Sevinc Məhərrəmovanın qətli: o, əri ilə niyə barışıb? BBC Azərbaycancanın araşdırması

Sevinc Məhərrəmovanın bu ilin mart ayında sosial şəbəkələrdə yayılan və bədənindəki zorakılıq izlərini göstərən fotoşəkilləri 23 yaşlı iki uşaq anasının polisə zorakılıqla bağlı üçüncü müraciətindən öncə çəkilmişdi.

Ona kömək edən qadın hüquqları müdafiəçisi, feminist fəal Gülnarə Mehdiyeva və mərhumun vəkili Zibeydə Zəkəriyyəyeva deyirlər ki, zorakılıq və döyülmə faktları olsa da, ittiham olunan şəxs barədə məhkəməyədək həbs-qətimkan tədbiri seçilməyib, əksinə, polis “dəfələrlə tərəfləri barışdırmağa cəhd göstərib”.

Avqustun 3-də qətlə yetirilən Sevinc Məhərrəmova onu 4 ay əvvəl döyərək evdən qaçmağa, polisə şikayətə getməyə vadar edən əri ilə niyə barışıb və ya barışdırılıb?

Polis baş vermiş əməllə bağlı qanunvericilikdə həbs-qətimkan tədbirinin nəzərdə tutulmadığını bildirib və “tərəfləri barışdırmaq” cəhdi göstərmədiyini deyib.

Daxili İşlər Nazirliyindən BBC News Azərbaycancaya iddialarla bağlı deyiblər ki, “polis üzərinə düşən bütün vəzifələri bir-bir yerinə yetirib” və zərərçəkmiş sonradan “həyatına təhlükə olduğu barədə hüquq-mühafizə orqanlarını məlumatlandırmalı idi”.

Qadın haqları müdafiəçilərinin təqdim etdiyi statistikaya görə və yerli medianın monitorinqi nəticəsində əldə etdiyimiz məlumata əsasən, Sevinc Məhərrəmovadan başqa, bu ilin iyul və avqust aylarında Azərbaycanda ən azı 9 qadın qətlə yetirilib. Bu barədə rəsmi statistika hələ ki, mövcud deyil.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi iyulun 9-da verdiyi bəyanatında “keçən ay ərzində altı qadının ailə üzvləri tərəfindən öldürülməsi” və Sevinc Məhərrəmovanın qətlindən “narahatlığını bildirib.

Nadir hadisədir ki, xarici ölkənin səfirliyi Azərbaycanda qadın qətllərilə bağlı bəyanat verir – bu, Azərbaycanda qadınların qətlə yetirilməsi hallarının rekord səviyyədə artmasının göstəricisi ola bilər.

“Heç bir qadın ailə üzvlərinin hücumundan qorxu içində yaşamamalıdır və hər bir qız təhlükəsiz olduğunu bilərək böyüməlidir. Belə halların düzgün araşdırılması və məişət zorakılığından zərərçəkmişlərin mühafizəsi çox vacibdir. Böyük Britaniya Azərbaycanda gender bərabərliyini dəstəkləməyə davam edir və Azərbaycanı məişət zorakılığına son qoymaq üçün beynəlxalq çərçivə olan İstanbul Konvensiyasını imzalamağa çağırır,” – səfirliyin bəyanatında qeyd olunub.

Azərbaycan “İstanbul Konvensiyası” kimi tanınan “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” konvensiyanı imzalamayıb.

Sevinc Məhərrəmovanin ailəsi

Qətlə qədər nə baş vermişdi?

Bu ilin mart ayında Gülnarə Mehdiyeva və digər qadın haqları müdafiəçiləri Sevinc Məhərrəmovanın əri tərəfindən növbəti dəfə zorakılığa məruz qalması barədə sosial şəbəkələrdə paylaşımlar edərək Daxili İşlər Nazirliyini və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini qadını müdafiə etməyə çağırıblar.

Gülnarə Mehdiyeva BBC News Azərbaycancaya deyib ki, Sevinc Məhərrəmova valideynlərinin yanında yaşamağa başlayandan sonra ona tibbi müayinədən keçməyə, iş tapmağa kömək ediblər, lakin onu uşaqları ilə görüşdürə bilməyiblər.

Onun sözlərinə görə, ərinə qarşı cinayət işi açılsa da, məhkəmə uzun müddət baş tutmayıb: “Həyat yoldaşı məhkəməyə gəlməmişdi, səbəbini soruşanda dedilər koronavirusa yoluxub. Bunun üçün hər hansı sübutun olub-olmaması ilə maraqlananda müstəntiq vəkilə deyib ki, o, koronavirusa yoluxduğunu telefonla bildirib. Buna görə məhkəmə həftələrlə təxirə salınırdı”.

Gülnarə Mehdiyeva deyir ki, bir müddət sonra anaya uşaqlarını görmək hüququ tanınıb. Uşaqlarla görüş gününə bir neçə gün qalmış Sevinc Məhərrəmova Gülnarə Mehdiyevaya övladlarına görə əri ilə barışacağını bildirib.

Gülnarə Mehdiyeva həmin vaxt Sevinc Məhərrəmovanın sözlərindən onun həyat yoldaşı Füzuli Qarayevin əslində “hər hansı virusa yoluxmadığını” anladığını deyir:

“Bu kişi koronavirusa yoluxmamışdısa, məhkəməsi keçirilməli və o həbs edilməli idi, amma polis və məhkəmə israrla onu tutmadı. Bir qadını o cür vəziyyətə gətirən kişini cəzalandırmaqdan və uşaqları ondan almaqdan israrla imtina etdilər və məcbur qoydular ki, o qadın uşaqları ilə manipulyasiya olunaraq ərinin yanına qayıtsın və o zorakı davranışlara yol verən adamla yaşasın”.

BBC News Azərbaycanca qarşı tərəfin məhkəməyə koronavirusa yoluxması haqqında tibbi arayış təqdim edib-etmədiyini öyrənə bilməyib.

Zibeydə Zəkəriyyəyevanın fikrincə, döyülmə hadisəsi barədə ekspertizanın rəyi olduğu halda məhkəmənin aylarla uzadılmasının “mənası yox idi”.

“Bizim narahatlığımız işin çox uzanmasına görə idi. İş məhkəməyə vaxtında verilsəydi və ən azı azadlıqdan məhrumetmə cəzası olsaydı, ona da dərs olardı. Həyat yoldaşı dəfələrlə Sevinci döyüb, dəfələrlə polisə düşüblər,” – vəkil deyib.

BBC News Azərbaycanca məhkəmə işini aparan Xəzər rayon məhkəməsinin hakimi ilə əlaqə saxlaya bilməyib.

Ədliyyə Nazirliyindən BBC News Azərbaycancaya bildirilib ki, qurum ayrı-ayrılıqda məhkəmə işlərinin gedişatını və hakimlərin qərarlarının düzgünlüyünü yoxlamasa da, qərarlar barədə şikayəti olan vətəndaşlar yuxarı instansiya məhkəməsinə müraciət edə bilərlər.

Sevincin əri barədə həbs-qətimkan tədbiri niyə seçilməyib?

Vəkil Zibeydə Zəkəriyyəyevanın sözlərinə görə, müvəkkilinin döyülməsi ilə bağlı ilk olaraq “yüngül maddə” açıldığına görə zorakılıq edən şəxs həbs edilməyib.

“İlk olaraq “qəsdən sağlamlığa yüngül zərər vurma” maddəsi ilə cinayət işi açılıb. Bu maddənin də sanksiyası yüngül olduğuna və 6 ayadək həbs nəzərdə tutulduğuna görə, bu sanksiyalarda heç vaxt heç kəs barəsində həbs qətimkan tədbiri seçilmir. Cinayət Prosesual qanunvericiliyinin birbaşa göstərişi var: əgər sanksiyada iki ilə qədər həbs nəzərdə tutulubsa, o zaman həbs qətimkan tədbiri seçilməyə bilər. Buna görə də polis həbs-qətimkan tələbi ilə məhkəməyə müraciət etməyib”.

Zibeydə Zəkəriyyəyeva hesab edir ki, polis Sevinc Məhərrəmovanın həyatının təhlükədə olduğunu və dəfələrlə döyüldüyünü nəzərə alaraq, ən azı buna görə Füzuli Qarayev barəsində həbs-qətimkan tədbiri seçilməsi təqdimatı ilə məhkəməyə müraciət etməli idi.

“Nə müraciət etdilər, nə işi dərhal məhkəməyə göndərdilər. Elə “istintaq gedir” deyə-deyə dəfələrlə işi uzatdılar. Sevincə heç bir köməklik etmədilər, o deyirdi ki, mən Füzuli ilə danışaram, bu deyirdi mən danışaram, amma ortada heç bir şey yox idi,” – o əlavə edir.

Zibeydə Zəkəriyyəyeva vurğulayır ki, Azərbaycan qanunvericiliyində zorakılıqla bağlı həbs-qətimkan tədbirinin seçilməsi yönündə “boşluqlar” var və bu prosesin “sürətləndirilmə mexanizmi” yoxdur.

“Qadının gedə biləcəyi yeganə yer polisdir. Bizdə məişət zorakılığı cinayət olmadığı üçün “barmaqarası” yanaşılır. “Qadındır, əri ilə barışacaq” deyib araşdırmırlar. Sonradan da belə fəsadları çıxır”.

Sevinc Məhərrəmova
Sevinc Məhərrəmovanın bədənindəki zorakılıq izləri“Polis barışdırmağa çalışıb”

Gülnarə Mehdiyeva iddia edir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Sevinc Məhərrəmovanı əri ilə barışmağa sövq edirdi.

Zibeydə Zəkəriyyəyeva deyir ki, müvəkkili ona “polisin onu əri ilə barışdırmaq istəməsindən şikayətlənib.

Vəkil söyləyir ki, onun özü də polisin “barışdırma cəhdlərinin” şahidi olub və buna etiraz edib.

“Praktikada başqa işlərdə də görürük, hər dəfə adam döyülüb polisə gələndə polis deyir ki, ailə söz-söhbətidir, belə olur, sonra barışırlar. Polisin bəhanəsi budur ki, araşdırma aparacağıq, sabah gəlib barışacaqlar. Ona görə özləri də maraqlı deyil, deyirlər elə bəri başdan barışdıraq, bir də əlavə yük olmasın,” – Zibeydə Zəkəriyyəyeva əlavə edib.

O vurğulayır ki, polisə məişət zorakılığının qurbanları ilə işləmək üçün hər ay təlimlər keçilməlidir, maarifləndirilməli, konvensiya ilə tanış edilməlidir.

“Polisə başa salmaq lazımdır ki, sən barışdırıcı orqan deyilsən, sən cinayəti araşdırmalısan, qadının təhlükəsizliyini təmin etməlisən. Dərhal onu aparıb sığınacağa aparmalısan, uşaqları kişidən alıb qadına verərək onları sığınacağa yerləşdirməlisən”.

“Barışdırmaqda polisin marağı nə ola bilər?”

DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev polis əməkdaşlarının “barışdırmaq cəhdləri” ilə bağlı səslənən iddiaları təkzib edir.

O deyir ki, cinayət işi başlayıbsa, hansısa müstəntiqin bu işə xitam verməsi və ya rədd etməsi mümkün deyil.

Qurumun sözçüsü tərəflərin “məhkəmə baxışı zamanı aralarında yaranan razılıq” əsasında barışdıqlarını bildirib.

“Faktiki olaraq, müstəntiqin onların barışdırması, hər hansı formada müdaxiləsi və ya buna çalışması ilə bağlı bir dənə də əsas yoxdur, çünki cinayət işi açılıb. Burada polisin marağı nə ola bilər? Polis üzərinə düşən bütün vəzifələri bir-bir yerinə yetirib,” – Elşad Hacıyev qeyd edib.

“Əri Sevincə uşaqları görməyə mane olub”

Qadın hüquqları müdafiəçilərinin qənaəti budur ki, əgər uşaqlar anaya verilsəydi, o zaman bu barışma baş tutmaz, bəlkə də Sevinc sağ qalardı.

Sevinc döyüldüyü üçün evdən qaçmışdı və bu zaman iki azyaşlı uşaqları özü ilə götürməmişdi, sonradan isə əri ona uşaqları göstərməkdən “müxtəlif bəhanələrlə” imtina etmişdi, feminist fəallar deyirlər.

Zibeydə Zərəkiyyəyeva deyir ki, müvəkkili uşaqların ona verilməsi üçün məhkəməyə müraciət etmişdi, lakin o, həyat yoldaşı ilə barışdığı üçün məhkəmə işi yarımçıq qalmışdı.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev deyir ki, azyaşlı uşaqlar tərəflərin birindən “ancaq məhkəmə qərarı ilə” alına bilər.

Bakı Şəhər Xəzər Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rövşən Əhmədov BBC News Azərbaycancaya deyib ki, Sevinc Məhərrəmova uşaqları haqqında qurumun qəyyumluq komissiyasına müraciət etməmişdi.

O bildirib ki, qurumun azyaşlı uşaqların məsələsinə baxa bilməsi üçün onlara rəsmi şəkildə müraciət edilməlidir.

“Üzərlərinə hüquqi öhdəlik götürdülər”

DİN sözçüsü Elşad Hacıyev BBC News Azərbaycancaya deyib ki, Sevinc Məhərrəmovanın məhkəmədə “ailəsindən və övladlarından ayrıla bilməməsi” yönündə israrlı istəkləri nəzərə alınıb.

Onun sözlərinə görə, tərəflər övladlarına görə aralarında hər hansı münaqişənin olmayacağı barədə üzərlərinə “hüquqi öhdəlik” götürüblər.

“İlk günlər ailədaxili münasibətlərin normallaşması müşahidə olunub, sonradan aralarında gərginlik yaranıb. Ancaq bütün hallarda zərərçəkmiş müvafiq qaydada hüquq-mühafizə orqanlarını məlumatlandırmalı idi ki, mənim həyatıma belə bir təhlükə var və bu barışıq məhkəmə baxışı zamanı aramızda olan razılıq qarşı tərəf tərəfindən pozulub.

Buna uyğun olaraq, qanunvericiliyə uyğun tədbirlər görülə bilərdi. Bu zaman qadın sığınacağa yerləşdirilə, dövlətin himayəsinə götürülə bilərdi. Ancaq həmin qadın ona verilən tövsiyələrdən tamamilə imtina edib və nəticədə çox ağrılı və arzuolunmaz hadisə baş verib”.

Sığınacaq müəamması: mərhum ilk dəfə sığınacağı niyə tərk edib?

Qadın hüquqları müdafiəçisi Gülnarə Mehdiyeva iddia edir ki, Sevinc Məhərrəmova daha əvvəlki zorakılıq hallarında sığınacağa yerləşdirilsə də, mərkəz 3 gün sonra onun həyat yoldaşına zəng edib və Sevinci aparmasını istəyib.

Onun sözlərinə görə, sığınacaqdan Sevinc Məhərrəmovaya “bir də döysə, gələrsən” deyilib:

“Növbəti dəfə – Sevinc bizə müraciət etməmişdən əvvəl yenə də sığınacaqla əlaqə saxlayıb. Ona deyiblər ki, yer yoxdur və onu qəbul edə bilməzlər. Məsələ bizim tərəfimizdən ictimailəşdiriləndən sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sığınacaqla danışdı və bizə deyildi ki, günortadan sonra sığınacaqda bir nəfərlik yer boşalır”.

Gülnarə Mehdiyeva iddia edir ki, onlar Sevinc Məhərrəmovanın həyat yoldaşının sığınacaqla əlaqəsi haqqında səs yazısını əldə ediblər və təhlükəsizlik məsələlərinə görə də Sevinci başqa yerdə saxlamaq qərarına gəliblər.

BBC News Azərbaycancanın bu səs yazısının həqiqətən Füzuli Qarayevə aid və onun sığınacaqla əlaqəsinin olub-olmadığını müstəqil mənbələrlə yoxlaya bilməyib.

Sevinc Məhərrəmova əvvəlki zorakılıq hallarında sığınacaqda qalarkən onun yerinin həyat yoldaşına bildirilib-bildirilmədiyi və ya iddia olunan kimi onun bir neçə gündən sonra sığınacaqdan çıxarılması ilə bağlı iddiaları yoxlamaq mümkün olmayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə BBC News Azərbaycancaya bildirib ki, Sevinc Məhərrəmovanın quruma müraciəti olmadığı üçün o, Komitə tərəfində hər hansı sığınacağa və ya yardım mərkəzinə yerləşdirilməyib.

Komitə Sevinc Məhərrəmovanın hər hansı sığınacaqda olması barədə üçüncü tərəfə məlumat verilib-verilmədiyini bilmir, lakin bunu “yolverilməz” sayır.

Sosial Xidmətlər Agentliyi BBC News Azərbaycancaya Sevinc Məhərrəmovanın onlar tərəfindən sığınacaq və ya yardım mərkəzinə yerləşdirilmədiyini bildirib.

Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev BBC News Azərbaycancaya bildirib ki, qurum “təzyiq və işgəncələrə məruz qalmış qadınların yerləşdirilməsi üçün bir neçə sığınacaqla əməkdaşlıq edir, lakin onlar şəxslərin sığınacaqlara yerləşdirilməsi ilə bağlı məlumatları açıqlamırlar”.

Elşad Hacıyev yalnız onu deyib ki, Sevinc Məhərrəmova əvvəlki zorakılıq hallarında yerləşdirildiyi sığınacağı “öz istəyi ilə” tərk edib və “ailəsinin yanında yaşamaq istədiyini” bildirib.

Qətl günü

Baş Prokurorluq avqustun 3-də 42 yaşlı Füzuli Qarayevin Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində həyat yoldaşı Sevinc Məhərrəmovanı çoxsaylı bıçaq zərbələri ilə öldürdüyünü, ona kömək edən qonşusunu isə bıçaqladığını bildirib.

Qurum hadisə ilə bağlı “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işinin başlanıldığını, Füzuli Qarayevin həbs olunduğunu qeyd edib.

Baş Prokurorluğun məlumatında deyilir ki, “hadisənin törədilməsinə gətirib çıxaran səbəb və şəraitin araşdırılması məqsədi ilə intensiv istintaq əməliyyat tədbirləri davam etdirilir”.

Qurumdan BBC News Azərbaycancanın polisin fəaliyyətsizliyi ilə bağlı iddiaların araşdırılıb-araşdırılmadığı ilə bağlı suallarına cavabda bildirilib ki, “hazırda cinayət işi davam etdiyi üçün istintaq üzrə başqa detallar bildirilmir”.

BBC News Azərbaycanca səslənən iddialara Füzuli Qarayevin və ya onun yaxınlarının münasibətini öyrənə bilməyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button