QOLSUZ ƏSGƏRİN DUASI

Sultan Mərzili

 Mən vətən yolunda

yolumu duydum,
Vuruşdum,

çarpışdım,

ölümü duydum.
Allahım, üstümdə səni görmüşəm,

Qoyduğun haqq yola qolumu qoydum.

 

Şah Abbas məscidi

şahanə durmuş,
Neçəsi namazda özünü yormuş.
Mənim qollarımı

kimsə görməyir,

Mələklər ağlaşır, şeytanlar kormuş.

 

Daha yolum bitmiş,

gedə bilmirəm…
Suçum varmı mənim, nədə, bilmirəm?
Qollarım yoxdur, aah,

bağışla məni,
Qaldırıb dualar edə bilmirəm!

 

UTANAR

 

Zurnanı kəs, çalma neyi,

Oxutma, mahnım utanar.

Neyləyirəm mən gileyi,

Ah çəksəm, ahım utanar.

 

At minib ordu basmadım,

Qayadan bir hay asmadım,

Əlimdə tutdum, atmadım,

Oxum, kamanım utanar.

 

Ötdü keçdi, zaman keçdi,

Sünbul oldu saman, keçdi,

Ömür-gün də yaman keçdi,

Bəxti yazanım utanar.

 

Neyləyərəm boş ürəyi,

Tapdalandı düz-çörəyim,

Torpağa verdim kürəyi,

Dinim, imanım utanar.

 

İlahim, sən ver köməyi,

Yaşayıb şanlı ölməyi,

Qismət et qanlı köynəyi,

Kəfəndə canım utanar.

 

TORPAQ QAYIDA…

 

Başçılar başını torpağa qoysa,

Torpağı anlasa, torpağı duysa,

Torpağa and içsə, torpağı saysa —

Torpaq qayalanar, torpaq qayıdar.

 

Babaların ruhu qalxsa qəbirdən,

Dəyanətli ellər bezsə səbrdən,

Ellərə sərkərdə tapılsa birdən —

Torpaq alaylanar, torpaq qayıdar.

 

Köksündə din-iman bəsləyən olsa,

Namusu-qeyrəti səsləyən olsa,

Torpağı ürəkdən istəyən olsa —

Torpaq halaylanar, torpaq qayıdar!.

 

Torpaqdan olmuşsa Adəm babamız,

Adam çağrılırsa bu dəm adımız,

Polad zəncirdisə əgər zatımız —

Torpaq dolaylanar, torpaq qayıdar…

 

Bu necə taledi, bu necə baxtdı?!

O taylı-bu taylı yandırdı, yaxdı,

Qalx ey Azərbaycan, ayağa, vaxtdı,

Torpaq haraylana, torpaq qayıda!

“Xural” qəzeti,

il 9, sayı: 062 (472), 17 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button