Tural Abbaslı Qarabağ Komitəsinin yeni sədri seçildi

Qarabağ Komitəsinin mətbuat xidmətindən aldığımız məlumata görə, bu gün Qarabağ Azadlıq Təşkilatının qərargahında Qarabağ Komitəsinin növbəti toplantısı keçirilib.

Toplantıda Qarabağ Komitəsinin əksər üzvləri və çoxsaylı qonaqlar iştirak ediblər. Gündəlikdə təşkilati məsələlər, 15 dekabr mitinqinə icazə verilməməsinin müzakirəsi, dekabr ayının 23-də Qərbi Azərbaycan Qayıdış Birliyinin təşkilatçılığı ilə keçiriləcək dəyirmi masada Qarabağ Komitəsinin iştirakı məsələsi, şəhid ailələrinə verilməli “qan pulu”nun yaratdığı problemlər və hakimiyyətin şəhid ailələrinə bəslədiyi ögey münasibətə yanaşma, 21 Azər gününün anılması və cari məsələlər olub.

İclas Qarabağ Komitəsinin iclaslarına sədrlik edəcək yeni Koordinatorun vəzifəsini icra etməsi ilə başlayıb. Keçmiş sədr İlham İsmayıl yeni sədr Tural Abbaslını Komitəyə sədrlik etmək üçün dəvət edib və xeyir-dua verib. Komitə üzvləri İlham İsmayıla uğurlu sədrlik fəaliyyəti üçün təşəkkür ediblər.

İlk olaraq təşkilati məsələlərə baxılıb. Ağdam batalyonunun keçmiş döyüşçüsü Natiq Əsədov, Şəki hadisələrində 3 qardaşı ilə birlikdə həbs olunan Azad Lətifov, Xalq Partiyasının üzvü Yaşar Babayev, Ağ partiyasının başqan müavini Cavid Hacıbəyli, siyasi məhbus Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova, Kanal1-in baş redaktoru Teymur Kərimov (1 nəfər əleyhinə olmaqla) yekdilliklə Qarabağ Komitəsinin üzvü seçiliblər. İclasda çıxış edən ADP sədri Sərdar Cəlaloğlu partiyanın qərarı ilə müşahidəçilikdən həqiqi üzvlüyə keçmək haqqında qərar qəbul etdiklərini bildirib. İclas yekdilliklə Sərdar Cəlaloğlunu Qarabağ Komitəsinin üzvü seçib.
Sonra 15 dekabr mitinqi müzakirə olundu, hakimiyyətin xalqdan qorxması pislənildi və mitinqə icazə verilməməsi ilə bağlı Qarabağ Komitəsinin bəyanatı (1 nəfər əleyhinə olmaqla) qəbul edilib.
Qarabağ Komitəsinin siyasi və vicdan məhbuslarının əfv və ya amnistiya yolu ilə azadlığa buraxılması ilə bağlı prezidentə və Milli Məclisə müraciət qəbul edilib.

Gündəliyə daxil olan daha bir məsələ ilə bağlı Qarabağ Komitəsi bəyanat qəbul edib. Bəyanatda şəhid ailələrinin “qan pulu”nun dərhal ödənilməsi və problemin həlli vurğulanır və şəhid ailələri ilə həmrəylik nümayiş etdirilib.

Qarabağ Komitəsi “qan pulu” aksiyasında həbs olunaraq 30 sutka cəza verilən şəhid balası Toğrul Qocayev Etibar oğlunun həbsini pisləyib və hakimiyyətdən dərhal onun azadlığa buraxılmasını tələb edib. Bununla birlikdə, dekabrın 19-da, saat 12.00-da KXCP-nin qərargahında şəhid ailələrinin “qan pulu” məsələsi ilə bağlı dəyirmi masa keçirilməsi qərarlaşdırılıb.
Qarabağ Komitəsi 23 dekabr 2018-ci ildə Qərbi Azərbaycana Qayıdış Birliyinin keçirəcəyi toplantıda iştirak etmək qərarı verib və 23 dekabr tarixinin “Deportasiya Günü” kimi qeyd olunması haqqında QAQB-in təklifini müzakirə etməyi qərarlaşdırıb.

Qarabağ Komitəsi son olaraq onun adından heç bir maddi yardım və ianə toplanışını qəbul etmədiyini bəyan edib və bununla bağlı (iki nəfər əleyhinə olmaqla) qərar verib.
Komitənin iclasındakı müzakirələrdə Sərdar Cəlaloğlu, Pənah Hüseyn, Akif Nağı, İsgəndər Həmidov, Əvəz Zeynallı, Taleh Əliyev, Şakir Abbasov, Valeh İbadov, Şaiq Süleymanov, Həsən Həsənov, Rəşid Əlibəyli, Firuz İbrahimli və digərləri çıxış ediblər və fikirlərini bildiriblər.

Qarabağ Komitəsinin növbəti iclası 19 dekabr 2018-ci ildə, saat 11.00-da Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında keçiriləcək.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button