Quba birləşmə tələb edir!

Qaynayan əyalətdən Azərbaycanın gələcəyini düşünənlərə müraciət var…

Ey bu Millətin, Vətənin, Dövlətin təəssübünü çəkən, dünənini, bugününü, sabahını düşünən, Bütöv Azərbaycanı Vətəni bilən qardaş və bacılarımız.

Vətəndaş məsuliyyəti, milli mənsubiyyəti hər bir övladından Vətəninin, millətinin etibarlı gələcəyi uğrunda mümkün olan hər şeyi etmək cəsarəti, fərasəti tələb edir. Bizi yaradan, yaşadan, öldürən və dirildəcək Allah xatirinə, özümüzdən sonra qoyub gedəcəyimiz nəsillərimiz naminə bir daha dərindən düşünək Türk millətinin, İslam ümmətinin, Azərbaycan vətəndaşının taleyini. Bu gün dünyanı, sabah axirəti itirmək, bu gün nifrət, sabah lənət qazanmaq istəmiriksə, şərlə, nəfslə; şərə, nəfsə qulluq edən bu hakimiyyətlə dinc, hüquqi mübarizə yolunda birləşək. Bəsdir, paramparça olub yolunda mücadilə etdiyimiz, qurbanlar, şəhidlər verdiyimiz bu millətin, vətənin, dövlətin taleyini – neft pullarını saxta seçkilərə sovurub ölkə vətəndaşına 100 manat minimum əmək haqqı qıymayan, vəzifələri şəxsi mülkiyyətinə, rüşfətxorluğu adət-ənənəyə çevirən, vətənə, millətə sədaqətinə görə deyil, ağasına, nəfsinə sadiqliyinə görə seçmə prinsipi ilə işləyən bu soyğunçular mafiyasının ixtiyarına buraxdığımız. Sorğular sorulacaq gündə cavablarımız cəfəngiyyat, üzrlərimiz bəhanə qismində zalımların yardımçısı, şəriki olmağımıza şahidlik edəndə üzülməmək, özümüzün və millətimizin aqibətini xeyirliyə calamaq üçün mümkün olan hər mətləbdə güzəştə gedərək birlikdə çalışaq. Beləcə, Millət olaraq iki yol ayrıcında və uyğun olaraq Allahın təqdirləri (varlıq aləminə hakim olan qaydalar toplusu) qarşısındayıq: Ya parçalanaraq, işğal edilərək əsarət altına düşən millətlər kimi gec–tez bədbəxt və məhv olmalı, ya da ədalətli Milli dövlətini quraraq qanunlarına əməl edən millətlər kimi daim rahatlıqda və tərəqqidə yaşamalıyıq… “Millətlərin taleyində onların istəyindən başqa bir şey amil sayılmır. Çünki qəza–qədər millətə, insana yox, onların seçdiyi yola aid bir məsələdir”. Fikir ayrılıqları, əqidə fərqləri, şəxslərarası narazılıqlar taleyüklü məsələlərdə də birgə fəaliyyətimizin qarşısını alacaqsa, tarix boyu tələf olan və ya milli mahiyyətini itirən qövmlərin sırasına qoşulacağımızla barışmalı olacağıq, Allah göstərməsin.

Alçaq nökərlərinin əliylə toplaşmaq və etiraz etmək haqqı, seçmək və seçilmək imkanı əlindən alınmış “Biz” ola bilməyən milləti boz iqtidardan daha çox paz müxalifət ümidsizliyə yuvarlamaqda.. Ümumiyyətlə, parçalanmış, işqal edilmiş, milli–etnik, dini-təriqət müxtəlifliyinə malik Azərbaycanın pulun və zorun meydan suladığı indiki durumunda millətçilik, məzhəbçilik, yerliçilik, fərdiyyətçilik, firqəçilik inhisarçılıq azarından qurtulub dövlətçilik, vətənçilik, xalqçılıq, ümmətçilik, demokratçılıq, maarifçilik xətti-əqidəsi ətrafında birləşməkdən özgə çıxış yolu görünmür. Bu yolun – xəttin hədəfini tezis şəklində aşağıdakı kimi ifadə etmək olar; Zühura qədərki dönəm üçün:

1. Milli dövlətçilik ideologiyası;
2. İslami yaşam tərzi;
3. Demokratik xalq hakimiyyəti;
4. Hüquqi vətəndaş cəmiyyəti;
5. Sosial yönümlü iqtisadiyyat sintezli milli, dini, demokratik, hüquqi, sosial dövlətçilik modeli yaradacaq “Milli Yol” məsləkdaş ocaqları yaradaraq Bütöv Azərbaycanlı sabahlarımıza sahib çıxan Allahı və vicdanı, valideyni və övladı, vətəni və xalqı, insanlıq və gələcək qarşısında məsuliyyət daşıdığını dərk edən ədalət, mənəviyyat, elm və əqidə sahibi mübariz, fəal vətəndaşlar yetişdirmək. Amacımız və amalımız Bütöv Azərbaycanda yaşayan bütün yerli xalqları, millətləri, ümmətləri əhatə edəsi, ruhlarımızı, cisimlərimizi, mənafelərimizi uzlaşdıra biləsi, keçmişimiz, bugünümüz, gələcəyimiz arasında körpü olası dolğun bir ideologiyanın daşıyıcısı və onu həyata keçirəcək proqramın təminatçısı olan bir qurumda bütün vicdanlı və qeyrətli türk, müsəlman, vətən övladını güzəşt, etibar, inam əsasında birləşdirə biləsi Dövlət rəmzimiz (Bayrağımız) olan Milli yolda məsulliyət və insaf hissini itirmədən mübarizəni davam etdirməkdir. Bizə görə din siyasi həyatda müstəmləkəçiliyə və zülmə qarşı – müstəqillik və ədalətli cəmiyyət (bizim üçün həm də Qarabağın azadlığı) uğrunda mübarizələrdə səfərbəredici mənəvi bir məfkurə kimi iştirak etməklə kifayətlənməlidir.

Hər bir millətin mövcudiyyəti məsələsində on şərt önəmlidir; cismani və ruhani varlığı, ağsaqqal və alimə itaəti, ərazi və dil özünəməxsusluğu, dini inancı və tarixi, mübarizə əzmi və dövlətçiliyi. Bu milli mövcudluğumuzun mənbəyi olan vətənimiz yeddi para, dövlətimiz məsləksiz, müsəlmanlığımız mahiyyətini itirməkdə, türklüyümüz təhlükədə, mənəviyyatımız aşınmaqda, Qarabağ qeyrətimiz qısılı, ailə təməlləri, ağsaqqallıq kultu dağılmaqda… Maddiyyat və məqam məqsədli indiki Azərbaycan iqtidarının islah olacağına, islahat aparacagina ümidlərini itirməsələr də, ümummilli ümidləri doğruldacağına, dərdlərə carə qılacağına, Qarabağı azad edəcəyinə, azad sözlə dost olacağına inamı olmayan, (bayrağımızda təsbit olunmuş) milli-islami-demokratik düşüncələrin daşıyıcıları olan insanlarımız həm ölkədə, həm mühacirətdə məyusluq içərisindədir. Təbii olaraq istəyimiz otaylı–butaylı, iqtidarlı–müxalifətli bütün yurddaşlarımıza yiyə durası, milli–mənəvi dəyərlərimizə, yerüstü–yeraltı sərvətlərimizə sahib çıxası, könüllərdə ölüsünə rəhmət, dirisinə hörmət qazanan qarışıq seçki sistemi olan prezidentli parlament respublikasi tipli milli bir hakimiyyətdir.

Vətəndaş fəallığı, ziyalı məsuliyyəti, milli dəyərlər,vətənsevər yurddaş, demokratik seçki, insan haqları, sağlam mühit, savadlı toplum, ədalətli cəmiyyət yönümlü və Qarabağ, Demokratiya, Dəyərlər, Ədalət, Elm, Rifah şüarlı “Qarabağ və Demokratiya Uğrunda “Hərəkat”da birləşmək çağırışı ilə Quba rayonunda yaşayan 10 (on) nəfərlik təşəbbüs qrupumuz Sizlərə bu müraciəti ünvanlayır. Bu təşəbbüsləri və prinsipləri həyata keçirmə mexanizmi doğruluq üzrə, dəqiqliklə qurulmalıdır ki, təmiz niyyətlərə, işıqlı istəklərə yol açan Uca Tanrı yardımçımız olsun… Amin!

1. Eynulla Müslüm, KXCP, müəllim
2. Eldar Sübhanverdi, QHT, müəllim
3. Elxan Musayev, bitərəf, müəllim
4. İbrahim Əliyev, KXCP, çörəkçi
5. Nadir Əliyev, AMİP, mühasib
6. Mobil Əhmədov, QHT, hərbçi
7. Aslan Həsənov, KXCP, məşqçi
8. Zabit Babayev, bitərəf, müəllim
9. Abdulla Məmməd, bitərəf, müəllim
10. Cabir Albantürk, QHT, yazar.

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 6-12 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button