Təhsil sistemimizdə problemlər var 

 

Aynur Abbasova

Hər bir sivil ölkədə dövlət təhsilə qayğı göstərir, önəm verir, onun başlıca icraçısı olan müəllimin əməyini dəyərləndirir. Bu mənada təhsillə bağlı olan hər bir məsələ daim diqqət mərkəzində olmalı, qarşıya çıxan problemlər operativ həllini tapmalıdır.

Azərbaycanda təhsilin səviyyəsinin aşağı olması rəsmi qurumlar tərəfindən də etiraf olunmaqdadır. Orta məktəblərdə keçirilən buraxılış, həmçinin ali məktəblərə qəbul imtahanlarının nəticələri üzrə aparılan təhlillər göstərir ki, təhsilimizin səviyyəsi hətta MDB ölkələri üzrə aşağı həddədir.

Son illər qəbul imtahanlarından sonra keçid balının aşağı salınması artıq ənənə halı alıb. Aşağı səviyyəli təhsilin acı nəticələri artıq öz bəhrəsini verir. Aşağı balla ali məktəbə qəbul olanları, təhsil aldıqları müddətdə onlardan bir qisminin tapşırıq və rüşvət hesabına oxuduğunu nəzərə alsaq, yaxın illərdə Azərbaycan hansı səviyyəli mütəxəssislərin yetişəcəyini təsəvvür etmək çətin deyil. Bəs təhsilinin bu vəziyyətə düşməsinin əsas səbəbi nədir və belə təhsil ölkəni hara aparır?

Bütün sahələrdəki qüsurları düzgün sistem yaratmaqla qısa zamanda aradan qaldırmaq mümkündür. Amma təhsili düzəltmək üçün on illərlə vaxt sərf olunur. Savadsız kadrların peşəkar təhsil sistemi yaratması mümkün deyil.                Azərbaycan təhsilinin başında duranlar, eləcə də az-çox imkanları olanlar övladlarını xarici ölkələrin nüfuzlu məktəblərində oxudurlar. Orta və aşağı təbəqənin övladları isə bərbad halda olan Azərbaycan məktəblərində oxumağa məcburdurlar.

Acınacaqlı hal odur ki, bir çox yerlərdə ümumitəhsil orta məktəbləri əhəmiyyətsiz quruma çevriliblər. Uşaqların böyük əksəriyyəti  təhsili məktəbdənkənar alırlar. Repititor olmadan heç kim ali məktəbə qəbul ola bilmir.

Müəllimlərin maaşının azlığı, sistemin düzgün qurulmaması bu sektordakı böhranın əsas səbəblərindəndir. Təəssüf ki, aidiyyəti qurumlar nə problemlərin səbəblərini araşdırır, nə də təhsil sistemində bu gün baş verən neqativ halları aradan qaldırma cəhd göstərirlər.

Unutmaq olmaz ki, təhsil sisteminin inkişafı ümumi dövlətçiliyin inkişafına təkan verən əsas amildr.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button