Rusiyada prezident seçkisi başlanır

Martın 15-də Rusiyada üçgünlük prezident seçkisi başlanıb. Seçkini indiki prezident Vladimir Putinin udacağı, daha altı il ölkəni idarə edəcəyi gözlənir. O, narazılara və müstəqil mediaya sərt divan tutub, ciddi opponentləri prosesdən kənarlaşdırıb.

Azad və ədalətli olmayacağı gözlənən bu seçki həm də 2022-ci ilin fevralında qonşu Ukraynaya qarşı tammiqyaslı işğal başlayandan ilk böyük səsvermədir.

71 yaşlı Putin 25 ilə yaxındır Rusiyanı ya prezident, ya da baş nazir kimi idarə edib. Onun seçkidə üç rəqibi var – Liberal-Demokrat Partiyasından Leonid Slutski, Dövlət Dumasının spiker müavini Vladislav Davankov və Dumanın Kommunist Partiyasından üzvü Nikolay Xaritonov. Bu şəxslərin siyasi mövqeyi Putinkindən, demək olar, fərqlənmir.

Müharibəyə qarşı çıxan 60 yaşlı siyasətçi Boris Nadejdinin namizədliyi ötən ay Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən rədd olunub. Onun namizədliyinin qeydiyyata alınması üçün verilən imzaların bir qisminin etibarsız olduğu bildirilir. Ali Məhkəmə MSK-nın qərarını qüvvədə saxlayıb.

Martın 15-də 11 vaxt qurşağında, o cümlədən Moskvanın qanunsuz ilhaq etdiyi Ukrayna regionlarında 100 minədək səsvermə məntəqəsi açılıb.

Ukrayna və Qərb hökumətləri Moskvanın Ukrayna regionlarında keçirdiyi səsverməni “qanunsuz” adlandırıblar.

Nəticələrin martın 18-də elan ediləcəyi gözlənilir.

Putinin rəqiblərinin həbsdə, sürgündə olduğu, yaxud artıq vəfat etdiyi bir durumda nəticə şübhə doğurmur. Martın əvvəlində “VTSIOM News”un keçirdiyi sorğuda vətəndaşların 75 faizi keçmiş KGB zabiti Putinə səs verəcəyini deyib.

Ölkədə müstəqil mediaya və insan haqlarına təzyiqlər Ukraynanın işğalı başlamazdan öncə start götürüb, o vaxtdan daha da sürətlənib. Seçkidən düz bir ay öncə isə Putinin açıq tənqidçisi, müxalifətçi Aleksey Navalnı həbsdə vəfat edib. Rəsmilər onun təbii səbəblərdən öldüyünü desələr də, tərəfdarları öldürüldüyünü düşünürlər.

Bir çox müşahidəçilərin fikrincə, Putin ən zəif rəqibini belə sıradan çıxarmaqla qələbəsinin miqyasını böyütmək, bunu da rusiyalıların Ukraynadakı müharibəyə dəstəyinin sübutu kimi təqdim etmək istəyib.

Çoxları seçkinin azad və ədalətli keçəcəyini gözləmir, müstəqil monitorinq ehtimalı belə çox aşağıdır. Nadejdin müşahidəçiləri cəlb edəcəyini demişdi. Ancaq onun bunu necə edəcəyi bəlli deyil, çünki yalnız qeydiyyata alınmış namizədlər, yaxud dövlətin dəstəklədiyi qurumlar məntəqələrə müşahidəçi göndərə bilərlər.

“Dünyada kim bunun gerçək seçki olacağını düşünür?”, – ABŞ-ın Moskvadakı keçmiş səfiri Maykl Makfol (Michael McFaul) seçkidən öncə CurrentTimeTV-yə müsahibəsində deyib.

Navalnı ölümündən öncə ümidvar idi ki, seçkidən ictimaiyyətin müharibəyə və Putinin sərt idarəçiliyinə etirazını göstərmək üçün istifadə edəcək. O, seçiciləri günorta 12-də səs verməyə çağırıb, bunu ” Günorta Putinə qarşı” aksiyası adlandırıb. Navalnı deyirdi ki, martın 17-də günorta saatlarında küçələrə çıxan böyük izdihamın görünməsi heç kimi təhlükəyə atmadan güclü mesaj vermiş olacaq. Onun xanımı və digərləri bu çağırışı davam etdiriblər.

Ancaq strategiyanın necə işləyəcəyi aydın deyil. Moskvanın aparıcı hüquq-mühafizə orqanı martın 14-də aksiyada iştirakla bağlı xəbərdarlıq edib, iştirakçıların cəzalandırılacağını bildirib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button