Ş.Xuduoğlu ləyaqətimizi bazara çıxarmaq istədi!

Aqşin Yenisey: “Şahbaz bəyin qəbahəti ondadır ki, böyük dəyərlərin hesabına özünün kiçik biznesini tərəziyə qoymaq istədi»

Seymur Baycan: “Ayaz Salayevin filmini doğrayıb-tökdülər, bu adamın səsi belə çıxmadı – bu adam hansı kriteriyalarına görə, nəyi əlində əsas tutub mənim, Aqşinin və yaxud da digərlərinin kitablarına qiymət verəcək?”

Şahbaz bəy özünü bizim naşirimiz, bizə yaxın bir adam hesab edirsə, bizimlə məsləhətləşməli idi – heç birimizə bir kəlmə demədən, heç birimizin xəbərimiz olmadan bir də eşidirik ki, bu adam müsabiqənin Münsiflər Heyətinin üzvüdür…

Seymur Baycan və Aqşin uzun müddətdir ki, mətbuat səhifələrində görünmürlər. Elxan Kərimovun yas mərasimi bir fürsət oldu ki, onların görünməmələrinin səbəblərini öyrənmək cəhdində bulunaq. Məlum oldu ki, sən demə, ölkənin ən oxunan yazarlarının qəzet və çap olunmaq problemi var. Seymur Baycanla vədələşdik və redaksiyamızda görüşdük. Aqşinlə gəlmişdi və fürsəti fövtə verməyib hər ikisini müsahibəyə çəkdik. Çözüldükcə çözüldü və gün işığına bir çox problemlərin olduğu çıxdı. Azad Yazarlar Ocağından «Ən yeni ədəbiyyat»a qədər çox məsələlərdən danışdıq və yaxşı bir müsahibə alındı. Buyurun, siz də oxuyun, Əziz «Xural» Oxucuları…
Qonaqlarımız Seymur Baycan və Azad Yazarlar Ocağının sədri Aqşindir…

Əvvəli ötən saylarımızda

– Şahbaz Xuduoğlu «Ən yeni ədəbiyyat»ın istiqamətinimi dəyişməyə çalışır?

Aqşin Yenisey:

– AYO parlament seçkiləri ərəfəsində toplaşdı və seçimimizi etdik…

– Yeri gəlmişkən, sizi təbrik edirik. AYO-nun yeni sədri seçilmisiniz…

– Təşəkkür edirəm. Bu, inzibati bir addımdır, mənəviyyatla heç bir əlaqəsi yoxdur. Şahbaz bəyin bu məsələdə «tələyə düşməsi», çaşıb qalması ona görə oldu ki, o, vəziyyəti düzgün qiymətləndirmədi. Mən 2002-ci ildən nəşr olunuram. Şahbaz bəy elə düşündü ki, əgər o, mənim hansısa bir kitabımı «Ən yeni ədəbiyyat» seriyasında nəşr etdirirsə, deməli, mənim əqidəmi də idarə edə bilər. Bu, sanki iş adamının düşüncəsini xatırladır, yaradıcı insanlar belə düşünməzlər. Şəxsən məndə belə bir hiss yarandı ki, Şahbaz bəy mənim kitabımı «Ən yeni ədəbiyyat» seriyasında nəşr etməklə, mənim üzərimə çox böyük mənəvi borc qoydu ki, sabah Şahbaz bəy hansısa addımı atacaqsa, mən bunun arxasında dayanacağam. Sözsüz ki, Şahbaz bəy sabah ədəbiyyatın xeyrinə hansısa addımı atsa, mən o addımın arxasında dayanacam. Amma Şahbaz bəy ədəbiyyatı bazara çıxarıb yazıçının bütün dəyərlərinin üstündən xətt çəkəcəksə, yox. Seymur bayaq qeyd etdi ki, biz öz dəyərlərimiz, prinsiplərimiz uğrunda ac qalmağa belə razı olan adamlarıq. Biz nəşriyyatları sülənməyə razıyıq, şəxsiyyətimizi o dəyərlər uğrunda alçaltmağa razıyıq. Əgər Şahbaz bəy bunu dərk etmirsə, onda o da mənim üçün olacaq Rəşad Məcid kimilərdən biri… Mənim siyahımda min Rəşad Məcid var idisə, indi də min bir olacaq. Şahbaz bəyin qəbahəti ondadır ki, böyük dəyərlərin hesabına özünün kiçik biznesini tərəziyə qoymaq istədi. Biz o dəyərlər uğrunda yazı yazırıq, mübarizə aparırıq. O dəyərin birinin çəkisi Şahbaz bəyin bütün nəşriyyatının dəyərindən ağırdır. Mən hesab edirəm ki, Şahbaz bəyin özü də yaxşı bilir bizim qərarımızın düzgün olduğunu… O, bir müəllif, bir yazar kimi bizim ləyaqətimizi hətta öz bazarına çıxarmaq istədi. Mənim kitablarım mənim beynimin məhsuludur və mən onsuz da onu Şahbaz bəyə vermişdim ki, bazara çıxarıb satsın və qazansın. O, nəşriyyatdır, mən də yazıçı. Əsərimi yazıb gətirmişəm, qonorar da istəmirəm. Düzdür, Şahbaz bəy də böyük ürəkli adamdır ki, bizim kitabları çap etdirib. Azərbaycanda belə bir şey olmamışdı ki, hansısa gənc yazarın kitablarını nəşr etsinlər.

– Hər halda sizin kitablarınız satılır da… Nəşriyyat xərcə düşməz… Deyilmi?

– Yəni onu demək istəyirəm ki, Şahbaz bəyin əməyini də bu məsələdə çıxdaş eləmək olmaz. O, sadəcə və ancaq bazar maraqlarını güdür. Bunun özü də Azərbaycan ədəbiyyatı üçün yeni bir hadisə idi ki, naşir yazıçının əsərini alır, nəşr etdirir və özü də kitab dükanlarına verib satışını təşkil etdirdi. Hətta təqdimatını belə keçirdi. Məsələn, mən öz kitabımın təqdimatında qonaq qismində iştirak edirdim. Şahbaz bəy mənim kitabımın təqdimatını keçirəndə məni də ora dəvət etmişdi.

Seymur Baycan:
– Sağ olsun ki, qucağımızda kitab daşımaqdan canımızı qurtarmışdı.

Aqşin Yenisey:
– Bütün bunlar kitab mədəniyyəti üçün atılan çox uğurlu addımlardır. Amma bu uğurlu şeylərdən bu cür qısa müddətdə istifadə olunmamalı idi. Msələn, Şahbaz bəy mənim kitabımı bu şərtlər əsasında nəşr etdirib. Bu kitabda biz Azərbaycan ədəbiyyatının xeyrinə çıxış edərək qonorar almadıq, yəni naşirin bizə verəcəyi qazancdan imtina etdik ki, nə qazanarsan, özün qazanarsan. Mənim kitabım təxminən 1 il əvvə nəşr olunub. Bunun üstündən bir müddət keçib və Şahbaz bəy artıq mənim şəxsiyyətimi, ləyaqətimi, Azərbaycanın problemlərinə olan münasibətimi müəyyən münasibətlərə qurban vermək istəyir.

Seymur Baycan:
– Burada başqa məqamlar da var. Məsələ ondadır ki, elə bir mövzuya toxundunuz ki, gündəmdə olan bir məsələdir. Turqut Ərin kitabı olmasaydı, «WikiLeaks» olmasaydı mətbuatda yəqin ki, һaqqında ən çox danışılacaq mövzu bu olacaqdı.

– Rasim Qaraca “Ən yeni ədəbiyyat” saytı açdı. Deyəsən, Şahbaz Xuduoğlu ilə aralarında bir az bununla bağlı konflikt oldu. Belə qənaətə gəlmək olarmı ki, Rasim Qaraca bu addımı atmaqla həm də “Ən yeni ədəbiyyat” markasını xilas etmək istəyib?..

Seymur Baycan:
– Vallah… Bu, Rasim bəyin özünün işidir. Mən sadəcə burada bir-iki məsələyə öz münasibətimi bildirmək istəyirəm. Birincisi, keçən il müsabiqə keçiriləndə Şahbaz bəyin özü bu müsabiqənin keçirilməsinin əleyhinə idi.

Aqşin Yenisey:
– Elə bizim də həmin müsabiqəyə qatılmağımızın əleyhinə idi. Özü bir-bir zəng vurub deyirdi ki. “Ən yeni ədəbiyyat” silsiləsində çap olunan müəlliflər həmin müsabiqəyə qatılmasınlar. Bizim elə uşaqlarımız var idi ki, çap olunmuş kitablarını həmin müsabiqəyə təqdim etmək istəyirdilər. Şahbaz bəyin bir kəlmə sözü ilə heç kim o müsabiqəyə qatılmadı.

Seymur Baycan:
– Bütün bunlar öz yerində. Necə olur ki, bu müsabiqənin üstündən bir il keçəndən, həmin müsabiqədə də ciddi dəyişiklik olmayandan sonra Şahbaz bəy bu addımı atır. Əgər bu adam özünü bizim naşirimiz, özünə yaxın bir adam hesab edirsə, bizimlə məsləhətləşməli idi. Heç birimizə bir kəlmə demədən, heç birimizin xəbərimiz olmadan bir də eşidirik ki, bu adam müsabiqənin Münsiflər Heyətinin üzvüdür. Sonra da gəlib bir-bir bizi başa salmağa çalışır ki, bizim həmin müsabiqədə iştirakımız vacibdir. Arqumenti də belədir ki, kitablarımız satılacaq və biz daha çox reklam olunacağıq. Mənim şəxsən reklama ehtiyacım yoxdur. Azərbaycanda nə qədər tanına bilərdimsə, bu gün o qədər tanınıram. Belə deyək, indiki mövcud şərtlər çərçivəsində, şəraitin diqtə etdiyi vəziyyətdə mən kitablarımın satışından o qədər də narazı ola bilmərəm. Çünki reallıq var və reallıq budur. O baxımdan, Şahbaz bəyin eyni məsələ ilə bağlı iki münasibətini başa düşə bilmədim. Bilirsinizmi bəy, hansısa yazıçını, publisisti, rejissoru, rəssamı müsabiqədə iştirak etmədiyinə görə qınmaq olmaz, əksinə, etdiyinə görə qınamaq olar. Məsələn, tutalım təbiət rəsmləri çəkən bir rəssam təbiətə zərər vuran bir zavodun təşkil etdiyi bir müsabiqədə iştirak edə bilməz. Adamdan soruşarlar ki, qardaş, bəy dediyin nədir, bəyənmədiyin nədir? Bu məsələdə adama irad tuta bilərlər. Və yaxud da ki, mən antiqlobalistəm və BP, ya da hansısa transmilli holdinq, şirkət bir müsabiqə keçirir və mən də orada iştirak edirəm. Adamdan soruşmazlar ki, sənin yazdıqların nədir, o müsabiqəyə qatılıb mükafata iddialı olmağın nə? Müsabiqədə iştirak etməməyi bir yaradıcı adama irad tuta bilməzlər. Elə bu da onun göstəricisidir ki, biz anormal ölkəyik və hətta bü məsələdə də bu özünü göstərdi. İkincisi, bu müsabiqənin Münsiflər Heyətinin üzvü olan adamlar vətəndaş mövqeyi olmayan adamlardır. Ayaz Salayev də Münsiflər Heyətinin üzvüdür. Ayaz Salayevin filmini doğrayıb-tökdülər, bu adamın səsi belə çıxmadı. Bu adam hansı kriteriyalarına görə, nəyi əlində əsas tutub mənim, Aqşinin və yaxud da digərlərinin kitablarına qiymət verəcək? Münsiflər Heyətinin bir üzvü də millət vəkili Rəbiyyət Aslanovadır. Bu adam “Bizim Yol” qəzetinə verdiyi müsahibədə deyib ki, “cinayətkardan ifadə almaq üçün ona işgəncə vermək olar”. Belə bir adam mənim kitabımı necə oxusun? Münsiflər Heyətinin üzvü olan adamların özlərinin Azərbaycandakı ədəbi proseslərdən xəbərləri yoxdur. Mən necə öz əməyimi onlara verim ki, qiymətləndirin, əgər bundan bixəbərdirlərsə? Vətəndaş mövqeyi olmayan, gedən ədəbi proseslərdən bixəbər, bu günə qədər bir nəfər yazıçının yaşamı ilə maraqlanmayan, ən azından ona “niyə acından ölürsünüz” sualını verməyən, şəhərdəki kitab mağazalarının bağlanmasına, yoxa çıxmasına, kitabxanaların uçurulmasına münasibət bildirməyən adam hansı üzlə Münsiflər Heyətində oturub ədəbiyyat haqqında fikir yürüdür, ona qiymət verməyə çalışır? Ola bilsin. Öz sahələrində bu adamlar çox peşəkardırlar, ola bilsin, həqiqətən də Rafiq Əliyev çox yaxşı alimdir, Azərbaycan elmi üçün dəyərli xidmətləri var, amma vətəndaş mövqeyi olmayan Rafiq Əliyevin mənim yazdığım əsərə qiymət verməyə heç bir mənəvi haqqı yoxdur. Ayaz Salayevin mənim yazdığım kitaba 3-5 bal verməyə haqqı yoxdur. Çünki Ayaz Salayevin özünün yaratdığı bir əsəri gözünün qarşısında qayçılayıblar, səsini çıxarmağa gücü çatmayıb. Problem bundadır. İkincisinə qalanda da, birinci müsabiqədə qalib Qaraqanı çıxardılar, indi də Ağqana verəcəklər. Mənim nəyimə lazımdır bu müsabiqə? Tutaq ki, lap elə müsabiqənin qalibi mən olacağam. Məlumat verəcəklər ki, 2001-cu ildə müsabiqənin qalibi Qaraqan olub, bu isə Seymur Baycan. İstəmərəm, lazım deyil…

– Hətta xəbərin yazılışı belə sizi qane etmir?

– Etmir. Demirlər ki, biz heç kimik? Demirlər ki, 5-6 nəfərik? Nə istəyirlər bu 5-6 nəfərdən? Gedib müsabiqələrini keçirsinlər də…. Demirlər, 1500 üzvləri var, onların arasında keçirsinlər də bu müsabiqəni… Gərək bizimlə keçirələr? Yazıçılar Birliyinin 1500 üzvü olduğunu iddia edirlər. Demirlər, ədəbiyyat aləmində tək bizik, bizdən başqa heç kimi tanımırıq? Gedib tanıdıqları ilə keçirsinlər bu müsabiqəni… Gənc Ədiblər Məktəbi var… Oradakılara prezident təqaüd verir. 80 nəfərdirlər, onlara yazdırsınlar da… 40-ı roman yazsın, müsabiqədən keçirsinlər. Bizdən nə istəyirlər? Biz o müsabiqədə iştirak etmirik. Yəni vəziyyət bu dərəcədə konkretdir.

– Siyasiləşməyə meyllilik hiss olunur aranızda… Aqşin bəy Cumhuriyyət Xalq Partiyasının üzvü oldu. Natiq Güləhmədoğlu AXCP mətbuat xidmətinin rəhbəri oldu. “Azadlığ”ın yazarları təxminən Əli Kərimlinin siyasi xəttində təmsil olunurlar, ciddi şəkildə münasibət bildirirlər…

Seymur Baycan:
– Elnur haqqında onu demək olmaz… Elnur müxalifətçidir, amma amma konkret bir siyasi düşərgədə olduğunu mən hiss eləmirəm.

Aqşin Yenisey:
– Mənim Cumhuriyyət Xalq Partiyasına üzv olmağımın mətbuatda yayılan bir açıqlaması var.

– Biz bu məlumatı oxuyanda inanmadıq, dedik, yəqin uşaqların zarafatıdır…

– Hər zaman Azərbaycanda seçki dövründə müəyyən qəzetlər dərc olunmağa başlayır. Bunlar “mövsümi qəzetlər”dir, yəni seçkilərdən sonra onların hamısı bağlanır. Bunun kimi mövsümi partiyalar yaranır, mövsümi liderlər ortaya çıxır, onlar da hər zaman bizə müraciət edirlər. Azərbaycanda seçki ərəfəsində elə bir nəşrə başlayan qəzet yoxdur ki, mənə zəng vurub köşə yazısı istəməsin. Dolanışığım xatirinə bu təklifi qəbul edirəm və qonorarı ilə maraqlanıram, məsələn, deyirlər 50 manat. Mən fiziki sağlamlığım naminə, sağ qalmağım naminə bu təkliflə razılaşıram. Çünki mənim başqa yolum yoxdur. Mən bundan artıq iş bacarmıram, ancaq beynimin məhsulunu sataraq dolana bilirəm. Bu fikrə düşməzdən əvvəliydi. Onu da deyim ki, bu partiya Azərbaycanda yeganə partiya idi ki, mənə rəsmi şəkildə Bədrəddin Quliyev müraciət etdi ki, biz səni öz sıralarımızda görmək istəyirik.

– Demək, sizə Bədrəddin Quliyevin imzası ilə rəsmi müraciət olub?

Davamı gələn sayımızda

Hazırladı:
Burla Xatun

Redaksiyadan:
“Qanun” nəşriyyatının direktoru hörmətli Şahbaz Xuduoğlunun da münasibətini, haqqında deyilənlərə cavab haqqını dərc etməyə hazırıq.

“Xural” qəzeti
il: 9, sayı: 004(412), 30 yanvar – 05 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button