Tanınmış rejissor Vaqif İbrahimoğlu vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz verib

İNRADİO.AZ xəbər verir ki, Dövlət Yuğ Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu mayın 12-də uzun sürən ağır xəstəlikdən sonra öz evində vəfat edib. Məlumatı mərhumun ailə üzləri verib. Tanınmış rejissor ağciyərində yaranan problemlərə görə Ankaradakı Qazi Universitetinin xəstəxanasında uzun müddət müalicə olunub, bu il yanvarın 20-də Vətənə dönüb.

Qeyd edək ki, Vaqif İbrahimoğlu 18 oktyabr 1949-cu ildə Bakı şəhəri Mərdəkan qəsəbəsində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun (hazırda universitet) dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1972-ci ildə həmin institutu bitirib. 1973-1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışıb. 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında, 1979-1982-ci illərdə Tədris Teatrında bədii rəhbər, 1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərib.  Vaqif İbrahimoğlu “Otel otağı” filmində çəkilib.

Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb. 1989-cu ildən “YUĞ” Teatrının bədii rəhbəri vəzifəsində çalışıb (1992-ci ildə “YUĞ” Teatr-Studiyası dövlət statusu alıb). “YUĞ” Dövlət Teatrının baş rejissoru idi.

22 may 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatı laureatı idi. 2006-cı ildə Prezident mükafatına layiq görülüb. Azərbaycan prezidentinin fəxri təqaüdçüsü idi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button