Taleh Bağırzadə və Abbas Hüseyn aclıq aksiyasına başlayıblar

”Təzyiqlərə həbsxananın rəisi şəxsən rəhbərlik edir”

Qobustan həbsxanasında saxlanılan “Müsəlman Birliyi” təşkilatının təmsilçiləri Taleh Bağırzadə və Abbas Hüseyn aclıq aksiyasına başlayıblar.

Məlumatı AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur yayıb.

O, Abbas Hüseynin ailəsi ilə əlaqə saxladığını deyib:

“Abbas Hüseyn Qobustandadır. Beş gündür Taleh Bağırzadə, iki gündür Abbas Hüseyn aclıq aksiyasına başlayıblar. Onlara qarşı edilən basqı və işgəncələr davam edir. Ailəsi bildirir ki, Abbas Hüseyn bunları telefonda deyərkən belə ona təyziq olub, əlindən dəstəyi alıb ona danışmağa imkan verməyiblər”.

Bildirilib ki, Taleh Bağırzadəni hamamdan, telefonla danışmaqdan da məhrum ediblər:

“Bütün bunlara həbsxananın rəisi Aftandil Ağayev şəxsən rəhbərlik edir”.

Bundan əvvəl Taleh Bağırzadə yerli və beynəlxalq insan haqları təşkilatlarına, sosial şəbəkə fəallarına, Milli Şuraya müraciət edərək, Qobustan həbsxanasında insanlıq faciəsinin yaşandığını deyib və buna biganə qalmamağı xahiş edib.

T.Bağırzadə, A.Hüseyn 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunublar.

Onlara qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. T.Bağırzadə və A.Hüseyn 20 il azadlıqdan məhrum edilib.

Onlar özlərini təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button