Talıbov istintaq altında: Ondan Naxçıvandakı gizli ortaqları haqda nələr soruşulur? – yeni ŞOK detallar üzə çıxır

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalının Globalinfo.az-a müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycanda misli görünməmiş islahatlara start verildiyini, hazırda hüquq mühafizə orqanlarının çox ciddi istiqamətlərdə tədbirlər həyata keçirdiyini göstərir.

Sitat:

“ – Vasif Talıbov hansı siyasi günaha batdı ki, dövlət ona ən sərt üzünü göstərməyə məcbur qaldı?

– Hələ də proseslər davam edir. Öncədən hər hansı bir proqnoz verə bilmərəm. Amma bir onu deyə bilərəm ki, biz prosesin başlanğıcındayıq. Sadəcə, sonunu gözləmək lazımdır”.

Globalinfo.az-a etibarlı mənbədən daxil olan məlumata görə, Vasif Talıbov və onun klanı ilə bağlı çox ciddi istintaq gedir. Ən önəmli məqam isə bu istintaqın maksimum şəkildə gizli aparılması, hər detalın araşdırılmasıdır.

Naxçıvana rəhbərlik etdiyi 27 il ərzində Muxtar Respublikada ağlasığmaz qanunlar tətbiq edən Vasif Talıbovun külli miqdarda dövlət vəsaitini mənimsəməsi haqda müzakirələr də davam etməkdədir. Zaman-zaman mediada onun villaları, fərqli-fərqli mülkləri, eləcə də “Talıbovlar” klanına daxil olan digər şəxslər barədə bənzər xəbərlər yayılmaqdadır.

Mənbə bildirir ki, “Talıbovlar işi” təkcə bu ailəni yox, daha geniş arealı əhatə edəcək ki, bunun da nəticəsində ölkənin bəzi siyasi giqantlarının cəzalandırılmasının da şahidi ola bilərik. Xüsusən mətbuatda gedən “Vasif Talıbovun sensasion Naxçıvan planı: Ramiz Mehdiyevin bağında görün nələr baş verib – GİZLİNLƏR” yazısında üzə çıxan məqamlar prosesə daha kimlərin daxil ola biləcəyi haqda ipucu verməyə kifayət edir.

Zaman keçdikcə V.Talıbovun nəyə görə belə sərt formada cəzalandırıldığı məlum olur. Onun böyük bir xəyanətin içində olduğu, dövlətin kürəyinə xəncər saplamağa çalışdığı haqda xəbərlər var. Mənbələr bildirir ki, V.Talıbov və klanı Naxçıvanı PKK və İran (SEPAH) şəhərinə çeviribmiş. Onun PKK yanlısı kürdləri Naxçıvana doldurduğu, SEPAH-la ciddi əlaqələrə girdiyi barədə məlumatlar gəlməkdə davam edir. Hətta o da bildirilir ki, Naxçıvanda kürdlərdən ibarət hərbi hissə də fəaliyyət göstərir. Bu hərbi hissədə hazırda çox yüksək səlahiyyət sahibi olan məmurların övladları, yaxınları hərbi xidmətdədirlər.

Vasif Talıbovun PKK sevgisi bu günün işi deyil. Bu mövzu uzun illər Azərbaycan mətbuatının manşetindən düşməyib. Dövrün aparıcı qəzetlərinin arxivlərinə baxılsa, Vasif Talıbovun Naxçıvanda PKK-nı az qalsın iqtidar ortağı etməsi barədə yazılara rast gəlinər.

Vasif Talıbovun Naxçıvanı necə talan etməsindən də çox yazılıb. Onun dövlət vəsaitlərini talan etməsi, büdcə pullarını mənimsəməsi, Naxçıvan gömrüyünü şəxsi biznesi kimi “işlətməsi” barədə mətbuat illərlə yazıb. Görünür, Talıbovun özbaşınalığı, talançılığı o qədər böyük miqyas alıb, o qədər təhlükəli həddə çatıb ki, sonda buna kəskin reaksiya verilib.

Bəzi mənbələr iddia edir ki, Naxçıvan Ali Məclisinin sabiq sədri “içəridədir”. Onun DTX-nin təcridxanasında saxlandığına dair məlumatlar var. Bir başqa qaynaq isə V.Talıbovun Bakıda ev dustaqlığında olduğunu qeyd edir.

İstintaqın nəticəsi necə olacaq? İndi əsas sual budur. V.Talıbovu istintaq edib, sərbəst buraxacaqlar, yoxsa həbsxanaya göndərəcəklər – bunu zaman və şərait göstərər. Hələliksə, digər maraqlı proseslərə diqqət çəkək.

Daha bir məlumata görə, Vasif Talıbovun “xeyir-duası” ilə Naxçıvandan şübhəli ünvanlara sistemli şəkildə maliyyə yardımları edilib. Bunu Azərbaycan xüsusi xidmət orqanlarının təsbit etdiyi deyilir. Bu məlumatın nə dərəcə doğru olmasını dəqiqləşdirə bilməsək də, xatırladırıq ki, bənzər iddiaları indiyədək bir çox tanınmış şəxslər mediada, sosial şəbəkələrdə səsləndiriblər. Vasif Talıbovun Azərbaycanın və Türkiyənin milli təhlükəsizliyini təhdid edən əməlləri haqda Türkiyə kəşfiyyatının da əlində təkzibedilməz məlumatların olduğuna dair daha əvvəl bilgilər yayılıb.

Proseslər göstərir ki, yaxın vaxtlarda Azərbaycan siyasi mühitində daha ciddi dalğalanmaların – təmizləmə əməliyyatının şahidi ola bilərik.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button