BMT Rusiyanın Ukrayna ərazisində prezident seçkisi keçirmək cəhdini pisləyib

Yayımlandı: 16 Mart 2024 14:35

Təşkilat Ukrayna ərazilərindəki səsvermə nəticələrinin etibarlı olmadığını düşünür

Birləşmiş Millətlər Təşkilatının baş katibi Rusiyanın işğal olunmuş Ukrayna ərazilərində prezident seçkiləri keçirmək cəhdini pisləyib.

BMT-nin sözçüsü Stefan Dujarrik bildirib ki, Ukraynanın regionlarının qanunsuz ilhaqına cəhd beynəlxalq hüquqa uyğun deyil.

“BMT Baş Assambleyanın müvafiq qətnamələrinə uyğun olaraq, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə sadiq qalırıq”, – deyə Dujarrik bildirib.

BMT Ukrayna ərazilərindəki səsvermə nəticələrinin etibarlı olmadığını düşünür. Ukraynanın BMT-dəki səfiri Sergiy Kislytsya həmkarları ilə birlikdə bəyanat yayıb.

Həmin bəyanatda bildirilir:

“Biz Rusiya Federasiyasının Ukraynanın beynəlxalq səviyyədə tanınmış, hazırda işğalda olan ərazisi daxilində Rusiya prezidenti seçkilərinin təşkil edilməsini qanunsuz adlandırır və qəti şəkildə pisləyirik”.

Martın 15-də Təhlükəsizlik Şurasının iclasında BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo beynəlxalq hüquqa görə seçkinin heç bir hüquqi qüvvəsinin olmadığını söyləyib.

Deyib ki, dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət prinsipi BMT-nin kollektiv təhlükəsizliyinin önəmli hissəsini təşkil edir.

“Təhdid, güc yolu ilə hər hansı dövlətin ərazisinin ilhaqı BMT nizamnaməsinin, həmçinin beynəlxalq hüququn tələblərini pozur. Rusiyanın Ukrayna ərazisində etdiyi məhz budur”.

Rusiyada prezident seçkisinə səsvermə martın 15-dən başlayıb. Proses üç gün davam edəcək. Rusiyanın qanunsuz ilhaq etdiyi Ukrayna bölgələrində 100 minədək səsvermə məntəqəsi yaradılıb. Martın 18-də seçki nəticələrinin bəlli olacağı deyilir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button