Rusiyanın Ukrayna regionlarına zərbələrindən iki nəfər həlak olub

Ukraynanın bir neçə vilayətinə Moskvanın dron və raket zərbələrindən azı iki nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Məlumatı ordu və region rəsmiləri martın 15-nə keçən gecə yayıb. Rusiya isə Belqorod sərhəd regionunun Ukrayna dronları və raketlərinin hücumuna məruz qaldığını bildirib.

Ukraynanın qərbi Vinnitsa vilayətinin eyniadlı paytaxtında yaşayış binasına dron zərbəsindən bir nəfər həlak olub, dörd nəfər yaralanıb, – region qubernatoru Serhiy Borzov Telegram-da yazıb. O daha sonra qadın olan ikinci qurbanın da xəstəxanada vəfat etdiyini bildirib.

Ukrayna ordusunun məlumatına görə, Rusiya yeddi vilayətə 27 “Şahid” dronları və səkkiz raketlə hücum edib. 27 dronun vurulduğu, əksəriyyətinin paytaxt Kiyevə istiqamətləndiyi bildirilir.

Ordu raketlərin vurulub-vurulmadığını açıqlamayıb.

Məlumatda o da deyilir ki, Ukrayna qüvvələri son 24 saat ərzində şərqi Donetsk vilayətində 76 döyüşdə iştirak edib.

Rusiyada üçgünlük prezident seçkisinin başladığı bir vaxtda isə rəsmilər Belqorod sərhəd regionuna Ukrayna dronları və raketlərinin hücumlar gerçəkləşdirdiyini bildiriblər.

Artıq bir neçə gündür sərhədin o tayından hücumlara məruz qalan Belqorod şəhərinə raket və dron zərbələrindən iki nəfər yaralanıb, bir neçə yaşayış binasına ziyan dəyib, səsvermə prosesi pozulub. Bunu region qubernatoru Vyaçeslav Qladkov Telegram-da yazıb.

Sosial mediada yayılan videoda Belqorodda küçədə furqonun raketlə vurularaq partladığı görünür. Ancaq furqonda adam olub-olmadığı bilinmir.

Rusiyanın Müdafiə Nazirliyi bildirir ki, havadan müdafiə sistemləri Ukrayna tərəfdən Belqoroda atılan bütün dronları və raketləri vurub.

Martın 14-də Belqorodda yollarda partayışlarda iki nəfərin həlak olduğu bildirilir. Təsdiqlənməmiş məlumatlara görə, Ukrayna tərəfdə savaşan rusiyalılar dəstələrlə sərhədi dəfələrlə keçiblər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button