Sevirsən səbəbsiz sev…

Türkiyə Məzunlarının Buluşma Nöqtəsində

    “Lütfən mənə bu şəhəri sevmək üçün 3 səbəb yazın…” deyən Lalə Dilanovaya…

    Lalə, yenə çatdırım sənin o nəzərinə,
    Rast gəlmərsən dünyada Bakının bənzərinə,
    Xəzər onun göz yaşı, qulaq as Xəzərinə,
    Dinlə onun dərdini, sevmirsən, yenə sevmə
    Sevirsən, səbəbsiz sev, sevmək xətrinə sevmə.

    Nura qərq olunubdur həm gecəsi, gündüzü,
    Daha nə istəyirsən, başa düşmürəm, düzü,
    Sevginin yox səbəbi, səbəb sevginin özü,
    Bu sənə bəs deyilsə, sevmə, ay nənə, sevmə,
    Sevirsən səbəbsiz sev, sevmək xətrinə sevmə.

    Bir yanda Qız qalası, bir yanda bulvarı var,
    Neft daşları tək onun dövləti var, varı var,
    Qışı yazdan fərqlənmir, nə boran, nə qarı var.
    Bəhanəyə nə hacət, gəzmə bəhanə, sevmə
    Sevirsən səbəbsiz sev, sevmək xətrinə sevmə.

    Heydər Oğuz

    VƏTƏNİM

    Tutuşub odlara hər gün deyirəm: – Can, Vətənim!

    Yada cənnət olan, amma bizə zindan Vətənim.

     

    Varlığım tək quru can mən ilə Allah arası,

    Neylərəm mən onu sənsiz, sənə qurban, Vətənim?!

     

    Mən sənin qanlı tənin üstə ötən bülbülünəm,

    Susmaram, olsa vücudum qana qəltan, Vətənim!

     

    Can verir zalıma məzlum əyərək zülmə boyun,

    Qurtuluş çarəsidir eyləmək üsyan, Vətənim!

     

    Yoxdu əynimdə kəfən, amma gəzən bir ölüyəm,

    Qalmayıb zərrə qədər məndə həyəcan, Vətənim!

     

    Tapdayır yurdumu düşmən bizə lağ eyləyərək,

    Başçımız uydurur ancaq yenə dastan, Vətənim!

     

    Heydərəm, dözməyərək dərdimə dağlar əriyər,

    Bilmirəm, tab gətirir, bəs necə insan, Vətənim?!

     

     

    Xural” qəzeti,

    İl: 9, sayı: 030 (438),07-13 avqust 2011-ci il

     

    Əlaqəli məqalələr

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Back to top button