Ukrayna haqqında siyasi olmayan yazı

Azər Həsrət1Azər Həsrət

 Hazırda dünyanın diqqəti Ukraynadadır. Təbiidir. Elə mənim də diqqətim ordadır. Baş verməkdə olan siyasi olaylar diqqətimdən yayına bilməz əlbəttə. Ancaq bu arada diqqətimi bir də bir ədəbiyyat məsələsi cəlb edib. Bir qədər təəccüblü, yerinə düşməyən məsələ kimi görünə bilər. Ancaq düşündüm ki, məqamı gəlincə sözü demək lazımdır.

Ta uşaqlıq çağlarımızdan Ukrayna ədəbiyyatının ən böyük nümayəndələrindən olan Taras Şevçenkonu tanıyır və sevirdik. Yaradıcılığı haqqında orta məktəbdə oxumuşduq. Sevmişdik onu. Elə indi də sevirik. Hətta mən 2004-cü ildə Ukraynadakı siyasi prosesləri müşahidə etmək üçün qısa müddətə Çerkassı vilayətində yaşamaqdaykən Taras Grigoroviçin (ruslar Qriqoryeviç deyirlər, bizimkilər də ruslar kimi deyirlər) heykəli önündə şəkil də çəkdirmişdim. Uşaqkən ağlıma belə gəlməzdi bu. Ancaq oldu.

Taras Şevçenkonun indi diqqətimi çəkməsi isə yazdığım yazılarda ondan gətirdiyim sitat oldu. Onun ən məşhur şeiri olan “Vəsiyyət”in Azərbaycancasında keçən “O gözəl Ukrayna” ifadəsi hazırkı prosesləri təsvir edərkən çox yerinə düşdüyündən bir neçə dəfə müraciət etmişəm. Və elə ona görə də “Vəsiyyət”in ukrayna dilindəki orijinalını tapıb oxumaq keçdi ağlımdan. Oxudum və indiki bəzi “jurnalist”lərin sözüylə desək, şok oldum! Aşağıda verəcəyim qarşılaşdırmanı oxuyandan sonra yəqin ki, oxucularımız da ən azı sarsılacaqlar. Amma qarşılaşdırmaya keçməzdən öncə qeyd edim ki, şeirin Azərbaycan variantında Taras Şevçenkonun öləndən sonra “yüksək bir təpədə, bir dağ başında” basdırılmasını vəsiyyət etdiyi deyilir:

“Mən öləndə, məni basdırarsınız,

Yüksək bir təpədə, bir dağ başında.

Elə bir yerdə ki, görünsün yalnız

O gözəl Ukrayna…”

Halbuki Ukrayna variantında böyük şair öləndən sonra “geniş çölün ortasında” (“Серед степу широкого”) basdırılmasını vəsiyyət edir:

“Я умру, то поховайте

Мене на могилі,

Серед степу широкого,

На Вкраїні милій”

Mən bu hissəni Azərbaycan türkcəsinə belə tərcümə etdim:

“Öldüyümdə basdırarsınız,

Məni bir məzarda

Geniş çölün ortasında,

Sevimli Ukraynada”

Əlbəttə, şair olmadığım üçün bunun poetik yönüylə bağlı heç bir iddia irəli sürə bilmərəm. Bizə tanış olan və sevə-sevə əzbərlədiyimiz variantın o baxımdan bəxti çox gətirib. Ancaq adam açıq mətnlə öldükdən sonra “geniş çölün ortasında” basdırılmağı vəsiyyət etdiyi halda bunu “yüksək bir təpədə, bir dağ başında” formasında tərcümə etməyin nədən qaynaqlandığını anlamağa çətinlik çəkirəm. Bununla bağlı kiçik araşdırma aparıb müəyyən təxminlər hasil etmişəm əlbəttə. İndi həmin təxminləri də paylaşmaq istərdim.

Məncə bu şeir Azərbaycancaya Ukrayna deyil, rus dilindən tərcümə edilib. Çünki Şevçenkonun çölün ortasında deyil, “yüksək bir təpədə” dəfn edilmə istəyinin ilkin işartıları rus tərcüməçilərin əl işlərində sezilir. Ədəbiyyat bilicisi olmasam da araşdırmalarım göstərir ki, bu şeiri ruscaya 1900-cü ildə məşhur rus yazıçısı, Nobel laureatı Aleksandr Bunin tərcümə edib:

“Как умру, похороните

Вы меня на воле,

На степи в краю родимом,

На кургане в поле!”

Daha sonra isə 1939-cu ildə Sovet şair və yazıçısı Aleksandr Tvardovski də “Vəsiyyət”i bənzər şəkildə tərcümə edib:

“Как умру, похороните

На Украйне милой,

Посреди широкой степи

Выройте могилу,

Чтоб лежать мне на кургане”…

Bu tərcümələrin hər ikisində yüksəkliyə (təpə, dağ) işarə kimi “kurqan” ifadəsini qəbul etmək olar. Düzdür, kurqan birbaşa təpə və ya dağı ifadə etmir. Ancaq bəllidir ki, kurqan məzar növü olaraq özü yüksək şəkildə olur. Yəni əskilərdə məzarın üzərinə əlavə torpaq tökülərək onun xeyli hündür şəkil alması təmin edilməklə kurqan halına salınırdı. Ona görə də bəzən kurqanların yüksəklik anlamında olması kimi fikirlərin olması başadüşüləndir. Elə bundan çıxış edərək demək olar ki, Şevçenkonun vəsiyyətini bu formada Azərbaycan türkcəsinə çevirərkən dilə yatımlı olması üçün kurqanı hətta “bir dağ başı”na qədər yüksəldiblər. Mümkündür ki, bunun arxasında başqa və az ehtimal etdiyimiz ideoloji məqam da olsun. Ancaq tərcüməni kimin, nə zaman etdiyini bilmədiyimiz üçün bunun üzərindən keçməli oluruq. Sadəcə yuxarıdakı qeydləri nəzərə alaraq “Vəsiyyət”i Azərbaycan dilinə yenidən, özü də orijinaldan tərcümə etməyin yerinə düşəcəyini demək istərdik. Mən buna bir cəhd etdim. Aşağıda təqdim edəcəyim tərcümənin nə qədər uğurlu olduğuna isə təbii ki, peşəkarlar qiymət verə bilər. Yalnız onu da əlavə edim ki, şeirin Azərbaycan variantında problem sayıla biləcək məsələ yalnız “bir dağ başı”ndan ibarət deyil. Bu şeir doğrudan da yenidən tərcümə edilməlidir. Özü də dəqiq şəkildə.

Тарас Шевченко: Заповит

Як умру, то поховайте

Мене на могилі

Серед степу широкого

На Вкраїні милій,

Щоб лани широкополі,

І Дніпро, і кручі

Було видно, було чути,

Як реве ревучий.

Як понесе з України

У синєє море

Кров ворожу… отойді я

І лани і гори —

Все покину, і полину

До самого Бога

Молитися… а до того

Я не знаю Бога.

Поховайте та вставайте,

Кайдани порвіте

І вражою злою кров’ю

Волю окропіте.

І мене в сем’ї великій,

В сем’ї вольній, новій,

Не забудьте пом’янути

Незлим тихим словом.

 Taras Şevçenko: Vəsiyyət

Öldüyümdə basdırarsınız,

Məni bir məzarda

Geniş çölün ortasında,

Sevimli Ukraynada

Ki, geniş çöllər

Dnepr də, qayalar da

Görünsün, eşidilsin

Necə kükrədikcə kükrər.

Ukraynadan necə çıxır

Mavi dənizə doğru

Düşmən qanı… onda mən

Çölləri də, dağları da –

Hər şeyi tərk edərəm

Allahın özünə qədər

Dua edərəm… ona qədərsə

Mən Allahı tanımıram.

Basdırın və ayağa qalxın,

Qandalları qırın

Düşmənin qəddar qanıyla

Azadlığı bərkidin.

Və məni böyük ailədə

Azad, yeni ailədə

Anmağı unutmayın

Nəzakətli sakit səslə.

 Ukrayna dilindən tərcümə: Azər Həsrət

 Тарас Шевченко: Завещание

Как умру, похороните

На Украйне милой,

Посреди широкой степи

Выройте могилу,

Чтоб лежать мне на кургане,

Над рекой могучей,

Чтобы слышать, как бушует

Старый Днепр под кручей.

И когда с полей Украйны

Кровь врагов постылых

Понесет он… вот тогда я

Встану из могилы —

Подымусь я и достигну

Божьего порога,

Помолюся… А покуда

Я не знаю Бога.

Схороните и вставайте,

Цепи разорвите,

Злою вражескою кровью

Волю окропите.

И меня в семье великой,

В семье вольной, новой,

Не забудьте — помяните

Добрым тихим словом.

Перевод с украинского: Александр Твардовский

 Taras Şevçenko: Vəsiyyət

Mən öləndə, məni basdırarsınız,

Yüksək bir təpədə, bir dağ başında.

Elə bir yerdə ki, görünsün yalnız

O gözəl Ukrayna… Onun daşında,

Onun tarlasında, geniş çölündə,

Mən öləndən sonra, görüm nələr var!

Sevdiyim Dneprin şən sahilində

Nədən söhbət açır quduz dalğalar!

Mənim Ukraynamdan yuyub aparsa ,

Dnepr yad qanını mavi dənizə,

Onda mən sözümü deyərəm qısa,

Unudub tarlanı, dağı… nə isə,

Son verib fəğana, son verib aha,

Dua eyləyərəm onda Allaha.

Çiçək açmayınca bax, bu arzular,

Edərəm yenə də hər şeyi inkar.

Məni basdırınız, üsyan ediniz,

Qırıb yox ediniz o qandalları.

Düşmənin qanını axıtmaqla siz

Azad olarsınız, biliniz barı.

Mənisə gələcək böyük, şən, xoşbəxt,

O azad və yeni ailənizdə

Xatırlayarsız, hər zaman hər vaxt,

Adımı çəkərək şən dilinizdə.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button