətoğluydu.

Adil onda Nüsrətoğlu olsa da, həm də RÜSTƏMOV idi. Ancaq RÜSTƏMOV kimi meydanda olmaq da Onluq olmadı. Musiqidə BİR RÜSTƏMOV vardı. Nə qədər özünü vurub öldürsə də, ADİL NÜSRƏTOĞLU özünün QƏDİR-qiymətini alammayacaqdı – deyəsən, musiqidə QƏDİR RÜSTƏMOV varlığı Fişerlə, Kasparovla müasir olub şahmat oynamağa girişmək cəhdinə bərabər bir səy idi. O vaxtın “ağıllı adamları” Lerikdən gəlib Bakıda Nəriman müəllimdən “əla” qiymət alan ifaçını qətiyyətlə Lerikə olmasa da, Lənkəranacan uzaqlaşdırmaqla… səhnəni nə qədər boş qoymaqlarının fərqində olublar!

SÖZARASI: İndiki muğam müsabiqəsində bir Mustafa Mustafayevin Qədir Rüstəmov kimi oxuduğunu deyirlər və… onu “Ağcabədiyə yola saldıqlarını” vurğulayırlar – mən baxmıram belə müsabiqələrə bir o sadə səbəbə ki, ürəyimcə olanı özüm seçirəm dinləmək, tamaşa etmək üçün: şükür Allaha, indi CD, DVD problemi yoxdu. Ancaq onda…

Adil Nüsrətoğlu Bakıdan “muğam olmayan” bölgədən olduğu üçün muğamın var olduğu Lənkərana göndəriləndə… bu dəfə “ağzıgöyçəklər” onu Lənkəranda da qaralamaqda israrlı olsalar da, fəqət heç vaxt haqqında bircə kəlmə də müsbət nəsə yazmadığım Dilrübə Camalova bütün deyilənlərin və gözlənilənlərin əksinə olaraq, onun ifasını dinləyəndən sonra… işlə də, az müddətdə evlə də təmin edib.

O-bu… Adil Nüsrətoğlu başını aşağı salıb onda dövlət tədbirlərində, indi də yeri düşəndə el məclislərində Onu sənətkar kimi qəbul edənləri feyziyab edir. Eyni zamanda, Lənkəranda musiqi məktəbində dərs deyir. 1986-cı ildə muğam sinfi açıb. 1993-cü ildə Muğam Teatrı yaradıb… Lənkəranda. Hətta aforizmi də var Adil müəllimin bu barədə: “Lənkəranda Muğam teatrı açmaq Sibirdə məscid tikməyə bərabərdir”.

Amma… açıb…lar o teatrı!

Adil Nüsrətoğludan ürəkdən yazanda yazının içində “amma və lakin… fəqət… ancaq… təəssüflər olsun ki… kaş ki…” tipində bir xeyli nida, ədat, day nə bilim hansı hiss və həyəcan, peşimançılıq və pəjmürdəlik bildirən nitq hissələri istifadəyə yararlı olur. (Amma və lakin) tərənnüm, ehtizaz və təşəkkür bildirən “afərin, eşq olsun, yaşa, min yaşa!” sədaları Adil Nüsrətoğlunun MÜKAFATSIZ keçən ömrünə ya dərs dediyi sinifdə, ya da ifaçısı olduğu məclisdən başqa heç yerdə nəsib olmur – HƏLƏ Kİ!!!

Hesabnan bu yazı 1997, ya da uzağı-uzağı, 1998-ci ilin əvvəlində yazılmalıydı. Sənətkar ömrünün ən parlaq çağında yəni… Mən yazmadım! Yaza bilmədim! Gözlədim… Gözlədim… Dedim, bəlkə USTAD SƏNƏTKARın 50 illiyində hökumət sərasər 30 illik cəfakeşliyinə dəyər verər. Nə qədər olmasa da, hökumətimiz, dövlətimiz artist-müğənni tayfasına çox diqqətlidi. Amma və lakin… yox!!!

Gələn il 20 il olar ki, mən Adil Nüsrətoğlunu tanıyıram. Bu 20 ildə bircə dəfə yazı yazmadığım üçün… hökuməti də qınamalı deyil – bir jurnalist ki, bilə, eşidə, dinləyə və ANLAYA Kİ, bütün Azərbaycanın sevdiyi, heyrətlə və ehtizazla dinlədiyi, tamaşasna durduğu Qədir Rüsrəmovun daha həzin, daha şirin, daha rahat, daha ehtizazlı “kserokopiyası” yanındadı, ürəyinin başındadı, əl uzatsan, çiyninə çatacaq qədər göz qabağındadı və Onu… Qədir Rüstəmov qədər yox, elə özü qədər – Adil Nüsrətoğlu dəyərində və sanbalında sevdirməyə usanmadan, yorulmadan, tükənmədən, yeri gələndə də, lap yeri olmayanda da, yedirtmədi Oxucuya, tamaşaçıya, dinləyiciyə, sevdirmədi, tanıtmadı… onda küsməyə ünvanmı qalır?!

Öz payıma etiraf edirəm – babalın bir hissəsi mənim boynuma!!!

Öz payıma etiraf edirəm – mən elə bilmişəm ki, yazsam, “mətbuatın şovinist qaragüruhu” məni “yerllibazlıq”da ittiham edər: babalın bu hissəsi də mənim boynuma!!! Kİ… hamı kimi, mən də özümü düşünmüşəm, Adil Nüsrətoğlunu, onun sənətkar ucalığının təbliğini yox!

Öz payıma etiraf edirəm – mən Prezident Aparatında işləyən lənkəranlıdan çox, Adil Nüsrətoğluyla fəxr etməyin nədənini əvvəldən bilənəm: çünki PA-da işləyən lənkəranlı üçün Prezidentin yanında işləməyi ona şərəf gətirir, ancaq Adil Nüsrətoğlunun yanında olmaq həm adamın özünə, həm Lənkərana başucalığıdı. Bir o sadə səbəbdən ki, Adil Nüsrətoğlu PA-da işləyən lənkəranlının görə biləcəyi işi beş dəqiqəyə öyrənər də, ondan da yaxşı görər, fəqət PA-da işləyən heç vaxt Adil Nüsrətoğlunun öyrəndiyini, öyrətdiyini, etdiyini, bildiyini nə edə, nə öyrənə bilər!!! Amma və lakin… heç nəyə baxmayaraq, Adil Nüsrətoğlu bu məmləkətdə hər gün başını dik, qamətini şax tutaraq musiqi məktəbinə gəlir, öz işini görür.

Hamı ilə ikinci şəxsin cəmində danışır – istisnasız olaraq! Gələn il 60 yaşı olacaq – unutmayaq!!!

Gözəl pedaqoq, mahir muğam ifaçısı, səmimi insan, görkəmli sənətkar Adil Nüsrətoğlu (etirazı olan varsa bu təşbehlərə, buyursunlar, Alim Qasımovdan tələbə yoldaşı haqqında soruşsunlar)… həm də istedadlı qələm sahibidi, aforizm və zərbül-məsəllərin müəllifidir.

Bu bir – “Tamahkar xalqın rəhbəri gopçu olmalıdır”.

Bu iki – “Xristiana gül verəndə sevinir, müsəlmana az yaş”.

Atalar üçdən deyib, əlimin altında olan gəlimli-deyimli sözlərindən biriylə ayaq verirəm: İnsanda hər cür üz var, baxır inkişafa…

Bir orasını da deyim ki, Adil Nüsrətoğlunun şairliyi də var – məsələn, əgər dahi Bəxtiyar Vahabzadənin bir salama dəyməyən sevgini açması varsa, Adil müəllimin də hətta bircə dənə yersiz-vaxtsız səsdən qırılan sevgiyə, qəriblikdə namərdlik edən bədən üzvünə möhtəşəm ithafları adamı varından yox edir!!!

Məsələn:

Səda gəldi neçə kəsdən,

Məlahətli, şirin səsdən.

Guşələrlə hər nəfəsdən

Bəzənibdi bağ-bağatım,

Mənim doğma muğamatım!

 

Kök üstündə yaranmısan,

Ona görə köklənirsən.

Körpələrin anasısan,

De laylanı, rahat yatım,

Mənim doğma muğamatım!

 

Sevən varsa səni bir kəs,

Ömrü hədər getməz, əbəs.

Dərk etməyən səni sevməz,

Gədaya yox, şaha satıl

Mənim doğma muğamatım

 

Adil mənəm, sənə bağlı,

Yanır ürək, sinə dağlı,

Xoş avazlı, xoş soraqlı,

Keçən sənsiz ömrü atım

Mənim doğma muğamatım!

…İnanın, mən özümün həyatımda itkilərimə təəssüflənmirəm – mənim olmayan, mənim ola bilməyən, mənə məxsuslaşmayan nəsnələrin itkisi adidi. Yenə də, amma və lakin sonuncu dəfə… amma və lakin… mən şair, müəllim, gözəl muğam və vokal ifaçısı Adil Nüsrətoğlunun tanınmaması itkisinə heyfsilənirəm. Baxmayaraq ki, O, mənə aid deyil.

Ancaq axı o Vətənə aiddir. Mənim doğma, əziz, QƏDİRbilməz Vətənimə – guya ki, QƏDİRin QƏDRİ bilinib, handa ola Adil Nüsrətoğlu???

Bundan o yana ta nə deyim?!?

Tanıdığım 20 ildə ildə iki dəfə belə yazsaydım axı…

Kim bilməsə də, kim yaddan çıxarsa da, axı mən hələ 1997-ci ildə bilirdim ki, 1981-ci ildə III respublika müsabiqəsində görkəmli sənətkarımız Əbülfət Əliyev şəxsən onu ikinci dərəcəli diplomla təltif edib…

Keçmiş olsun!

2012-yə nə qalıb ki?! Bəlkə də 60 yaşında yada düşər – demirlər Allahın səbri qırx ildi?!

SON SÖZ ƏVƏZİ: Mən şəxsən muğam müsabiqəsi haqqında “Xural” qəzetində ehtizazlı bir yazıyla çıxış eləmişəm. Fəqət bu anda içimdə bir təəssüf var: ölkədə muğama bu qədər diqqət ayrıldığı, muğam ifaçılarına bu qədər qayğı göstərildiyi vaxtda… Nazirlər Kabineti muğam dərsi keçən müəllimlərin əmək haqqını azaldıb!

 

Xural” qəzeti,

İl: 9, sayı: 029 (437),31 iyul-06 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button