Şeytandan ümid umuram?

Qaranlıq Məqam

 Bakir Həsənbəyli

 Hərdən fikirləşirəm, mən nəyin peşindəyəm? Nəyə nail olmaq istəyirəm ki? Tək başladığım bu yol məni mənzil başına çatdıracaqmı? Bu insanlarla normal, sivil, qışqırmadan, təhqir etmədən nəyə isə nail olmaq mümkündürmü? İllər uzunu soyub-talayan, korrupsiyanı idarəçilik mexanizminə çevirən, məmuruna kasıba sosial yardım verərkən “üç ayı mənimdir” dedirdən, işsizinə işədüzəltmə idarələrində “sənə müavinət düşür, amma hər ay 50/50-yə” təklifini etdirən, polisi qaba, məhkəməsi ədalətsiz, prokuroru riyakar, müəllimi satqın, biznesmeni dilənçı, millət vəkili qarnının qulu, naziri millətinə düşmən olan bu rejimlə başa çıxa biləcəyəmmi? İllərdir edilə bilməyəni etmək mümkünmü? Hər halda yoluma davam edirəm. Dəstək verdiyi üçün “Xural”a minnətdaram. Sonu görünməyən, nəticəsi bilinməyən bir işə dəstək fədakarlıq tələb edir. “Xural” bu fədakarlığı edir. Təşəkkürlər.

Adam gərək həbs olunamı və ya döyüləmi ona dəstək verilə? Və ya hansısa bir mərhumun hər gün qəzetdə boy-boy şəklini verməklə onu həyata qaytarmaq mümkünmü? Niyə insanları sağlığında əzməyə çalışır, öləndən sonra sevirlər? Niyə həbs olunana kimi varlğını belə unutduqlarını barmaqlıqlar arasında görüb baş tacı edirlər? Sanıram ki, bu rejim hər kəsin özünə, ailəsinə, nəslinə, sonucda millətinə qənim kəsilib. Kim bu rejimə kafa tutursa, onun yanında olmaq, əlindən tutmaq artıq bir kişilik tələb edir. Nə vaxta qədər illərlə bu rejimə sədaqətlə xidmət edib, sonda kənarlaşdırılan şəxslərin milyonlarına toxunulmaması xatirinə “bu hakimiyyət məni repressiya edir” çağırışına sevgi ilə cavab veriləcək. Axı dışlanmasaydı, adam millətin faciəsindən cox mutlu idi. Nə baş verdi? Bəlkə korrupsiya ilə əldə etdiyi milyonlarının səsi daha cəlbedicidir?

Bu rejimi hakimiyyət qəsb olunduğu gündən tənqid edən şəxslər diqqətdən kənarda niyə qalmalıdırlar ki? Niyə bir-iki nəfərin hikkəsi bir cəmiyyətin düşüncəsi kimi təqdim olunmalıdır? Bu hakimiyyətin gücü həm də məhz müxalif mövqeli insanların bir-birinə qarayaxmalarındadır. Bu cür qarşıdurmalar heç bir maliyyə xərcləmədən iqtidarın xeyrinə deyilmi? Bəyəm parça-parça, tikə-tikə olub bu rejimin ömrünü uzatdığımızın fərqində deyilikmi? Kimin bu iqtidardan hər ay alacağı varsa, hesab edirəm ki, utanmasın, söyləsin. Mən inanıram ki, korrupsionerə qucaq açanlar onu da kənarlaşdırmayacaqlar. Amma qarayaxmadan, yarlık yapışdırmaqdan qurtulmalıyıq. Mənim aləmimdə səngərindən aslı olmayaraq bütün qarayaxanlar şeytanlardır. Şeytandan ümid umulmaz.

Artıq Suriya müxalifətçiləri də Milli Şuralarını yaratdılar. Görünməmiş bir iş baş verdi. Bu dəfə müxalifətçilərə ABŞ və ya Avropa deyil, məhz Türkiyə ev sahibliyi etdi. Suriyaya daha yaxın olduğu üçün. Bizə edilməyəcəkmi? Vəzifələri hələ ki, bölməyin, özünüzü nazir, prezident hesab etməyin, toparlanın. Qapılarınızdakı dəmir darvazaları qırın, hamıya, hər kəsə qucaq açın. Bu rejimi yıxmaq üçün yalnız şeytanlarla iş birliyində olmayın.     

Hesab etmirəm ki, bu yazımla şeytandan, ümid umub, iblisə xitab etdim.

“Xural” qəzeti,

il 9, sayı: 052 (461), 06 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button