Sanki bizi yad millətə məxsus insanlar idarə edirlər!

«Şah gecə-gündüz bilmədən çalışmalı, işləməli, fəaliyyət göstərməli, rəiyyət isə öz isti yerində rahat yatmalı və yaşamalıdır…»

İnsanlar yanacaqdoldurma məntəqəsinin qarşısına yox, hökumət binasının yanında toplaşmalı idilər…

«Xural»ın baş redaktoru Əvəz Zeynallı və Ümid Partiyasının iqtisadi məsələlər üzrə şöbə müdiri Razi Abasbəylinin Kanal 13 televiziyasının efirində canlı yayımda bir saat yarımlıq çıxışları olub. Müzakirənin mövzusu aktual olduğu üçün və Oxucularımızın da bu sahələrə marağını nəzərə alaraq canlı yayımı olduğu kimi nəzərinizə çatdırırıq.
Söhbəti aparıcı Aynurə İmranova aparır…

Əvəz Zeynallı:
– Gələn milyardlarla manat vəsaiti uşaq kimi yolları qazır, qurur, yenə qazır, sonra üstündən mərmər çəkir, sabah söküb yenə mərmərlədib havaya sovururlar. Sonra şayiə yayırlar ki, benzinin litri 1 manata qalxdı… Və bir gecədə milyonlarla ton benzin satırlar. Bu, yalnız bizim oliqarxlara məxsus keyfiyyətdir. Afrikada 20 qəpiyə olan, hətta küçələrə tökülüb zibil olan bananı bizim oliqarxlar ölkəyə gətirib 3 manatdan satırlar. O yalnız bizim oliqarxlardır ki, insanların yediyi bananı yox, məhz meymunların yediyi bananı bizim camaatımıza yedirirlər. Bu, o oliqarxiyadır ki, Azərbaycanda bir tək təmiz qida məhsulu yoxdur ki, rahat şəkildə onu alıb evimizə gətirək və qidalanaq. Yəni bu sistem hansı iqtisadi nəzəriyyəyə əsaslana bilər ki? Ola bilsin geniş danışdım, amma hesab edirəm ki, indi Azərbaycanda hər bir mövzunun birbaşa bu məsələyə aidiyyatı var. Sanki bizi tamamilə başqa, tamamilə yad millətə məxsus insanlar idarə edirlər. Çünki insan, idarəçi öz toplumunu, öz qardaşını, öz anasını, öz vətəndaşını belə idarə etmək istəməz, etməz. Millətinə sadiq olan insan Xəzər boyda nefti milyardlara dəyişib, həmin pula yolları mərmərlərlə döşətdirib, toplumunu ac qoya bilməz. Mən bu günlərdə bir kitab oxudum. Çox maraqlı kitabdır – İsgəndər Palanın «Şah və Sultan» əsəri. Orada Şah İsmayıl Xətainin adından yazılan çox maraqlı bir ifadə var: «Şah gecə-gündüz bilmədən çalışmalı, işləməli, fəaliyyət göstərməlidir, rəiyyət isə öz isti yerində çox rahat yatmalı və yaşamalıdır…» Yəni şahların, padşahların da zamanında ən çox işləyən, fəaliyyətdə olan, məşəqqətlərə qatlanan idarəedici olub və rəiyyət də rahat yaşayıb. Yalnız bizim ölkədir ki, bu qədər rifah, müstəqillik – şükür Allaha, bizi heç bir yandan işğal edə bilmirlər, artıq biz imperiyaların toqquşma nöqtəsində deyilik, yəni xarici siyasətin uğurlu tərəfləri də var. Azərbaycan iqtisadiyyatının da uğurlu tərəfləri var ki, artıq bizə müdaxilə etmək mümkün deyil. Biz nə Gürcüstan, nə də Çeçenistan deyilik, heç İran da deyilik. Biz normal, standartı olan dövlətik. Bu qədər inkişafın içərisində, cəmi 9 milyon vətəndaşı olan bir cəmiyyətə bu qədər ögey yanaşmaq, Azərbaycan intellektuallarına bu qədər yad yanaşmaq, Azərbaycan mətbuatının ən dəyərli yazarlarının qələmləri bu qədər sürətlə sındırmaq hər halda tarixi bir yanlışlıqdır və əminəm ki, tarix bunun qiymətini verəcək. O baxımdan, insanlar tək benzin şayiəsinə getmirlər, bizim xalqımızın hər şeyə qarşı hərtərəfli immuniteti yaranıb. Xalq artıq heç bir şayiəyə reaksiya vermir. Nə oldu? Şayiəni buraxdılar, nəticəsi nə oldu? İnsanlar maşınları üçün daha bir neçə litrə benzin doldurmağa çalışdılar. Bu qədər. Əslində, bəlkə də gözləyirdilər ki, görsünlər Azərbaycan xalqı neft ölkəsində yaşaya–yaşaya benzinin 100 faiz qalxmasına hansı reaksiyanı göstərəcək? Məlum oldu ki, xalqın reaksiyası yoxdur. Yəni artıq onu da gözləmək lazımdır ki, üç aydan sonra benzinin qiyməti 3 manatadək qalxsın. Bu hala gəlmişik artıq.

Razi Abbasbəyli:
– Əvəz bəyin ümumilikdə bütün fikirləri ilə razıyam, amma sonuncu fikri ilə tam razılaşıram. Əslində, şayiələrin buraxılması bir təlim məşqi idi. Vətəndaş etiraz etmək əvəzinə, avtomobilinin çənini axıradək doldurdu, əlinə vedrə götürüb bir neçə litr artıq benzin almağa çalışdı. Yanacaqdoldurma məntəqəsinin qarşısında səhərəcən yuxusuz qalan insanlar oldu. Əslində, vətəndaş buna təpki göstərməli, etirazını bildirməli idi. Yanacaqdoldurma məntəqəsinin qarşısına yox, hökumət binasının yanında toplaşmalı idi. Mən bir faktı qeyd etmək istərdim. Bu yaxınlarda SOKAR–ARDNŞ-in Gürcüstanda bir neçə yanacaqdoldurma məntəqəsi açıldı. Bilirsiniz ki, bu ölkənin prezidenti Mixail Saakaşvili də bu günlərdə Azərbaycan iqtidarının ünvanına çox yüksək fikirlər ifadə etdi. Bu da təsadüfi deyil, çünki Gürcüstan Azərbaycandan kifayət qədər iqtisadi asılılığa malikdir. Demokratiyanın təcəssüm etdiyi Gürcüstan kimi ən yaxın qonşumuz, bu dövlətin demokratik təfəkkürə malik prezidenti bu qədər ağ yalan danışırsa, deməli, bayaq mənim söylədiklərimdə böyük həqiqətlər var. İqtisadi maraqların təmin edilməsi insan haqlarının və siyasi özgürlüklərin mövcudluğundan daha yüksəkdə dayanır. Bu gün dünyanın gerçəkliyi budur. SOKAR-la bağlı dediklərimə qayıdıram. ARDNŞ Gürcüstanda bir neçə yanacaqdoldurma məntəqəsi açdı, dərhal Gürcüstanda benzinin bir litrinin qiymətini 1 manat 20 qəpiyə qaldırdılar. Bu günə qədər Gürcüstanda Rumıniya, hətta İran şirkətlərinə məxsus yanacaqdoldurma məntəqələri var idi və onlar Gürcüstanda benzinin bir litrini bizim pulla təxminən 0.80 qəpiyə satırdılar. SOKAR qiyməti necə qaldırdı və benzinin litrini 1 manat 20 qəpiyə necə satdı? ARDNŞ-in açdığı 27 yanacaqdoldurma məntəqəsinin böyük bir hissəsi məhz azərbaycanlıların kompakt yaşadığı bölgələrdə yerləşir. Borçalıda yaşayan azərbaycanlı soydaşlarımıza qarşı görün nə cür münasibət bəslənilir? Yəni bu insanlar uzun bir yolu qət eləyib 80 qəpiyə benzin almaqdansa, məcbur qalaraq 1 manat 20 qəpiyə benzin alacaqlar. Buna qədər hesablanıb. Halbuki SOKAR 55 qəpiyə benzinin litrini satmalıdır, çünki buna imkanları yol verir. Bu gün ölkədə hər gün üçün istehlak edilən benzinin həcmi 370 min tona bərabərdir. ARDNŞ-in benzin emal edən zavodları qazanc əldə etmək şərtilə benzinin bir litrini 30 qəpiyə sata bilər. Amma bunlar qazanclarını ağır sosial-iqtisadi şərtlər altında yaşayan vətəndaşların üzərinə yükləməklə 93 markalı benzini 55 qəpiyə satırlar. Halbuki bunu aşağı da satmaq olar, çünki onlar kimi bu vətəndaşlar da bu dövlətdə yaşayırlar və onun bütün təbii resurslarından eyni qaydada onlar da bəhrələnməlidirlər. Benzinin satışından illik gəlir təxminən 470 milyon manata bərabərdir. Bu, kifayət edir ki, müəyyən bir sahəni daxili bazarda benzinin istehlakından gələn gəlir hesabına saxlasınlar. Bunun özü daxili bazarda qiymətlərin enməsi ilə müşayiət oluna bilər. Halbuki benzinin litrinin qalxması Azərbaycanda bütün daşınan məhsulların qiymətlərinin artması ilə nəticələnəcək. Çünki əgər bu məhsullar nəqliyyat vasitəsindən istifadə etməklə daşınırsa, nəqliyyata edilən sərfiyyatın müqabilində də həmin məhsulların qiymətlərindəki fərq özünü göstərəcək. Bütün növ ərzaqlarda qiymətlər qalxacaq. Ancaq Azərbaycan iqtidarı nə edir? O, fərqli taktikadan istifadə edir. Əvvəlcə ərzaqların qiymətini bahalaşdırır – çörək, un bahalaşır, digər istehlak səbətinə daxil olan məhsulların qiyməti qalxır – statistik hesablamalara görə, son iki ayda qiymətlər 10-12 faiz artıb – bundan sonra da benzinin qiymətini qaldırırlar.

– Yəni benzinin bahalaşması nəticəsində yaranacaq prosesin qarşısını müəyyən qədər alırlar?

– Bu bir taktikadır. Guya hər bir şey bahalaşıb, amma biz benzinin qiymətini aşağı satırıq. Bu da iqtisadi disbalans yaradır. Mədaxillə məxaric arasındakı disbalansı çıxarmaq üçün bunlar bəhanə edərək neftin qiymətini qaldırırlar. Çünki Əvəz bəy də bayaq qeyd etdiyi kimi bütün sahələr öz inhisarlarındadır. Bütün növ ərzaq məhsullarının əldə edilməsi və satılması da onların inhisarındadır. Qiyməti bazara bu oliqarxlar – dövlət məmurları diqtə edirlər. Oliqarxların hamısı da nazirlər, Prezident Aparatında oturan məsul şəxslərdir. Ən yüksək vəzifəli şəxslərdir və onlar da ailənin, tayfanın ən yaxın adamlarıdır. Onlar ölkəni istədikləri kimi idarə edirlər, çünki hər şey öz əllərindədir. Ona görə də çox asanlıqla ölkədə istənilən vaxt ərzağın qiymətini bahalaşdırırlar, o cümlədən də benzinin. İstənilən vaxt benzini də bahalaşdıracaqlar və bunu çox rahatlıqla, sabahı düşünmədən edəcəklər. Yadınıza salıram ki, benzin bahalaşmamışdan qabaq Bakıya sərnişindaşıma marşrutlarının qiyməti bahalaşdı. Hətta o zaman belə bir şayiə yayılmışdı ki, benzin bahalaşacaq. Amma bahalaşmadı. Tarif Şurası marşrutda qiymətləri bahalaşdırandan 1 həftə sonra benzinin və digər yanacağın qiymətini qaldırdılar. Azərbaycanda vəziyyət fərqlidir. Ona görə fərqlidir ki, iqtisadiyyatda azadlıq mövcud deyil. Əgər iqtisadiyyatda azadlıq mövcud olsa, benzin bahalaşanda digər məhsulların da qiyməti bahalaşmalıdır. Bunlar əksinə edirlər. Azadlıq olmadığına görə, əvvəlcə özlərinin məhsullarını bahalaşdırırlar, sonra da benzin bahalaşır. Burada bir məsələni də qeyd etmək istəyirəm. İqtisadi-siyasət dediyimiz anlayışın bir tərəfində də siyasət durur. Zamanında Fərhad Əliyev iqtisadi inkişaf naziri olanda 2005-ci ilin fevral ayında ölkədə dollar qıtlığı yaşandı. Xatırlayırsınızsa, o zaman Fərhad Əliyev bir bəyanata müəlliflik etmişdi ki, mənim həyatım üçün təhlükə mövcuddur və bu bəyanatdan 24 saat sonra Bakıda və ölkənin hər yerində dollar satışı dayandırılmışdı. Bu, bir «əzələ nümayişi» idi. Bu Fərhad Əliyevin son çabalarının elementləri idi ki, özünü göstərirdi. Bu, Fərhad və Rafiq Əliyev qardaşlarının son çabaları idi. Qruplar arasında gedən mübarizədə bizim bu imkanımız vardı. Yəni bir-birilərinə mesaj verə bilirdilər. O zaman da indiki kimi Azərbaycanın bankları konkretləşməmişdi. Bir neçə müstəqil bank mövcud idi. Milli Bankın – Mərkəzi Bankın 2008-ci ildə banklarla bağlı qəbul etdiyi «Banklar haqqında qanun»da göstərilən konkret təlimatlardan sonra həmin banklar da azadlıqlarını itirdilər. Azadlıqlarını itirəndən sonra hər bir bank konkret bir neçə məmurun himayəsinə keçdi və onlar da konkret olaraq nizamnamə kapitalındakı həcmə görə hakimiyyətdəki bir və ya iki adama məxsus oldu. Sadalaya bilərəm. Ölkənin ən böyük bankı olan «Kapitalbank»ın nizamnamə kapitalının 99.75 faizi «PaşaHoldinq»ə məxsusdur. Beynəlxalq Bankın nizamnamə kapitalının 94.5 faizi birbaşa hakimiyyətin konkret olaraq bir nəfərinə məxsusdur. Diqqət edin, bir nəfərə məxsusdur Beynəlxalq Bankın kapitalı… «Kapitalbank» və Beynəlxalq Bank ölkənin ən iri bankları hesab olunurlar və bütün dövlət əməliyyatlarını, neftdən gələn gəlirləri, əmək haqlarını, hərbi xərcləri, bütövlükdə büdcə xərclərinin hamısını bu banklar həyata keçirirlər. Dövlətin bütün vəsaitləri bu iki bank arasında dövr edir. Bankların hər ikisinə də bəlli adamın ailə üzvləri nəzarət edir. Vətəndaşlara ayrılan əmək haqqı və digər vəsaitlər də bu iki adamın əlindədir. Təsəvvür edirsinizmi, nə baş verir? Bütün bunlar Fərhad Əliyev iqtisadi inkişaf naziri vəzifəsindən birbaşa həbsə atılmasından sonra başladı. Mən bir qədər də Cənubi Qafqaz regionuna çıxıram. Məsələn, Ermənistan. Bu gün Ermənistanda deyirlər ki, Azərbaycan iqtidarının öyündüyü bir məsələ var, «zaman gələcək ki, ermənilər acından öləcəklər və Azərbaycanın qapısını döyüb deyəcəklər ki, gəlin Qarabağı götürün, yetər ki, bizimlə bir iqtisadi bağlantınız olsun». İndi bir misal çəkmək istəyirəm. Azərbaycanın dövlət büdcəsi 12.4 milyard dollardır. Ermənistanın dövlət büdcəsi 6.3 milyard dollardır. Ermənistanda nə yol çəkirlər, Əvəz bəyin qeyd etdiyi kimi nə mərmərlərə verib yollara döşətdirmirlər, nə də gündə bir körpü tikmirlər, zatən bütün bunlara heç millətin ehtiyacı da yoxdur, bizim gündəlik yaşamımıza, sosial rifahımıza heç bir aidiyyatı yoxdur. Ermənistanda bunları etmirlər, Azərbaycanda edirlər. Hər il Azərbaycanda Ermənistanın büdcəsi qədər – 6.4 milyard dollar bu mənasız layihələrə pul xərclənir, yerdə nə qalır? 6 milyard dollar. Bu qədər xərclənən vəsaitdən insanlar üçün istifadə olunmur. Hər il minlərlə kilometr yol çəkilir, bir az sonra yenidən sökülüb, yenidən çəkilir, bunun bizə heç bir dəxli yoxdur. Bu, bizim yaşamımızı yüksəltmir, əksinə, günbəgün pis vəziyyətə salır. Çünki bu 6.4 milyard dollar vəsait yenə bir ailənin və bir tayfanın üzvləri tərəfindən mənimsənilir. Ortada nə qaldı? 6 milyard dollar. Baxaq görək, Ermənistanın nə qədər əhalisi var, Azərbaycanın nə qədər? 2 dəfədən bir qədər artıq fərq var – Ermənistanda əhalinin sayı 4 milyondursa, bizdə də 9 milyondur. Məntiqlə ortaya nə çıxır? Deməli, Ermənistanın əhalisi Azərbaycandakından qat-qat artıq yaşayır, üçünki o, büdcədəki vəsaitini birbaşa əhalinin sosial rifahına, əmək haqlarının, pensiyaların ödənilməsinə istiqamətləndirir. Düzdür, onlarda yollar çəkilmir, binaların fasadları çöl tərəfdən görünən hissədən üzlədilmir, mənasız bayram tədbirlərinə, atəşfəşanlığa pul xərcləmirlər, bəli razıyam, amma əvəzində bizdən daha yaxşı sosial siyasət həyata keçirirlər. Mənim düşüncələrim erməniləri müdafiə etmək deyil, iqtidarn yalanlarını açmaqdır. Bu gün cəbhə bölgəsinin təmas xəttində dayanan erməni zabiti 800 dollar əmək haqqı alır, bizim komandirimiz 470 manat əmək haqq alır. Bu da təxminən 600 dollar edir. Yəni demək istədiyim odur ki, acından öldüyünü iddia etdikləri Ermənistanın zabiti azərbaycanlı zabitdən 170 dollar artıq əmək haqqı alır. Bu, o deməkdir ki, bu iqtidarın iqtisadi siyasəti yarıtmazdır. Qruplar, şəxsiyyətlər üzərində qurulmuş bir iqtisadiyyatdır. Ona görə də əlbəttə ki, bu iqtisadi maraqlar bir gün məhv olacaq. Bir məqamı da qeyd etmək istəyirəm. 2004-cü ilin yanvarında Azərbaycanda çörək qıtlığı yaşandı. Bu bir gerçəkdir ki, deməsəm ölərəm. Zaman o zaman idi ki, Heydər Əliyev dünyasını dəyişmişdi və hakimiyyətə yenicə İlham Əliyev gəlmişdi. Mətbuat da Heydər Əliyevin qardaşı Cəlal Əliyevin əzələ nümayiş etdirməsi ilə bağlı məlumatlar dərc edirdi. Çörək qıtlığı həmin ərəfədə başlamışdı. Bu adamın əlindən o inhisarı aldılar. Artıq Azərbaycanda çörək bahalaşması təhlükəsi olmayacaq, olarsa konkret olaraq bunu dövlət həyata keçirəcək. Əvəz bəy bayaq qeyd elədi. Bu qanunlar heç bir iqtisadi qanunlara sığmır, bu heç cəngəllik qanunları da deyil. Bu iqtiisadiyyatın hansı prinsiplərlə idarə edildiyi barədə mövcud ciddi mənzərə budur…

Ə.Zeynallı:
– Mən bilmirəm, bizim efir vaxtımıza nə qədər qalıb?

Davamı gələn saylarımızda

Hazırladı:
XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 20-26 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button