Sərdar Əlibəyliyə sui-qəsd cəhdi

Baş redaktor prezidenti günahkar bilir…

“p.s. Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli martın 29-u saat 22.30 radələrində Bakının Gəncə prospektində, yaşadığı mənzilin qarşısında hücuma məruz qaldığını bildirir.

“Media forum” saytına açıqlamasında Sərdar Əlibəyli deyib ki, son bir ildə bir neçə dəfə oxşar hadisə ilə üzləşib: “Bu, birinci dəfə deyil. Bu il martın 29-da mənə hücum edən şəxs ötən il fevralın 20-də, yəni mən həbsdən çıxandan bir neçə gün sonra da mənə hücum etmişdi. Həmin şəxs yaşadığım binanın sakinidir, milliyyətcə ərəbdir. Ən müxtəlif, uydurma bəhanələrlə evimə hücum çəkir və məni təhqir edir.

Onun məqsədi məni təxribata çəkməkdir. Ötən ilki hadisə baş verəndə də mən bilirdim ki, həbsxanadan yenicə çıxmışam və bu, açıq-aşkar mənə qarşı təxribat törətmək üçün göndərilmiş adamdır. Hüquq mühafizə orqanlarına müraciət etmişdim və onun arxasında kimlərin dayandığının araşdırılmasını istəmişdim. Xətai Rayon Polis İdarəsi məsələni araşdırmadan cinayət tərkibi olmadığına görə işə xitam verilməsinə dair qərar çıxardı.

Daxili işlər naziri Ramil Usubova müraciətimdən sonra iş nazirin nəzarətində rayon polis idarəsinə qaytarıldı. Məni yenidən polis idarəsinə çağırdılar, dedilər ki, artıq iş nazirliyin nəzarətindədir və həmin şəxs cəzalandırılacaq. İki gün sonra yenidən məni idarəyə çağırıb ərəbə sadəcə xəbərdarlıq edildiyini söylədilər. Fikir verin, məsələ nazirliyə qədər gedib çıxsa da, qərarı rəsmi olaraq indiyədək mənə təqdim etməyiblər. Bir ildir ki, Azərbaycan polisi, prokurorluğu bu məsələyə nöqtə qoymur”.

Sərdar Əlibəylinin sözlərinə görə, martın 29-da hücuma məruz qalanda Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib və polis göndərilməsini istəyib: “Polis bölməsi ilə evimizin arasında 150-200 metr məsafə var. Amma polisin gəlməsi yubandı. Bu arada ərəb bir də mənzilimin qapısını döydü və mən onu polis bilib qapını açanda üstümə hücum çəkdi. Görürəm ki, bütün bunlar düzüb-quraşdırılmış təxribatdır. Ərəbi birtəhər evimdən qovduqdan sonra polislər gəldilər, ifadəmi alıb getdilər”.

Sərdar Əlibəyli hesab edir ki, hücuma məruz qalması onun tənqidi yazıları ilə bağlıdır.

Daxili İşlər Nazirliyinin sözçüsü Orxan Mansurzadə “Media forum” saytına bildirib ki, Sərdar Əlibəylinin nazirliyin 102 xidmətinə müraciətinə baxılır: “Hazırda Xətai Rayon Polis İdarəsinin 35-ci bölməsində ilkin araşdırma aparılır. Sərdar Əlibəylinin müraciətinin əsaslı olub-olmadığı aydınlaşdırılır”.

Sərdar Əlibəylinin XuralTAC-a verdiyi məlumata görə, səbəb martın 29-da işıq üzü görən “p.s.Nota” qəzetinin son sayındakı müəllif yazısıdır. “İlham Əliyev “Tı qıryaznaya çurka” sözünü yeyə bilərsənmi?” başlıqlı yazıda Sərdar Əlibəyli bir il bundan əvvəl baş vermiş hadisədən bəhs edir. S.Əlibəyli məsələnin başında birbaşa İlham Əliyevin dayandığını və başına bir iş gələrsə, birbaşa ölkə prezidentinin məsuliyyət daşıdığını sözlərinə əlavə etdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button