Təhsil Nazirliyinə Mehdiyev ittihamı –

Tenderi necə udub? - AÇIQLAMA

Ramiz Mehdiyevin oğlunun nəşriyyatı Təhsil Nazirliyinin elan etdiyi tenderdə qalib gəlib.
Bakupost.az xəbər verir ki, bu barədə məlumatı millət vəkili Etibar Əliyev verib. O, bildirib ki, adı korrupsiyada hallanan şəxslərə böyük məbləğdə vəsait ayırmaq düzgün deyil:
“Sabiq AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin sahibi olduğu “Şərq-Qərb” ASC Təhsil Nazirliyinin tenderinin qalibi olub. Təhsil Nazirliyinin 2022-2023 cü tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blankarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması üçün 361 min manatlıq tenderinin qalibi adıçəkilən şirkəti elan edib.
Təhsil nazirliyinin yanında İctimai Şuranın üzvü kimi bu məsələ məni narahat edir. Adı korrupsiyada və maxinasiyalarda hallanan və fəaliyyəti müvafiq orqanlar tərəfindən yoxlanılan bir nəşriyyata külli miqdarda vəsaitin verilməsi xeyli suallar doğurur. Bu nəşriyyatı tender prosesində iştirak etməyə belə buraxmaq olmazdı. Düşünürəm ki, Təhsil nazirliyinin rəhbərliyi bu məsələyə aydınlıq gətirəcək.
Fövqəladə Hallar nazirinin müavini hansı sifətlə nəşriyyat rəhbəri olur? Bu suala kim cavab verəcək?”
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov tenderin qanun çərçivəsində keçirildiyini deyib:
“Millət vəkili Etibar Əliyev “Şərq-Qərb” nəşriyyatının tenderdə qalib gəlməsi ilə bağlı sosial mediada paylaşım edib. Etibar Əliyevə bu məsələni diqqətdə saxladığı üçün təşəkkür edirik.
“Şərq-Qərb” ASC-nin Təhsil Nazirliyinin açıq tenderlərində iştirak etməsi və bu tenderlərin birində qalib gəlməsi ilə bağlı nəzərə alınmalıdır ki, tenderlərin keçirilməsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İstənilən hüquqi və ya fiziki şəxs bu qanunun 6.2.-ci maddəsində nəzərdə tutulmuş ixtisas uyğunluğu meyarlarına cavab verirsə, tenderlərdə iştirak edə bilər.
“Şərq-Qərb” ASC digər müəssisələr kimi göstərilən tələbləri ödədikdən sonra tenderlərdə iştirak etmişdir. Xatırladırıq ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmayan meyarların, o cümlədən, təsisçilərlə bağlı tələblərin tenderlərin iştirak şərtlərinə daxil edilməsi qanunla qadağandır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button