Qulda(u)rların Azərbaycan qulları

İmişlidə qənd tozunun 1 tonunu 60 qəpiyə, Bakıda qəndin 1 tonunu 1 manata daşıtdırırlar!..

21-ci əsrdə qul istismarı baş verir – buna dözmək olarmı? Xeyr!!!

AXCP sədrinin müavini Razi Nurullayevin “Facebook” səhifəsində maraqlı bir məlumata rast gəldik. Məlumatda deyilir: “İmişli Şəkər zavodunda insanların qul kimi istismarı baş verir. Tam dəqiq məlumat almışam ki, 1 ton qənd tozunun daşınaraq səliqə ilə vaqonlara doldurulması üçün işçiyə 60 qəpik ödənilir. 12 saatlıq işdən sonra qara fəhlələr sabahdan işə çıxmayacaqlarına qərar versələr də, ac qalmaq təhlükəsi qarşısında yeni 60 qəpiyə bir ton qənd tozunu daşımaq məcburiyyətində qalırlar. 21-ci əsrdə qul istismarı baş verir. Buna dözmək olarmı? Xeyr!”

Razi Nurullayev daha sonra mətbuat nümayəndələrinə səslənir və bu dəhşəti araşdırmağa ehtiyac duyulduğunu bildirir. O cümlədən İmişli Şəkər Zavodunun da məsələyə aydınlıq gətirməli olduğunu bildirən sədr müavini sözlərini maraqlı bir sualla bitirir: “Budurmu Azərbaycanda inkişaf?”

Məlumatın izi ilə yola çıxdıq və qısa araşdırmadan sonra təsbit etdik ki, məlumat həqiqət payı daşıyır. Belə ki, “Azərsun”dakı mənbələrimizdən aldığımız məlumata görə, həqiqətən şirkətin heç bir qeydiyyat aparmadığı günəmuzd işçilər var ki, onların əməyindən istifadə olunur. “60 qəpiyə İmişli zavodunda 1 ton qənd tozunun daşınması faktdır. Bu fəhlələr heş bir yerdə qeydiyyatda yoxdurlar. Yəni “Azərsun”un işlətdiyi bu Azərbaycan balalarına “fəhlə” demək doğru deyil. Onlar quldurlar və monopolist quldurlar tərəfindən kölə kimi işlədilirlər. Buna görə də “qul”ları heç bir etiraz haqqı yoxdur. Etiraz edən o 60 qəpikdən də məhrum oluna bilər”…

Araşdırmalarımız zamanı ortaya çıxdı ki, “Azərsun”un bu tip bir zavodu da Bakının Dərnəgül qəsəbəsində fəaliyyət göstərir. Bu da qənd zavodudur. Burada da İmişlidə olduğu kimi qul əməyindən quldurcasına istifadə edilir, amma 1 ton qənd daşınmasının İmişlidəkindən fərqi var. Dərnəgüldəki zavodda 1 ton qənd daşınması üçün Azərbaycan balalarına 1 manat (!!!) pul ödənilir. 1 tonda 20 ədəd 50 ki-lıq torbalar olduğu üçün, 20 ədəd 50 kq-lıq torbanı daşıyana 1 manat verirlər. “İnanılmaz bir şeydir. Siz o “fəhlə”lərin durumunu görəsiniz, dəhşətə gələrsiniz. Elə bil filmlərdəki kimidir. Bunlar Azərbaycanın sərvətlərinə də belə baxırlar. Sanki bizim millətdən deyillər” – deyən mənbəmiz, işçilərin hüquqlarının qorunmadığını bildirdi.

Məsələni araşdırmaq və münasibət öyrənmək üçün “Azərsun” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kazım Babayevlə əlaqə saxlamaq istədik. Amma təəssüf ki, Kazım Babayevin bizdə olan telefonları cavab vermədi. Mövzunu diqqətdə saxlamağa davam edəcəyik…

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 20-26 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button