Vahid Ələkbərov 'Forbes'in zəngin rusiyalılar siyahısında başdadır

“Forbes” jurnalı “Lukoil” neft şirkətinin təsisçisi Vahid Ələkbərovu rusiyalı iş adamları arasında ən varlı kimi tanıdıb.

Ekspertlərin fikrincə, onun sərvəti son bir ildə 8.1 milyard dollar artaraq 28.6 milyard dollara yüksəlib.

Zənginlərlə bağlı Rusiyanın yenilənmiş reytinqində milyarder Ələkbərov beş pillə yüksələrək tarixdə ilk dəfə birinci yeri tutub, – “Forbes” vurğulayır.

Milyarderlərin qlobal reytinqində “Lukoil”un təsisçisi hazırda 59-cu yerdədir.

Rusiya zənginləri arasında ötənilki lider, “EuroChem” və SUEK-in təsisçisi Andrey Melniçenko indi yeddinci sayılır. Onun il ərzində 4.1 milyard dollar itirdiyi, sərvətinin indi cəmi 21.1 milyard dollar olduğu bildirilir.

“Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelson həmin reytinqdə ikinci yerə yüksəlib. Hazırda “Forbes” onun sərvətini 27.4 milyard dollar qiymətləndirir, bu da bir il əvvəlkindən 5.8 milyard dollar çoxdur.

Rusiyalı milyarderin ilk üçlüyünü Vladimir Lisin qapayır – onun 26.6 milyard dolları var, bu da bir il əvvəl ilə müqayisədə 4.5 milyard dollar artıqdır.

25 ən varlı rusiyalı işadamının ümumi sərvətinin 2024-cü ilin əvvəlindən 18.3 milyard dollar artdığı qeyd edilir.

Bütün bu hesablamaları “Vedomosti” qəzeti “Bloomberg Billionaires Index” reytinqinə əsasən aparıb .

Reytinq üzvlərinin ümumi sərvəti 344.37 milyard dollar dəyərləndirilib. Reytinqə əsasən, ilin əvvəlindən ən çox varlanan “EuroChem”in həmtəsisçisi Andrey Melniçenko, “Severstal”ın əsas səhmdarı Aleksey Mordaşov və Novolipetsk Metallurgiya Zavodunun həmsahibi Vladimir Lisin olublar. Onların sərvəti, müvafiq olaraq, 5.29, 3.75 və 2.91 milyard dollar artıb.

2022-ci ildə “Bloomberg” reytinqinə daxil olan ən zəngin rusiyalıların ümumi sərvətinin 93.753 milyard dollar azaldığı bildirilmişdi. Buna səbəb onlara və Rusiya iqtisadiyyatına (Ukraynaya təcavüzlə bağlı) tətbiq edilən beynəlxalq sanksiyalar göstərilirdi.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button