Ayaz Mütəllibovdan Azərbaycanın müstəqilliyinə ironik yanaşma!

Ayaz Mütəllibov

 QARABAĞ – QARALAN BAĞ!

 1918-1920-ci illər – Azərbaycanın “müstəqil” adlandırıldığı dövr – materialları araşdırarkən təəccüblə gördüm ki, Müsavat hökuməti Qarabağın ərazisinə nəzarət etmirmiş

 

Etiraf etməliyəm ki, vaxtında Azərbaycanın tarixi keçmişi ilə az maraqlanmışam, xüsusən erməni-azərbaycanlı münasibətləri kontekstində…

 9-cu yazı

 Yerli xanların və bəylərin dağ yaylaqlarından enəndən sonra çağrılmamış qonaqları görəndə necə qəzəbləndikləri barədə Qriboyedovun yazdığı sözlər yadımdan çıxmır:

“…Mən gecə-gündüz onları inandırmağa çalışırdım ki, bu köçürmə müvəqqəti tədbirdir və gələcəkdə ermənilər onların torpaqlarına yiyələnməyəcəklər…” Burada dəqiqləşdirmək lazımdır ki, söhbət gəlmə ermənilərdən gedir, axı yerli ermənilər də vardı. Vaxtilə Qafqaz Albaniyası adlanan və indi Azərbaycanın hüdudları daxilində yerləşən dövlətin bir hissəsinin – Dağlıq Qarabağın aborigenləri albanlar idi; onlar yeni eranın VII əsrində Azərbaycanda islam dininin qəbul edildiyi dövrdə xristianlığı saxlamış, erməni qriqorian kilsəsinə sığınmışlar. Sonralar yerli albanlar tədricən erməniləşmiş və qriqorianlığı qəbul edərək, özlərini erməni hesab etməyə başlamışlar. Onlar İrandan köçən erməniləri xoşlamırdılar.

Rusiya mütləqiyyəti İrandan ermənilərin buraya köçürülməsinə kömək edirdi. O, bu ermənilərdə özünün sadiq təbəələrini, bəlkə də öz hakimiyyətinin dayağını görürdü. Sonralar çar hökuməti diyarda öz qaydalarını qoydu, beləliklə, əvvəlki əmin-amanlıq çar hökuməti üçün böyük problemlərlə əvəz olundu: millətlərarası çəkişmələr. Rusiya çarının, Qafqaz canişinlərinin sarayında intriqalar başlandı. Zaqafqaziyada quberniyalar yaradılarkən (Qarabağ Yelizavetpol quberniyasının tərkibinə daxil idi) onların heç biri monomillətli deyildi. Gəlmə rus əhalidən başqa bütün xalqlar, birinci növbədə ermənilər və azərbaycanlılar tarixə əsaslanaraq bu və ya digər ərazinin özlərinə mənsub olduğunu iddia edə bilərdilər. Bu mənada Qarabağ istisna deyildi, lakin həmin dövrün Qarabağ erməniləri bu fikirlə razılaşmırdılar. Nəyə əsaslanırdılar? Sən demə, onların bəzi mülahizələri vardı: Mən “Qafqaz arxeoqrafiya komissiyasının aktları”nda (12 cild, 2-ci hissə, “Tiflis, 1904-cü il”) erməni katalikosu İosifin maraqlı bir məltubuna rast gəldim. Məktubda deyilirdi: “Böyük Pyotradək erməni kilsələri hələ az idi. İki patriarx taxtı vardı – biri bütün ermənilərin Ali patriarxı Ararat katalikosunun sahib olduğu taxt idi, digəri isə Ağvan katalikosunun əyləşdiyi Qandzar taxtı. Ağvan katalikosu dini məsələlərdə Eçmiadzin ali hakimiyyətinə tabe olsa da, Şuşa, Gəncə, Şəki və Şirvan xanlıqlarında yaşayan erməniləri inzibati işlərdə müstəqil idarə edirdi”.

Görəsən, bu, nə demək idi? Xeyli fikirləşəndən sonra belə bir nəticəyə gəldim ki, müxtəlif tarixi, siyasi və iqtisadi səbəblər üzündən Qarabağa, Azərbaycanın digər xanlıqlarına gəlib məskən salan ermənilər müxtəlif dövrlərin erməni tarixçilərinin sonrakı iddialarına baxmayaraq, etnik cəhətdən vahid millət təşkil etmirdilər. Mən tarixçi olmadığım üçün polemikaya girmək fikrində deyiləm. Sadəcə olaraq, Qarabağın tarixi nümunəsinin əsasında bir çox məsələləri özüm üçün aydınlaşdırmaq istəyirəm. Apardığım adi tarixi araşdırmalar nəticəsində əmin olmuşam ki, Qarabağ erməniləri ilə Yerevan ermənilər arasında müəyyən fərq vardır. Mütəxəssislər bunu çox asanlıqla izah edirlər: İrəvan xanlığı Rusiyanın tərkibinə daxil olanadək orada əsas etibarilə azərbaycanlılar yaşamışlar. Erməni “ünsürü” sonralar Türkiyədən gəlmişdi. Bilirəm ki, İrəvanın mərkəzində ucaldılmış və sonralar daşnaklar tərəfindən dağıdılmış müsəlman məscidi uzun illər şəhərin yaraşığı olmuşdur. Təsəvvür edirəm ki, bu məscid salamat qalsaydı, indi Ermənistanın paytaxtı nə qədər gözəl görünərdi.

General Andranik… Bu şəxsiyyət ətrafında müxtəlif vaxtlarda həddindən artıq mübahisələr olmuşdu. O, Qarabağda vuruşmuş, gah 1918-ci ilin payızında Bakıya gələn Antanta qoşunlarına kömək etmiş, gah da bolşeviklərə yaltaqlanmışdı, inqilabdan sonra Rusiyada nə qədər jurnalistlər bu adamın sirrindən baş açmağa cəhd göstərmişdilər. Yadımdadır, məşhur sovet marşalları İ.X.Baqramyanın və İ.X.Babacanyanın doğulduqları Çardaqlı kəndinin yerli erməni sakinləri özlərinin vəsaiti hesabına Andranikin abidəsini ucaldırdılar və hər dəfə həndəvərdəki azərbaycanlı kəndlərindən gəlib abidəni sökürdülər. O vaxt heç kəs buna o qədər də baş qoşmurdu, həmin kiçik dağ kəndində milli qarşıdurmanın gələcəkdə nə kimi siyasi nəticələr verəcəyini nəzərə almırdı.

Çardaqlı kəndi Qarabağdan uzaqda yerləşir, amma bu erməni “qəhrəman”ı nədənsə məhz orada əbədiləşdirmək istəmişdilər. Səbəbi indi aydınlaşır: Azərbaycan erməniləri o zamankı müdafiə naziri D.F.Ustinovla dostluq edən məşhur sərkərdə İ.X.Baqramyanın himayədarlığından istifadə edərək, iki xalq arasındakı münasibətləri pozmağa cəhd göstərirdilər.

1918-1920-ci illər – Azərbaycanın “müstəqil” adlandırıldığı dövr. Materialları araşdırarkən təəccüblə gördüm ki, Müsavat hökuməti Qarabağın ərazisinə nəzarət etmirmiş. Orada buqələmun kimi gah ağ, gah da qırmızı rəngə girən daşnaklar eləyirlərmiş. Bolşeviklərin qalib gəldikləri qəti məlum olandan sonra Qarabağ daşnakları Moskvanın qılığına girməyə başladılar və niyyətlərinə çatdılar. Azərbaycanın Müsavat hökuməti özünün əslində bütün silahlı qüvvələrini Qarabağ separatçılarının yatırılmasına göndərdi, lakin bu vaxt qırmızıların XI ordusunun qoşunları Azərbaycana yaxınlaşdılar. Bakı ilə Moskva arasında da fəal danışıqlar başlandı. Moskva Dağlıq Qarabağ da daxil olmaqla respublika ərazisinin bütövlüyünə təminat verirdi. Bakıda hakimiyyət döyüşsüz təslim oldu. Qarabağ Azərbaycanın tərkibində qaldı.

Bu sətirləri oxuyanlar Qarabağın tarixinə dair mənim fikirlərimlə özlərinin nöqteyi-nəzərləri arasında bəlkə də müəyyən fərqlər olduğunu görəcəklər. Əgər belədirsə, mən indinin özünədək geniş Oxucu kütləsindən gizlədilən, bir çox örtülü məsələlərin üstünə işıq salan elmi və publisistik ədəbiyyatdan istifadə etdiyimi bildirməklə kifayətlənirəm.

Etiraf etməliyəm ki, vaxtında Azərbaycanın tarixi keçmişi ilə az maraqlanmışam, xüsusən erməni-azərbaycanlı münasibətləri kontekstində. Bir çox yaşıdlarım 1905-ci və 1918-ci illərdə iki xalqın arasında toqquşmalar olduğunu bildirirdilər, amma bu münaqişənin səbəblərini araşdırmırdılar, faktın özündən xəbərdar olmaları ilə kifayətlənirdilər. Yəqin ki, bu, azərbaycanlıların xarakterindən irəli gəlirdi – yamanlığı unutmaq, əlindən xəta çıxanı bağışlamaq, kin saxlamamaq. Bəzən fikirləşirdim ki, Azərbaycanın Qarabağ hadisələrindən dərhal baş çıxarmağa və bəlanı müstəqil surətdə kökündən kəsməyə hazır olmasından məhz bu, özünün məkrli rolunu oynamışdır.

Güman etmək olardı ki, tarixi təcrübədən ibrət dərsi götürüləcək, lakin… Bəlkə də məhz buna görə “milli məsələlər üzrə məşhur mütəxəssis” Qalina Starovoytovanın dilindən çıxıb: “…əlində bu qədər təkzibedilməz dəlillər olmasına baxmayaraq, haqlı olduğunu sübut edə bilməyən xalqa adamın həqiqətən yazığı gəlir”. Bu sözləri mənə Starovoytovanın dilindən eşidənlər çatdırıblar. Məlumdur ki, o, ermənipərəst mövqedə durduğunu heç vaxt gizlətməmiş, Qarabağ faciəsini qızışdırmaq üçün çox iş görmüşdür. Mən onun cümləsinin tam dəqiqliyinə zəmanət verə bilmərəm, amma sözlərinin mənasını saxladığıma əminəm. Bu məna isə çox məsələlər barəsində düşünməyə vadar edir.

Bir daha Sumqayıtın üzərinə qayıdaraq deməliyəm ki, Sumqayıt qırğını uzun müddət dillərdən düşmədi. Sumqayıt vəhşi qırğının dəhşətli rəmzinə çevrildi – bir çoxları sonralar baş verən azğınlıqlara məhz Sumqayıtla bəraət qazandırdılar. Məsələn, son 160 min nəfər azərbaycanlı Ermənistandan qovuldu – Sumqayıta görə. 1988-ci ilin axırlarında Ermənistanın təkcə Quqark rayonunda yetmiş nəfərdən çox azərbaycanlı öldürüldü – yenə də Sumqayıta görə. Azərbaycanlıları adekvat əməllərə təhrik edən erməni quldurlarının müxtəlif vəhşilikləri Sumqayıtın adına yazılırdı.

Sumqayıt bu günədək sonu görünməyən qanlı hadisələriin başlanğıcını qoydu.

Məhz buna görə də mən sonralar respublikanın rəhbəri ikən Sumqayıt hadisələrinə münasibətimi bildirməli olaraq dəfələrlə açıq-aydın demişəm ki, həmin talan və azğınlıqlarda iştirak etmiş azərbaycanlıları öz xalqının düşmənləri hesab edirəm. Doğma vətənə bundan böyük xəyanət təsəvvür eləmirəm. Adamları həmin vəhşilikləri törətməyə təhrik edənlərin hamısını lənətlə damğalayıram.

Bu cür yırtıcılar o tərəfdə də vardı, bu tərəfdə də. Amma hamısının məqsədi eyni idi – iki qonşu xalq arasında ədavət törətmək. Və məqsədlərinə nail oldular.

 

Azərbaycan KP MK bürosunun iclasi

 

1988-ci ilin mart ayının ortalarında Bakı qaynayan nəhəng bir qazana bənzəyirdi – qapağı kip örtülmüşdü, arabir bu qapağın altından güclü fışıltı ilə çıxan isti buxar ətrafa yayılırdı.

Sumqayıtla əlaqədar olaraq vəziyyətin kökündən dəyişdiyi Stepanakertdən qayıdandan sonra qəti əmin oldum ki, münaqişəni məhdudlaşdırmağa əslində vaxt qalmayıb. Münaqişənin qarşısını almaq imkanı – Qarabağ hərəkatının liderləri bunu istəmirdilər – əldən verilmişdi. Hərçənd bəziləri Ermənistan qarşısında belə bir şərt qoymağı təklif edirdilər: erməni qaçqınlar DQMV-də məskunlaşdırılarsa, azərbaycanlı qaçqınlar da ora qaytarılmalıdır. Güman edirlər ki, bu, azərbaycanlıların muxtar vilayətdən və Ermənistandan qovulmasının qarşısını alar. Həmin tədbir DQMV-dəki yurd-yuvasından kortəbii surətdə çıxıb gedən digər millətlərin nümayəndələrinə də kömək edir. Lakin Mərkəzin elçiləri bu təklifə mənfi münasibət bəslədilər. Həmin tədbirin həyata keçirilməsinə nə respubliknın rəhbərliyi təkid etdi, nə də Xalq Cəbhəsi. Əslində, Xalq Cəbhəsində hakimiyyəti ələ keçirmiş radikallar ideoloji meyarları və vətənin mənafelərini yox, yerlibazlıq amalını rəhbər tuturlar. Radikalların çağırışlarının ağır nəticələrini qabaqcadan görməyə qadir olmayan adamların beyinlərində qarmaqarışıqlıq hökm sürdüyünə görə, cəmiyyət bu hərəkatın liberal hissəsini fəaliyyətə cəlb edə bilmədi.

Halbuki respublikanın rəhbərliyi vaxtında düzgün istiqamət götürüb təşəbbüs göstərsəydi, siyasi qüvvələri birləşdirmək mümkün olardı ki, bu da onun xalqı birləşdirməsinə, məsuliyyətin də xeyli hissəsini öz üzərinə götürməsinə imkan verərdi. Bu, Azərbaycanın rəhbərlərində inam yaradar və onları daha qəti tədbirlər görməyə sövq edərdi.

Stepanakertdən qayıdandan bir neçə gün sonra Azərbaycan KP MK-nın büro iclasına dəvət edildim. Sumqayıt hadisələrindən sonra büro iclasları hər gün keçirilirdi. Bu iclasda G.Razumovski və P.Demiçev də iştirak edirdilər. Onlar əvvəlcə Sumqayıtda olmuşdular. İclası açan K.Bağırov respublikadakı vəziyyət barədə danışdı və büro üzvlərindən xahiş etdi ki, öz fikirlərini bildirsinlər – indi neyləyək, bundan sonra hansı işləri görək? Hamıdan əvvəl Razumovski söz aldı və dərhal partiya fəallarını passivliyə, əhali arasında izahat işinin zəifliyinə görə tənqid etməyə başladı. Mərkəzi Komitəyə bəraət qazandırmaq üçün söz demək istəyən V.Konovalovun da payını verdi. Razumovski qırıq-qırıq, nəzərə çarpan əsəbiliklə danışırdı, məndə elə təsəvvür yarandı ki, bununla o, özünün karıxdığını və dediyi sözlərə müəyyən dərəcədə inanmadığını gizlətməyə çalışır. Ona qulaq asan büro üzvləri bir-birilərinə müəmmalı nəzər salmağa başladılar. Deyilənlərə inanmadıqları aşıq-aydın duyulurdu. Yüksək rütbəli partiya çinovnikinin adi tənqidi çıxışına hamı çoxdan alışmışdı, amma mənə elə gəlirdi ki, Razumovski sözünü mümkün qədər tez qurtarıb Bakını tərk etməyə, gözlənilməz ağır yükdən azad olmağa çox tələsir. Axırda həmin günlər üçün heç bir əhəmiyyəti olmayan tövsiyələr verib əyləşdi.

“Xural” qəzeti,

il 9, sayı: 062 (472), 17 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button