SOCAR-ın Türkiyədəki zavodu ABŞ banklarının kreditini qaytarıb, Rusiyaya üz tutub

Yayımlandı: 16 Mart 2024 16:09

“Star” ABŞ banklarının xahişi ilə Rusiyadan neft almağı dayandırmışdı

Azərbaycan neft şirkəti olan SOCAR-ın Türkiyədəki “Star” neft emalı zavodu ABŞ-ın “Citi” və “JP Morgan” banklarından aldığı 1,3 milyard dollar krediti vaxtından iki il öncə geri qaytarıb. “Reuters” yazır ki, SOCAR bunu Rusiyanın “Lukoil” şirkətindən 1,5 milyard məbləğində kredit götürdüyü ərəfədə edib. Bu barədə məsələ ilə bağlı mənbə məlumat verib.

Bildiriblər ki, səbəb Rusiyadan neftalmanı bərpa etmək ola bilər. Lakin “Citi,” “JP Morgan” kreditin vaxtından əvvəl ödənilməsi ilə bağlı şərh verməkdən imtina edib. “Lukoil” və “Socar” da bu barədəki sorğuya cavab verməkdən imtina ediblər.

Məqalədə deyilir ki, kreditin erkən geri qaytarılması Moskvaya uzun müddətdir ki, əsas alıcı olan SOCAR-ın “Star” neft emalı zavoduna xam neftin satışını bərpa etməyə imkan verib.

Qısaca, neft emalı zavodu krediti götürdüyü zaman ABŞ banklarının xahişi ilə Rusiyadan neft almağı dayandırmışdı. İndi ABŞ banklarına borcu qaytarmaq üçün “Lukoil”dən kredit götürdüyü bir dönəmdə Rusiyadan neft almağı da bərpa edib. ““Star” Rusiya neftini emal etmək üçün nəzərdə tutulmuşdu, ona görə də Qərb bankları ona Rusiya neftinin emalının dayandırılmasını dedikdə, bu, problemə çevrildi”, – media ilə danışmağa icazə verilmədiyi üçün adının açıqlanmasını istəməyən üç mənbədən biri deyib.

Lukoyl şirkəti. Foto: Andrey Sedoy/shutterstock

“Kredit yoxdur, problem yoxdur”, – deyən mənbə ABŞ banklarından kreditin vaxtından əvvəl ödənilməsinin məntiqini belə izah edib.

“Citi” və “JPMorgan”ın rəhbərlik etdiyi sindikat bu pulu 2021-ci ildə SOCAR-ın Türkiyə bölməsinə beş il müddətinə borc vermişdi. Mənbələrin bildirdiyinə görə, geri qaytarılma ötən ilin sonunda baş tutub.

Bakı Araşdırmalar İnstitutunun rəhbəri, tarixçi Altay Göyüşov deyir ki, əgər ABŞ banklarına krediti qaytarmadan Rusiya neftini almağı bərpa etsəydilər, banklar bu məsələdə ciddi yoxlama və tələblər qoyacaqdılar ki, hər hansı yollarla Rusiyaya qarşı sanksiyalar aşılmasın.

Onun sözlərinə görə, ABŞ kreditini Rusiya krediti ilə əvəz etməyin məqsədi də məhz Rusiyadan rahat, əlavə nəzarət olmadan neft almağı bərpa etməkdir.

“Yavaş-yavaş Qərb Azərbaycanın Rusiyaya sanksiyaları yüngülləşdirmək, yan keçmək məsələsində kömək edib-etmədiyinə ciddi yanaşmağa başlayır. Bir tərəfdən Avropaya qaz söz ver, o biri tərəfdən özün Rusiya və İrandan qaz al, Rusiyaya İngiltərədən sanksiya qoyulmuş lüks maşın ixracında tranzit yolunu oyna, indi də hətta Hindistanın Rusiyadan neft alışı məsələsinə ehtiyatla yanaşmağa başladığı bir anda Rusiyadan neft almağı bərpa et – bütün bunlar gec-tez diqqəti cəlb edəcəkdi”.

Tarixçi-alim Altay Göyüşov
Foto: AFU

Altay Göyüşov bildirir ki, Azərbaycan hökumətinin Qərbdən uzun müddətli perspektiv indulgensiyası var idi. Ən müxtəlif səbəblərdən Azərbaycanı ərköyün, nadinc uşaq kimi yola verirdilər:

“Bəzən nadinclikdə şərik olurdular. Amma indi görünür nə isə olub. Əslində məlumdur nə olduğu, Rusiya ilə ekzistensial müharibə gedir, nala-mıxa vuranlarla da yol getmək çətinləşir. Hə, bir də yada salmaq lazımdır ki, bu məsələyə diqqətin cəlb edilməsi Ukraynanın Rusiyanın neft emalı zavodlarını bir-bir bombaladığı zamanda baş verir”.

“Star” neft emalı zavodu 2018-ci ildə tikilib və gündə 200.000 barel emal edə bilir. Bu da onu son illərdə Avropada tikilmiş ən böyük neftayırma zavodlarından birinə çevirib. Qərb banklarının təzyiqi ilə “Star” 2023-cü ilin ortalarında Rusiya neftinin alışını kəsmişdi. Oktyabrda “Lukoil” ilə kredit müqaviləsi bağlandığı vaxtlarda idxalı bərpa edib.

Türkiyə 2022-ci ildə beynəlxalq sanksiyalar tətbiq edildikdən və Avropanın əsasən, alqı-satqısını dayandırdıqdan sonra Rusiyanın ən böyük neft alıcılarından birinə çevrilib. Hindistan və Çin də Rusiyanın böyük neft idxalçılarıdır.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button