”Qocalar Evi”nə sığınan əlillərin mənzil tələbi…

”Gözümüzün qarşısında evi tikib, əlilliyi olmayan adamlara satırlar”

“Mənə o binadan mənzil düşürdü. Özləri də demişdilər ki, bina hazır olan kimi ilk mənzil verilənlərdən biri olacam. Bina çoxdan istifadəyə verilib, mənsə hələ də “Qocalar Evi”nin həyətindəki korpusda yaşayıram. İstəyirəm ki, evimi satanlar cəzalandırılsın, evim özümə qaytarılsın”.

35 yaşlı Humay Həsənova Bilgəhdəki Qocalar Evinin ərazisindəki əlavə yeni korpusda yaşayır. O, Hacıqabulda doğulub, gözlərində anadangəlmə qüsur olub. Yetkinlik yaşlarına çatanda isə işığını itirib. Bir gözü tamamilə görmür, digər gözündə 2 faiz görmə qabiliyyəti var. Mütəmadi əməliyyat və müalicələr olmasa, bu görməni də itirə bilər.

8 il əvvəl ailəyə yük olmaq istəməyib və…

Humay xanım ailəsi haqqında danışmaq istəmir. Yalnız onu deyir ki, 8 il əvvəl kasıb ailəsinə yük olmamaq üçün dövlətin müəssisəsinə – “Qocalar Evi”nə sığınıb. Hazırda “Qocalar Evi”nin ərazisində 2-3 ildir ki, istifadəyə verilmiş əlillər üçün korpusda məskunlaşıb. 2013-cü ildə mənzil üçün Sabunçu Rayon İcra Hakimiyyətinə rəsmi müraciət edib. Ərizəsi qəbul olunub, mənzil növbəsinə götürülüb. Sırada 35-ci şəxs olub. Bir çöx gözdən əlil kimi Humay xanım da Nərimanov rayonu ərazisində istifadəyə verilmiş binadakı mənzillərdən birinə köçürüləcəyini gözləyirmiş. Ancaq ona çatacaq mıənzilin satıldığını eşidəndə ümidsizləşib:

Humay Həsənova
Humay Həsənova .

“Burada özümü rahat hiss etmirəm. Mənimlə eyni otaqda yaşayan qadın əsəblərimi korlayıb, əsəbdən, depressiyadan gözümün olan-qalan nurunu da itirmək üzrəyəm. Halbuki, dövlət mənimçün ev tikib ki, rahatlığım təmin olunsun. Evimi satıblar, başqa yerdən ev alıb versinlər. Mən nə vaxta kimi gözləyəcəm? 2 ildir araşdırırlar, bir yerə çıxmırlar. İllər keçir, biz sürünə-sürünə qalmışıq. Bunların istintaqı bitmək bilmir. Bir gözümdə cəmi 2 faiz görmə qalıb. O da tutulsa, burda mənə kim baxacaq? Təmizlikçi yox, tibb bacısı yox, şərait yox… Öz evim olsa, bir evsiz yanımda qalar, həm mənə baxar, həm də özünün qalmağa yeri olar”.

İstintaq davam edir

Nərimanov Rayon İcra Hakimiyyəti bu məsələyə münasibət bildirmir.

2011-ci ildə Nərimanov rayonu ərazisində – Faiq Yusifov küçəsi, 40 ünvanda gözdən əlillər üçün 12 mərtəbəli, 132 mənzilli bina tikintisinə başlanılıb. Binanın tikintisi iki il gecikmə ilə başa çatıb. 2015-ci ildə prezident İlham Əliyev binanın istifadə verilməsini bildirən qırmızı lenti kəsib. Lakin sonra məlum olub ki, gözdən əlillərə pulsuz verilməli olan mənzillərin çoxu aidiyyəti olmayan adamlara satılıb. Mənzil növbəsində olan və binanın istifadəyə verilməsini səbirsizliklə gözləyən gözdən əlillərin etirazlarından sonra faktla bağlı cinayət işi başlanıb. Baş Prokurorluq bu iş üzrə həm Gözdən Əlillər Cəmiyyətini, həm də Nərimanov Rayon İcra Hakimiyyətini dindirmələrə cəlb edib.

Əlilin adına tikib başqalarına satırlar

 

“Qocalar Evi”ndəki eyni korpusda yaşayan 1-ci qrup əlil, 49 yaşlı İlqar Qəniyevin də mənzil arzusu var. O, 27 yaşındaykən qatardan yıxılıb və bir ayağı təkərin altında qalaraq kəsilib. Ailəli olub, ancaq hadisədən qısa müddət sonra həyat yoldaşı azyaşlı oğlunu da özü ilə götürərək, onu tərk edib. Uzun illər Şirvanda ata evində yaşayıb. Ona əsasən anası qulluq edib. Anasının vəfatından sonra qardaşına yük olmamaq üçün Bakıya gəlib. Ramanadakı 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reablitasiya Mərkəzində yaşayıb. Sonradan buraya köçürülüb. Yasamal Rayon İcra Hakimiyyətində mənzil növbəsindədir.

“Prezindent qərar, tapşırıq verir ki, əlilə ev tik. Əlilin adına tikilən ev tikilir və başqalarına satılır. Əvvəllər elə Şirvanda mənzil növbəsindəydim. Növbədə 12-ci idim. Əlillər üçün evlər tikilirdi, satılırdı. Hər dəfə deyirdilər, növbəni gözlə. Deyirdim, qocaldım, sırada 12-ci adama növbə gəlib çatmadı? Gözümüzün qarşısında evi tikib, əlilliyi olmayan adamlara satırlar. Əlillər üçün tikilən binadan 4 otaqlı mənzili 20 minə satdılar. Halbuki, o mənzil mənim haqqım idi”.

Beləcə, Şirvanda mənzilə sahib ola bilməyən İlqar Qəniyev bəxtini Bakıda sınamağa qərar verib. Hazırda Yasamal Rayon İcra Hakimiyyətinə gedib gəlir.

Mülki əlillərə ev tikilmir

“Araba ilə hərəkət edən adamam, hər dəfə pensiyamdan taksiyə verib icra hakimiyyətinə gedirəm. İndi icra hakimiyyəti də başqa binaya köçüb, gedib-gəlmək, yolpulu bahalaşıb. Ümid verən bir söz deyən yoxdur”.

Yasamal Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, qurum hazırda mülki əlillər üçün bina tikmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə tikilən binalar müharibə əlilləri və şəhid ailələri üçündür: “O mülki əlilə dövlət sahib çıxıb, küçədə qalmır, yeməyi, qalmağa yeri… Nə vaxtsa mülki əlillərə bina tikintisinə başlananda onun da şəxsi mənzili olacaq”.(meydan.tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button