Ürəyə daman ölüm – XATİRƏ

Jurnalist Ceyhun Nağının xatirəsinə

Yay girəndən bəri aldığımız neçənci qəfil ölüm xəbəridir, bilmirəm. Onu bilirəm ki, qəfil gələn ölümlərin hamısı ürəklə bağlı olub. Qəribədir, bu qısa zamanda qəfil ölümlərin apardığı tanıdığım adamlar böyük ürəkli adamlardı.

 

Tanıdığımız qəfil gedənlərin hər birinə görə çox üzülsək də, sonunda ən azı bir təsəlli tapdıq: “Ən azı bu dünyada bir gün görüblər, övladlarını bir tərəfə çıxarıblar”, – dedik. Amma ən sonuncuya, vur-tut 39 il yaşamış həmkarımız Ceyhun Nağıya görə nə təsəlli tapasan?

İşimiz belədi, gün ərzində neçə-neçə qanlı-qadalı, sarsıdıcı ölüm xəbərləri oxuyur, yazır, təqdim edirik. Və bütün bunlara sadəcə xəbər kimi yanaşmağa, soyuqqanlı olmağa məcburuq. Avqustun 10-da səhər Ceyhunun ölüm xəbəri gələndə belə olmadı…

İnanmadıq, xəbəri gətirən yoldaşımıza “yəqin kimsə səninlə zarafat edib”, – dedik. Amma həmişəki kimi, bəd xəbər ildırım sürəti ilə yayıldı, bu ölüm barədə yazılan xəbərlər hər yerdə göründü. Düz imiş… Baxmayaraq ki, saytlardan və qəzetlərdən boylanan gülərüz fotoları yenə adamı inanmağa qoymur.

Onunla neçə il iş yoldaşı olmuşduq. Sonradan tədbirlərdə, təsadüfən görüşərdik. Son illərdə isə qonşu qəsəbələrdə yaşadığımızdan yollarımız bir idi, tez-tez avtobusda, metroda rastlaşırdıq – bu, adət halını almışdı. Avqustun 9-da – ölümündən bircə gün qabaq, səhər “Azadlıq” metrosunun platformasında uzaqdan gördüm, fikirli-fikirli dayanmışdı. Yaxınlaşmaq istədim, bu anda qatar gəldi, adamların içində gözdən itdi… Səhəri gün tezdən Mehdiabadda evindən çıxıb, hər gün durduğu “Əlillər” dayanacağına getmədi, işə vaxtında çatmaq üçün basabas avtobuslardan birində özünə güclə yer tapıb şəhərə doğru yol almadı, metroya düşmədi. Həmişəki vərdişini təkrarlamadı – köşkdən bir qəzet alıb, oxuya-oxuya qatara minmədi. Bu dəfə işə gələndə görmədim onu. Həmişə işə gəldiyi vaxt, bu anlarda ölümlə çarpışıb, bu dəfə hər gün işə gəldiyi yolla onu xəstəxanaya gətiriblər, xilas eləmək üçün.

Bəd xəbəri alanda qışda metroda rastlaşdığımız günlərin birində dediyi sözləri xatırladım: “Bu aralar ürəyim yaman incitdi məni. Bir yaxşı həkim var, onun yanına getdim, müalicə yazdı, indi yaxşıyam, şükür”. Onda artıq işsiz olmadığını, “Həftə içi”ndə redaktor kimi çalışdığını sevincək xəbər verdi, işindən, kollektivdən xeyli razılıq elədi.
Sonralar rastlaşanda nə o səhhətindəki problemdən söz açdı, nə də mən ürəyini soruşdum. Həmişə gözümə xoş ovqatda, şux görünürdü, buna görə yadıma düşməyib, yəqin. Həm də o heç vaxt şikayətlənməyi sevməzdi. Hamının dərd-sərindən, problemlərindən danışardı, özündən savayı.

Bir yerdə çalışdığımız günlərin birində səhər işə gələn kimi bizə sevincək konfet payladı. Utana-utana “Ata olmuşam, oğlumuz olub”, – dedi. Sonra 2 gün işə gəlmədi. Üçüncü gün səhər qapıdan girən ogünkü bəxtəvər adam deyildi. Onun ata olmaq sevinci bircə gün sürmüşdü, körpə cəmi 1 gün yaşamışdı. Ürək-dirək verən sözlərimizə “Allahın məsləhətinə şükür, demək belə məsləhətmiş”, – dedi. Kədərləndiyimizi görüb, o bizə təsəlli verdi. Qızlarla bir-birimizə baxıb, “adamda ürəyə bax” dedik. İndi onu tanıyanlar vaxtsız ölümünə görə, təsəlli axtarırlar.

Mən öləndə yağış yernən,
buludlar göynən ağlasın.
Dirimə ağlayan anam,
ölümə eynən ağlasın”.

Müəllifini xatırlaya bilmədiyim bu misraları ölümündən bir neçə gün öncə “facebook”dakı səhifəsində yazıbmış. Ürəyinə damıb, görünür. Yoxsa niyə bunu yazsın ki? Belədi, ancaq böyük ürəkli adamların ürəyinə ölüm qabaqcadan dama bilər. Ceyhunun ölümünə aşkarda, ürəyində ağlayanlar çox oldu. Bu ölümə ağlayacaq anası yoxdu, onu 3 il əvvəl itirmişdi. “Torpaq, anam əmanəti” yazmışdı onda. Anasını əmanət qoyub gəldiyi torpağa – Tovuza qayıtdı, 3 il sonra onu əmanət elədilər. Avqustun 11-də Ceyhunu anasının, çox erkən itirdiyi atasının yanında dəfn ediblər. Ceyhun 10 yaşında atasız qalmışdı, özü bir qızını 4 yaşlında gözü yolda buraxıb getdi. Qızı ilə olan şəklini qoyublar saytlarda. Son günlərin şəklidi deyəsən, bir-birlərinə elə sığınıblar ki. Sanki bu an dillənəcək, həmişəki kimi, “Zəhra, başqa aləmdi…” deyəcək. Dilsiz, sözsüz də, bu foto adamın ürəyini parçalayır.

Onunla vidalaşmağa çata bilmədik, son mənzilə yola salmağa, bu gün kəndində ona veriləcək “üç”ə gedə bilmədik. Əminəm ki, o belə eləməzdi, kiminsə başına bir iş gəlsəydi, hamıdan qabaq özünü çatdırardı. Mehdiabaddakı evinə, qiyabi tanıdığımız, ailəsinə, ömür-gün yoldaşı Təhminə xanıma, dilinin əzbəri olan bacısı Ceyhunə xanıma başsağlığına, təsəlli verməyə getməliyik. “Mərd, sözü bütöv, qürurlu Ceyhun tək sizin yox, bizim hər birimizin itkisidi” deməliyik, mütləq. Onu məhz belə, olduğu kimi yadda saxlamaq, belə yada salıb, rəhmət oxumaq da bir təsəllidi…

Məhbubə Qasımbəyli

lent.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button