Tovuzda iri biznesmen keçmiş məhkəmə sədrini güllələdi

Tovuzda keçmiş məhkəmə sədri, hüquqşünaslıq fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərovu güllələyən Əli Şəmiyev rayonda “Göl Əli” ləqəbi ilə tanınan iri biznesmendir, yerli oliqarxdır. Cinayətin motivi isə ilkin məlumatlara görə, Firudin Ələkbərovun “Göl Əli”nin Tovuzun magistral su xəttinin mühafizə zonasında tikilmiş otel-istirahət kompleksi barədə dəfələrlə müxtəlif orqanlara şikayətlər yazmasıdır.

“Göl Əli”nin Tovzuda bir çox iri obyektləri, o cümlədən Zəyəm çayının üzərində otel-istirahət mərkəzi var. Həmin istirahət mərkəzinin həyətində süni göl də yaradılıb ki, Əli Şəmiyevə ləqəbi də həmin gölə görə veriblər.

Əli Şəmiyev eyni zamanda Tovuz rayonunun keçmiş icra hakimiyyəti başçısı Tofiq Zeynalovla və nəqliyyat nazirinin keçmiş müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş rəhbəri Arif Əsgərovla qudadır. Belə ki, “Göl Əli”nin qızları Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovla və Arif Əsgərovun oğlu Rahib Əsgərovla evləniblər.

“Göl Əli”nin qardaşı Eyvaz Şəmiyev isə Rusiyanın Xantı-Mansiysk muxtar vilayətində biznes fəaliyyəti ilə məşğul olur. İri biznesmendir və çoxsaylı kommersiya müəssisələrinin sahibidir, eyni zamanda muxtar vilayətin Radujnı şəhər Dumasının deputatıdır.

10:27

Tovuz rayonunda keçmiş məhkəmə sədri güllələnib. Yerli KIV-lər xəbər verir ki, rayon sakini, 1963-cü il təvəllüdlü Ələkbərov Firudin Muxtar oğlunu həmyerlisi, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu güllələyib. F.Ələkbərli 3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən Ə.Şəmiyev polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, vaxtilə F.Ələkbərli Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sədri olub. O, 1995-ci ildə fəaliyyətindəki qanun pozuntularına görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button