Sərhədçilərimizi qətlə yetirən farsların məhkəməsi başlayır

Azərbaycan dövlət sərhədini pozaraq iki hərbi qulluqçunu qətlə yetirən İran vətəndaşının məhkəməsi başlayır.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, 15 may 2021-ci il tarixdə, Bərqi Həsənğuli Novruz oğlunun digər İran İslam Respublikasının vətəndaşları Əbdi Rəsul Zöhrab oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, sonuncudan külli miqdarda narkotik vasitə və psixotrop maddələr, habelə AK 74 markalı 2 ədəd odlu silahı və onun komplekt hissələri olan daraqları, çoxsaylı patronları və bir ədəd gecəgörmə cihazını əldə edib daşımaqla, İrandan Azərbaycanın Yardımlı rayonu ərazisindən qaçaqmalçılıq yolu ilə ölkəmizin ərazisinə keçirərkən, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, onlara odlu silahdan atəş açaraq, həmin Xidmətin 2 hərbi qulluqçusunu qəsdən öldürmələri faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Cinayət hadisəsinin iştirakçılarından biri – İran İslam Respublikasının vətəndaşı Bərqi Həsənğuli, Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs halında iki zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla qəsdən öldürmə və digər maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstintaqın gedişi zamanı 19 may 2021-ci il tarixdə DİN-in Daxili Qoşunlarının və DSX-nin hərbi qulluqçularının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qrupun üzvü-İran İslam Respublikasının vətəndaşı Ağayi Əllahbəxşin Yardımlı rayonunun Zevin kəndi ərazisində gizləndiyi yer müəyyən edilərək silahlı müqavimət göstərən zaman zərərsizləşdirilmiş, digər iki İran vətəndaşı barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlar qəbul edilməklə axtarışları elan olunub. Hazırda həmin cinayətin digər iştirakçılarının müəyyən edilməsi və bütün digər cinayət xarakterli fakt və məlumatlar üzrə cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaqı davam etdirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button