Taleh Bağırzadənin vəkili ilə görüşünə imkan verilmir

Müsəlman Birliyi Hərəkatının sədr müavini, həbsdə olan ilahiyyatçı Taleh Bağırzadənin vəkili ilə görüşünə hələ də imkan verilmir. Bu haqda “Azadliq.info”ya ilahiyyatçının vəkili Yalçın İmanov məlumat verib.
Vəkil bildirib ki, Qobustandakı qapalı həbsxanada saxlanılan müvəkkili ilə görüşmək üçün Penitensiar Xidmətə iyulun 31-də məktub göndərib. Üstündən bir həftə keçsə də, ona heç bir cavab gəlməyib. Bu səbəbdən avqustun 7-də bir daha Penitensiar Xidmətlə əlaqə saxlayıb.
“Bildirdilər ki, razılıq məktubunu elə bu gün mənə göndəriblər. Amma hələ ki, mənə gəlib çatmayıb. Qobustan həbsxanası ilə əlaqə saxladım. Oradan da bildirdilər ki, onlara məktub göndərilməyib. Nə vaxt məktub gəlib mənə çatsa, yalnız onda görüşə bilərəm. Faktiki ötür-ötürlə vəkillə müvəkkilin görüşünə imkan verilmir. Hesab edirəm ki, bu cür yanaşma müdafiə hüququnun kobud şəkildə pozulmasıdır”, – deyə Yalçın İmanov bildirib.
Müdafiəçi onu da qeyd edir ki. Xüsusən Taleh Bağırzadənin işgəncəyə məruz qalması, nəticədə vəziyyətinin ağır olması haqda yayılan narahatedici məlumatlardan sonra onunla görüşməsi vacibdir.
Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Nardaranda keçirdikləri və altı nəfərin ölümü ilə nəticələnmiş əməliyyat zamanı həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il azadlıqdan məhrum edilib.
Taleh Bağırzadə ittihamları rədd edir. Özü də daxil, əməliyyat zamanı həbs olunanların heç birində silah olmadığını, öldürülənlərin hamısının polislərin özləri tərəfindən qətlə yetirildiyini bildirir.

azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button