Vüqar Səfərli əyalət mediasına ayrılan 1000(min) manata da göz dikdi…

Baba Mirzəxanlı

Şəki şəhəri

“Region-Şəki” qəzetinin təsisçisi və baş redaktoru

Uzun haray-həşirdən və çoxsaylı müraciətlərdən sonra nəhayət ki, əyalət mediası da KİV-ə Dövlət Dəstəyi Fondunun yadına düşdü. Keçən ilin sonlarına yaxın , yəni üç ay bundan əvvəl mobil telefonuma zəng gəldi. Özünü KİV-ə Dəstək Fondunun nümayəndəsi kimi təqdim edən bir nəfər bildirdi ki, Bank rekvizitlərinizi bizə yollayın, sizə yardım edəcəyik. Bilirsiniz, nə qədər sevindim. Tez əməkdaşlara da xoş xəbəri çatdırdım. Fikirləşdim ki, iş otağımıza avadanlıq alarıq və əməkdaşlara yeni il qabağı əməlli-başlı qonorar verib sevindirərəm. Nə isə, məsələ xeyli uzandı…

Nəhayət, yenə telefonuma zəng gəldi. “Sizi KİVDF-dən narahat edirik” – deyə bir xanım “bu gün sizin hesaba min manat pul köçürülür”, söylədi. “Qulaq asın, həmin pulu bankdan götürürsünüz və gəlirsiniz Bakıya, gedirsiniz filan yerə, min manatı verirsiniz. Oradan sizə 1 ədəd Notbook, 1 ədəd printer, 1 ədəd foto-aparat və bir ədəd də diktafon verəcəklər.” Əlavə nəsə soruşmağa imkanım olmadı, telefon qapandı. Qanım qaraldı. Neçə ilin başında min manat pul ayırırlar, bu da belə… “Axı bunlar söylədiyi bütün texniki avadanlıqlar özümüzdə var. Nə qədər problemimiz var, olmazmı lazım olana xərcləyək?!” – deyə düşündüm.

Nə isə, bir müddət gözlədim ki, görüm səsi çıxırmı? 5-10 gün keçəndən sonra təkrar zəng gəldi. Yenə xanımın səsi idi: “Siz hələ avadanlığı gəlib götürməmisiniz, təcili gəlin götürün” – deyə səsini ucaltdı. “Xanım, siz dediyiniz avadanlıqların hamısı bizdə var. 1.000 manat pul ayırmısınız. Ona da imkan vermirsiniz dərd-sərimizə verək” – söylədim. “Olmaz. KİVDF-nin qərarıdır”, deyə xanım təkrar səsini ucaltdı. Bir istədim, pulu geri göndərim ki, götürün, başınıza dəysin… Sonra vaz keçdim. Dedim əşi, azdı-çoxdu, gedim götürüm.

Əlavə 50 manat xərcim çıxmaqla (10 manat Bankdan pul çıxarmaq, 40 manat nəqliyyat xərci) avadanlıqları gətirdim.

Qəsdən gətirdiyim avadanlıqların qiymətini yerli firma mağazalardan öyrəndim. Notbookun bizə verilən faktura qiyməti 560 manata, mağazada isə 420 manata satılır.Özü də qeyd etdilər ki, ən köhnə modeldir. “Printer-xerok” bizə verilən faktura qiyməti 150 manat, mağazada satılır 85 manata. Heç kim almır ki, tozu çox bahadır. Foto-aparat “Kanon” faktura qiyməti 160 manat, mağazada 90 manat, diktafonun faktura qiyməti 130 manat, mağazalarda bu model yox idi. Dedilər, bu, heç nəyə yaramır. Heç 50 manata da dəyməz. Belə də oldu, heç işlədə bilmədik.

Bir sözlə, bir qəzetə ayrılan 1.000 manatın müqabilində bizə 625 manatlıq texniki avadanlıq veriblər. Özü də necə avadanlıq. Deməli, Mətbuata Dəstək Fondu ən azından, bizim 300 manatımızı dolayı yolla mənimsəyib. Indi hesablayıram, Respublika üzrə ən azından 100 qəzetə belə yardım edilibsə, ondan mənimsənilən ümumi məbləğ 30.000 (otuz min ) manat edir. İndi siz deyin, əyalət mediasına ayrılan vəsaitdə kim daha çox faydalandı, biz, yoxsa Vüqar Səfərli?!

“Xural” qəzeti
il: 9, sayı: 013(421), 03-09 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button