“Qaynar Qazan”da Fuad Əliyev (II sonuncu hissə): “Şəhidlik məktəbi yaratmalıyıq”-VİDEO

Fuad Əliyev: “25 il ərzində işləməyə-işləməyə necə partiya saxlayırlar?”

 

Azərbaycan siyasətinin gənc nümayəndələrindən biridir Fuad Əliyev. “Qaynar Qazan”da zaman-zaman gənclərin də olmasını tələb edənlərin arzularına uyğun olaraq, bu dəfə onu dəvət etdik. Siyahımızda vardı təbii ki. Bir çox başqa gənc təmsilçilər kimi, bu dəfə onu “Qaynar Qazan”da dindirmək, danışdırmaq istədik. Məmnuniyyətlə vədələşdik.

Fuad Əliyev Azərbaycan siyasətinin ən sakit, qalmaqal sevməyən, bir az da fağır nümayəndələrindən biridir. Ən azından, kənardan görünən odur. Amma çalışqandır və bu, hər halından hiss olunur. Öz çapında layihələri, fəaliyyəti var və bunu diqqətlə baxanda görmək olur. Xüsusilə, qonşuları ilə müqayisədə bu, daha qabarıq diqqətə gəlir. Liberal Demokrat Partiyası İlyas İsmayılovun sədrlik etdiyi Ədalət Partiyası və deputat Fazil Mustafanın sədri olduğu Böyük Quruluş Partiyası ilə qonşudur. Neçə dəfə getmişəm, bu partiyaları hərəkətsiz görmüşəm. İlyas müəllimin partiyasında bir az hərəkət olsa da, Fazil Mustafanın partiyasının qapısı hər zaman bağlı olur. Amma ALDP-də hər zaman kimsə olur. Toplantılar keçirir, nəsə edirlər. Təbii ki, bütün bunlar müxalifət olmaq, millətin problemlərini həll etmək üçün yetərli deyil, amma neyləməli, siyasətimizin durumu və günü budur.

Fuad Əliyevlə “Qaynar Qazan”da müsahibə hər zamankı qovğalı vaxtımıza təsadüf elədi. Biz müsahibəni götürəndə Mehman Əliyevlə müsahibə hazırlanırdı. Mehman Əliyevlə müsahibədən sonra Fuad Əliyevin müsahibəsini yayınlamaq planımız vardı. “Qaynar Qazan”ın formatı ağırdır. Müsahibənin montajı, sonra yazıya köçürülməsi vaxtaparan və əziyyətlidir, ancaq planlaşdıranda normal ahəng tutmaq olur. Söhbət əsnasında məlum olmuşdu ki, sən demə, Fuad Əliyevin sədri olduğu Azərbaycan Liberal Demokrat Partiyasının quruluş tarixi 19 il bundan əvvəl – yanvarın 30-dur. Biz də ona görə müsahibəni Azərbaycan Liberal Demokrat Partiyasının ildönümündə yayınlamağı düşündük. Amma sən saydığını say, gör Baş Prokurorluq nə sayır.

Mehman Əliyevin müsahibəsinin dərsi və qoparılan ajiotaj başımızı elə qarışdırdı ki, müsahibə bu günlərə qədər gəldi. Arada Rəsul Quliyevin Emin Hüseynova verdiyi canlı yayın az qala yenə planımızı pozacaqdı ki, bu dəfə də növbədənkənar prezident seçkiləri məsələsi meydana çıxdı. Yəni Fuad Əliyevdən müsahibənin götürüldüyü 21 yanvar tarixində nə Rəsul Quliyevin Emin Hüseynova verdiyi anlaşılmaz və ziddiyyət dolu müsahibə, nə mənim Baş Prokurorluğa məqsədsiz və mənasız çağırılmağım, nə də növbədənkənar prezident seçkiləri məsələsi yox idi. Biz elə bilirdik ki, seçkilər oktyabrın 17-də keçiriləcək və düşünürdüm ki, o zamana qədər Fuad Əliyev prezidentliyə namizəd olacaqsa, “Mənim Prezidentim” layihəsində ondan bir müsahibə daha götürəcəyəm. Olmadı. Hadisələr elə cərəyan etdi ki, gündəm elə dəyişdi ki, boykot söhbətlərinin Azərbaycanı başına götürdüyü bu günlərdə heç Fuad Əliyevin namizədliyini verib-verməyəcəyini belə bilmirəm.

Onun zavod direktorunun oğlu olduğunu bilmirdim. Atası çox böyük zavodlarda işləyib. Mənə çox maraqlı gəldi, direktor oğlu o zaman necə yaşayıb? Axı biz indi Fuad Əliyevin atasının bir zamanlar direktoru olduğu zavodların indiki direktorlarının kimlər olduğunu və onların balalarının dünyanın və Azərbaycanın müxtəlif bölgələrində nələr etdiklərinin milyonda birini bilirik. Bu milyonda biri bilmək belə bizim ağzımızı qulağımızın dibinə qədər heyrətdən əyə bilir. Bəs o necə olub? Necə yaşayıb? Heç nə! Atası Ağası Heydəroviç böyüyən və axşam bölümündə təhsil alan Fuadı Rəsul Quliyevin yanına gətirir və onu fəhlə götürməsini xahiş edir. Bir zamanlar onun özünü işə götürən və daha böyük vəzifəyə gedəndə onu öz yerinə direktor qoyan adamın oğlunu daha yaxşı işə götürmək istəyən Rəsul Quliyevə Ağası Heydəroviç daha sərt deyir – fəhlə olacaq. Vəssalam! Zamanın diqtəsi! İşçiləri ilə birlikdə növbəyə duran, püşklə 9-cu mərtəbəyə evi düşən, qapısına dəmir çərçivə qoyduğu üçün az qala həbs olunan bir zavod direktoru! Belə şeylərdir insanlarda sovetlərə nostalgiya yaradan. Fuad Əliyev həmin dövrün yaşantılarını keçirən və “Qaynar Qazan”a danışan bir müsahib oldu mənim üçün.

Bax belə. Bu dəfə “Qaynar Qazan”da qonağımız Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevdir. İndi onu dinləyirik…

Əvəz Zeynallı,

“Qaynar Qazan”

 

I hissəni buradan oxuya bilərsiniz:  https://www.xural.com/qaynar-qazanda-fuad-%C9%99liyev-i-hiss%C9%99-muxalif%C9%99t-ucun-h%C9%99r-secki-h%C9%99r-il-agir-kecir-video/ (“Qaynar Qazan”da Fuad Əliyev (I hissə): “Müxalifət üçün hər seçki, hər il ağır keçir”-VİDEO)

 

II sonuncu hissə

 

Jirinovski  muğamatı yaxşı bilir…

–  Jirinovski çox qeyri-adekvat adamdır və ağlına gələn hər şeyi də danışır. O, sizinlə şəxsi söhbətlərdə də elə idi?

– Çox ağıllı adamdır. Sadəcə kamera, çəkiliş qrupunu görəndə artıq hansısa formanı götürür. Mən indi bilmirəm, hər dəfə belə bir şey olurmu? Amma onu hər dəfə Rusiyanın RTR, ORT kimi televiziya kanallarına dəvət edirlər. Hətta bir dəfə kanalda ondan xahiş ediblər ki, verilişin əvvəlindən sonuna kimi otursun, danışmasın. Və o, bütün verilişi oturub, heç nə də danışmayıb. Amma verilişin reytinqi qalxıb. (Gülür…)

– Yəni Jirinovskini verilişin reytinqini qaldırmaq üçün dəvət edirlər?

– Bəli, Jirinovski verilişlərə dəvət olunanda reytinq qalxır.

– Bəs, şəxsi görüşlərinizdə özünü necə aparırdı?

– Normal. Bilirsinizmi, bir dəfə söhbət edəndə dedi ki, “elə bilirsiniz ki, mən Qarabağ məsələsinin arxasında nə durduğunu bilmirəm?” Ondan sonra da Müslüm Maqomayev, Polad Bülbüloğlu, Üzeyir Hacıbəyov haqqında, bizim mədəniyyətimizdən danışmağa başladı. Qeyd elədi ki, “əgər mən sizə pis münasibət bəsləsəydim, sən burada oturmazdın”. Çox normal bir neçə görüşümüz olmuşdu. Həqiqətən də Azərbaycan xalqının ünvanına çox hörmətli sözlər danışırdı. İndi o videolarda görüntülər var ki, onlar haqqında bilmirəm, bəlkə hansısa bir vəziyyətdə olub. Belə deyirlər. Amma ümumi sözdə – yəni mən onu nə müdafiə etmək fikrindəyəm, nə də başqa məqsədim yoxdur – pis desəydi, o zaman mən də ona pis deyərdim ki, belə sözlər ifadə edib. Xalqımızın incəsənəti haqqında o qədər incə məqamlar danışmışdı ki… Muğamatdan danışmışdı ki, “gözəl muğamınız var…” Yəni demək istəyirəm ki, o bilir bizim mentalitetimizi..

– Hər halda onun da deməyindən belə çıxır ki, ermənilər onunla daha sıx işləyir.

– Bəli.

– Demək daha çox işləmək lazımdır.

– Onun Dövlət Dumasında uzun bir qəbul otağı var. Orada azı 30-40 nəfər görüşə yazılan adam olur. Təsəvvür edin ki, orada görüşə yazılan hər 20 nəfərdən 5-i erməni idi. Onda imkanımız ona çatmışdı ki, 4-5 kitab alıb aparmışdıq. Simvolik olaraq da armudu stəkan suveniri aparmışdım. Amma ermənilər karton qutularla oturmuşdular. İndi onun içində nə var idi, bilmirəm, amma hədiyyə olaraq gətirmişdilər. Yəni 4-5 nəfər erməni var idi ki, böyük qutularda ona pay gətirmişdilər.

– Erməni konyakından gətirib, məsələlərini həll etməyi bacarırlar.

– Bilirsiniz, belə siyasətçilərlə işləmək lazımdır. Demək ki, belə adamlar bizə düşməndirlər, bu, düzgün deyil. Bizim onunla partiyalararası etdiyimiz əməkdaşlıq müddətində onun Azərbaycana qarşı aqressivliyi bir az azalmışdı. Demirəm ki, mənə görə, amma mən də əməkdaşlıq etdiyimiz 4 il müddətində tez-tez görüşürdük. Ona suvenir kimi nərd də aparmışam. Azərbaycanla bağlı bəzi suvenirlər də aparmışam. Ola bilər, onun da nəticəsi olub, ola bilər, başqa nəticələr də olsun.

– Nərd oynaya bilir?

– Biz Abxaziyaya gedəndə orada görüşlər təşkil etmişdilər. 2004-cü ildə olan Abxaziyanın meri Jirinovski ilə nərd oynamağa oturdu. Dedi ki, “Fuadı gətirin.” Mən də arxada durmuşdum. Onun mühafizə xidmətinin əməkdaşları iki tərəfdən qolumdan tutub həmin masanın arxasında oturtdular. Mən də klassik nərdi oynaya bilirəm.

 

Jirinovski gördü ki, nərddə uduzuruq…

– Uzun.

– Hə, uzun, amma dedilər, yox, qısa olsun. Qısa nərdi mən o qədər də bilmirəm. Dedim ki, “Vladimir Volfoviç, mən bu nərdi oynaya bilmirəm”. Dedi ki, “yox, mən zəri atacam, sən də oyna”. Nəsə, 5 dəqiqə müddətində nərdi oynamağa başladıq. Soruşdu ki, “vəziyyət necədr?” Dedim, “uduzuram”. Dedi, “dayan”. Nərdi götürüb, qatıb-qarışdrdı. Dedi ki, “hanı sizin məşhur konyakınız?” Dərhal gətirdilər. Dedi ki, “Azərbaycan, rus, abxaz xalqlarının sağlığına…” Yəni ki, belə vəziyyətlərdən çıxmağı da bacarır.  Amma sözsüz ki, nərd oynamağı da bilmir. Orada təşkil olunan şahmat yarışına da gəldi. Ostap Bender kimi gəlib “oynamağa” başladı, həmin hərəkətləri elədi və çıxıb getdi. Yəni o bir balaca bilir ki, vaxtında nə etmək lazımdır. Məsələn, Suxumidə bizdə olduğu kimi funikulyor var, dağın üstü ilə bir neçə kilometr gedir. İndi onlar da istəyirlər ki, biz ora qalxaq. Jirinovski də buna razılıq verib. Ora gedən qrupun içərisində Liberal Partiyasından olan 20-yə yaxın deputat var idi. Onlar da gileylənirlər ki, bu hara gedir. 1 saat ora qalxıb düşmək vaxt tələb edir. Biz funikulyora mindik, qapılar bağlandı. Heç 2 saniyə keçməmişdi ki, qapılar yenidən açıldı və biz hamımız çıxdıq. Jirinovski oradan çıxanda mer dedi ki, “axı, bizi orada gözləyirlər”… Jirinovski də cavab verdi ki, “sən nə danışırsan? Səncə mən burada bir saat itirəcəyəm?” Yəni çəkiliş oldu və guya ki, biz da ora qalxdıq. O baxımdan, yaxşı bilir ki, nə vaxt, harada, nə danışır.

– Bu yaxınlarda da Azərbaycanın rəsmi qonağı olaraq bura gəldi. Onun bu səfərini necə dəyərləndirirsiniz?

– Mənə bu səfər aydın olmadı ki, niyə gəldi və niyə getdi. Çünki 2004-2008-ci illərdə mən bütün müsahibələrimdə bildirmişdim ki, bu adamla işləmək lazımdır. Hakimiyyətə bununla bağlı mesaj göndərirdim. Səhv etmirəmsə, 2015-ci ildə gəlmişdi.

– Hə, təzəlikcə…

– Sözsüz ki, Rusiyada nüfuzlu bir insandır, amma artıq yaşlaşıb. Yəni indi onu bura gətirtmək, şəhərdə gəzdirmək və s. eləməklərini mən başa düşmədim. Ondan sonra da Züqanov gəlmişdi. Mənası nə idi? Hər halda yəqin hakimiyyət bunu daha yaxşı bilir.

– Aysel Tahirqızı yazır: “Uzun müddətdir heç bir yerdə işləməyən bir şəxs kimi 2013-cü ildən bəri yüzlərlə xarici ölkəyə səfərləriniz olub. Hər səfərdə də nə qədər pul xərclənib. Maliyyə mənbələrinizi göstərə bilərsinizmi?”

– Baxmayaraq ki, bu sual da feyk profildən gəlib…

– Bəli, saxta profilə bənzəyir.

– Amma sual verilibsə, gərək cavab da verəsən. Mən digər siyasətçilərdən fərqli olaraq, siyasətə biznesdən gəlmişəm. Mənim xaricdə şirkətlərim olub və onları bağlayandan sonra Azərbaycana qayıtmışam. Həmin dövrdə qazandığım pullardır. Yəni mən bunu gizlətmirəm və məni tanıyanlar da bunu yaxşı bilirlər. Amma gedib digər siyasətçilərdən soruşsunlar ki, ötən 25 il ərzində işləməyə-işləməyə necə partiya saxlayırlar? Səfərlərə gəlincə… Mən onu deyə bilərəm ki, heç bilmirəm, necə deyim ki, normal səslənsin. Bu adamların yəqin ki, belə işlərdən başları çıxmır. Səfərim olanda mən özüm getmirəm, məni dəvət edirlər. Dəvət edən tərəf də bütün xərcləri ödəyir. Görünür, bu insanlar belə suallar verirlərsə, bunu bilmirlər. Onlar Azərbaycandan kənara çıxmayıblar axı. Ona görə də bunlar elə şeyləri bilmirlər və belə suallar verməklə məni “çətin” vəziyyətə salmaq istəyirlər. Amma mən heç vaxt gizlətmirəm və yenə də deyirəm ki, siyasətə biznesdən gəlmişəm. Yəni mənim şirkətlərim olub, zavodlarım olub.

– Harada olub, Fuad bəy, harada işləmisiniz?

– Moskvada olub. 6 il ərzində mənim orada şirkətim fəaliyyət göstərib. Həmin o çətin 90-cı illərdə.

– İndi onların hamısını bağlamısınız?

– Bəli, bağlayıb bura gəlmişəm. Çünki mən yenə də deyirəm, keçmiş komsomolda işləmişəm və daha çox dövlət işlərinə meylliyəm. Düzdür, insana pul da qazanmaq lazımdır. Amma mən daha çox burada özümü rahat hiss edirəm, nəinki biznesdə.

– Mən bir təsadüf nəticəsində öyrəndim ki, sizin 6 övladınız var. Maşallah… Bizim  siyasətçilər adətən çoxuşaqlı deyillər. Ona görə maraqlı oldu. Tək Nemət Pənahlının 6 övladı var.

– Mən ailəm və övladlarım haqqında mətbuata çox da açıqlama vermirəm. Baxmayaraq ki, liberal-demokratam, baxmayaraq ki, azad fikirliyəm, amma bu mövzuda mən daha çox konservativəm.

– Yəni deyirsiniz ki, yenə də Azərbaycanın mental dəyərləri bəzi məsələlərdə ağır basır.

– Bəli, mən xoşlamıram. Bəzi siyasətçilər həyat yoldaşları və uşaqları haqqında danışırlar, şəkillərini ictimailəşdirirlər. Amma mən belə şeyləri xoşlamıram.

– Amma normal deyilmi? Siz siyasətçisiniz, prezidentliyə namizədliyinizi irəli sürmək niyyətindəsiniz. Siz ölkənin prezidenti olanda, ailəniz – xanımınız da birinci ledi, birinci vitse-prezident olacaq. Bunu xalq biləcək.

– İnşallah, prezident olanda hamı bunu biləcək, narahat olmayın.

– Akif Əliyev yazır ki, “Çəkisinin azaldılması tövsiyə olunur”.

– Məsləhətinə görə çox sağ olsun. Belə bir məsləhət verirsə, yəqin ki, həkimdir. Nəzərə alarıq. Amma bu çəkinin artıq və ya az olması da nisbi məsələdir. Mən bir neçə il bundan qabaq arıqlamışdım. Hamı da məni görəndə deyirdi ki, “Fuad, sənə nə olub, xəstələnmisən?” İndi də bir az kökəlmişəm, hamı deyir ki, “bir problemin var?” Amma bir həqiqət də var ki, mən idmanla məşğul olmuşam və sonra bir müddət idmanı atdım. O vaxtdan çəki artımı başladı. Amma idmanla məşğul olanda çəkim az idi.

– İndi idmanla məşğul olmursunuz?

– Yox.

– İdmanın heç bir növü ilə məşğul olmursunuz?

– Yox, məktəb illərindən 35 yaşına qədər üzgüçülüklə məşğul olmuşam. Sonrakı illər siyasətə qoşulandan sonra vaxt olmadı, səfərlər, tədbirlər, görüşlər və s.

 

Siyasətçilərlə heç vaxt zarafat etməmişəm

– İlkin Məmmədov yazır: “Sizi tanıyanlar bilirlər ki, zarafat etməyi xoşlayırsınız. Siyasətçilərdən kimlərlə zarafat etmisiniz?” Maraqlıdır. Ümumiyyətlə, zarafatcıl insansınız? Amma ilk baxışdan çox ciddi görünürsünüz.

– Hamı belə deyir. Amma mən hər zaman pozitiv olmağa çalışıram. Digər tərəfdən də zarafat etməyi də bacarmaq lazımdır ki, qarşındakı insan da zarafatı qəbul edə bilsin. Amma siyasətçilərlə heç vaxt zarafat etməmişəm. Onlar…

– Bir az da kaprizli olurlar…

– Ola bilər ki, onlar həmin o yumoru, həmin o zarafatı düzgün başa düşməzlər. O baxımdan yox, siyasətçilərlə zarafat etməmişəm. Amma partiya üzvləri ilə, qohum-əqrəbalarla belə zarafatlarım olub. Aprelin 1-də demək olar ki, belə zarafatları daim eləmişəm.

– Nə cür zarafatlar edirsiniz, maraqlıdır?

– Kiməsə zəng vurub, demişdim ki, qapını aç, gəlirəm. Belə bir yüngülvari zarafatım olub. Bizim bir müavinimiz var idi, Sədərək yarmarkasında işləyirdi. Bir dəfə ona zəng vurdum ki, “mən gəlmişəm,dükanı tapa bilmirəm.” Həmin vaxt da işdə oturmuşduq. O da çıxıb məni axtarır – deyirəm ki, filan yerdəyəm, o biri tərəfdəyəm… Belə-belə bir saat gəzib, məni axtarıb. Sonra dedim ki, orada deyiləm. Nəsə, belə bir yüngülvari zarafatlarım olur.

– Fuad bəy, bayaq kabinetinizdə gitara gördüm. İfa edə bilirsiniz?

– Yox. İndi öyrənirəm.

– Gitaranı?

– Bəli.

– Ümumiyyətlə, incəsənətə, şeirə, sənətə bağlılığınız varmı?

– Bəli, şeir yazıram. Hələlik kitab şəklində buraxdırmamışam, üzərində bir az da işləmək, formalaşdırmaq istəyirəm. Artıq 10 ilə yaxındır ki, yazıram.

– Maraqlıdır.

– Amma hələlik formalaşdırmaq istəyirəm, sonra üzə çıxardacam.

– Kitab kimi nəşr eləmək istəyirsiniz?

– Bəli.

– Onda siz həm də əməlli-başlı şairsiniz..

– Hələ yazmağa başlayıram. (Gülür…) Əvvəlcə yazıb, sonra da şairlərdən birinə göstərmək istəyirəm ki, qiymətləndirsin görək, necə şeirlərdir. Onlardan kitab dərc elətdirmək olar, yoxsa yox.

– Amma hər halda bir neçəsini də sosial şəbəkələr vasitəsilə ictimailəşdirib, ümumi rəy almaq da olar.

– Yox, hələ tezdir. Amma anam da o vaxtlardan çox istəyirdi ki, məni hansısa musiqi alətlərindən birinə yazdırsın. Amma indi görürəm ki, həqiqətən də lazımlı br şeydir. İndi fikrim var ki, gitaranı öyrənim. Bəlkə onu çalmağı öyrənəndən sonra şeirlərimlə birlikdə ifa olunacaq.

– Yaxşı olar.

– Özümə söz vermişəm ki, bir ildən sonra partiyanın 20 illiyində həm şeirlərimi dərc etdirəcəm, həm də gitaranı ifa edə biləcəm.

 

Liberal Demokrat Partiyasının 20 illiyi

– Yəni bir ildən sonra partiyanın 20 illiyi tamam olacaq?

– Bəli. Bu il yanvarın 30-da isə 19 ili tamam olur.

– Biz bu haqda bilmədən zamanında sizdən müsahibə aldıq. Nə qədər xoş bir təsadüf oldu. Görünür, siz də çox gənc yaşlarınızdan siyasətə başlamısınız.

– 1999-cu ildə 29 yaşım olarkən partiyanın üzvü oldum. Liberal-Demokrat Partiyasını yaratdıq. 31 yaşında da partiyanın sədri oldum. 2001-ci il, fevralın 15-dən…

– Azad Əliyev təqdiredici sual kimi bir şey yazıb: “Azərbaycan siyasi partiyaları çox olmalı və xalqın maraqlarından çıxış etməlidir. Fuad bəy də düşünürəm ki, sağlam siyasətçilərdən biridir.” Sizcə, siyasi partiyaların hamısı xalqın maraqlarındanmı çıxış edir? Siz müxalifətin içindəsiniz.

– 2008-ci ildən bir misal çəkmək istəyirəm. Həqiqətən də bizim proqramımız fərqli bir proqram idi. 7 namizəd olmuşuq. 6 namizədin proqramı demək olar ki, eyni proqram idi. Bizdə isə tamam başqa idi. Bizim proqramda var idi GUAM-dan, MDB-dən çıxmaq, ümumiyyətlə, Azərbaycanı neytral bir ölkəyə çevirmək. Onun da bir şərti var idi – Qarabağ azad olunandan sonra. İqtisadi proqramımız fərqlənirdi. Sonuncu çıxışa bir çıxış qalanda, İctimai TV-də İlham Əliyevin bir proqramını çap edib ora gətirdim. Bizim proqramı da gətirdim. Proqramları müqayisəli şəkildə təqdim etdim. İlham Əliyev edəcəyi işləri açıqlamırdı, amma mən eyni işləri necə edəcəyimi açıqlayırdım. Demirəm ki, hakimiyyət mənim proqramımı götürüb həyata keçirib, amma 2008-ci ildən sonra bizim proqramın bəzi müddəalarını gerçəkləşdiriblər. Məsələn, Xəzəryanı dövlətlərin mərkəzini yaratmaq fikrimizi həyata keçirdilər. Biz xalqın maraqları üçün çalışmışıq. Yəni fərq etmir ki, bu gün biz hakimiyyətdə olub bunları edək, hakimiyyət kiminsə proqramından normal bir şey götürüb həyata keçirsə, deməli, biz bu xalq üçün nəsə edirik. Məsələn, təhsillə bağlı bizə bir seçici gəlmişdi. Məktəbdə dərs deyir, bizə 10-11-ci sinif dərsliyini gətirdi ki, baxın görün bu kitabda nə yazır. Kitabda elə biabırçı bir şey yazılmışdı ki, mən onu televiziyada oxuyub bir şey deyə bilməzdim. Bu kitabı götürüb apardım efirə və İlham Əliyevin nümayəndəsinə verdim ki, Siz Qarabağı belə azad edəcəksiniz? Belə böyüdürsünüz əsgəri? Kitabı verdim televiziyada və keçən il onu kitabdan çıxardılar. Yəni bax bu da bizim bir köməyimiz olub. Biz belə çox şey elmişik. Sadəcə, mən yaxşılığı yadda saxlamıram. Dediyim odur ki, əgər hakimiyyət götürüb xalqa nəsə edirsə bizim proqramımızdan, deməli, biz xalqa nəsə edirik.

 

Biz şəhidlik məktəbi yaratmalıyıq

– Cavid Şahverdiyev yazır: “Fuad müəllim, Qarabağ münaqişəsinin həllində müharibə variantının mümkünlüyü ilə bağlı fikirləriniz maraqlı olardı.”

– Qarabağ məsələsinin çətin bir problem olduğunu hamımız bilirik. Mən bunu hər zaman demişəm, Qarabağ probleminin həll olunması, məncə, ordunun professional sistemə keçməsindən asılıdır. Bizə professional ordu lazımdır. Ondan sonra biz Qarabağı azad edə biləcəyik. 18 yaşında uşağı müharibəyə göndərməyə razı deyiləm. Amma 10-20 minlik professional ordu olsa, problem həll oluna bilər. Biz şəhidlik məktəbi yaratmalıyıq. Yoxsa bu boş-boş danışıqların nəticəsini mən görmürəm. Gedirlər, görüşürlər və qayıdırlar. Nə vaxtsa bu addımı atmaq lazımdır.

– Belə başa düşdüm ki, professional ordunun yaradılması həm də sizin proqramınızda var?

– Təbii ki. Mütləq.

– Yəni hərbi yolu siz də qəbul edirsiniz? Fuad bəy, burada iki partiya ilə qonşusunuz, eləmi? Ədalət və Böyük Quruluş Partiyaları. Onlarla münasibətləriniz necədir?

– Çox yaxşı münasibətlərimiz var. İlyas müəllimlə tez-tez görüşürük. Qonşularımdan razıyam.

– Fazil bəy partiyaya gəlirmi?

– Fazil bəy parlamentə gedəndən sonra daha görüşlərini orada keçirir. Burada artıq onu görmürəm.

– Bəlkə üçünüz bir blok yaradasınız – seçkilər dövrünə?

– Hər şey ola bilər. Sadəcə, təklif olmalıdır. İstək də olmalıdır və o, bizdə var. Bizim bir problemimiz hakimiyyətdir. Bizim arzumuz odur ki, bütün partiyalar birləşsin. Bu feyk profilləri yaradıb suallar verməklə deyil, əslində, sən dəstək olmalısan və biz əl-ələ verib bu hakimiyyəti devirməliyik. Nə mən sənin rəqibinəm, nə də sən mənim rəqibimsən. Bu feyk profillərlə sən nə edə bilərsən ki?

– Təşəkkür edirəm.

– Sağ olun.

 

SON

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button