Mətbuat Şurasında istedadı gücürlənən adamlar toplaşıb!

Elbrus Ərud: «Özümü idman meydançasının qapısından asaram, amma bir də APA-ya qayıtmaram»

KİVDF boş-boş işlərlə məşğul olur…

Sübut etmək istəyirəm ki, azad söz var…

APA-nın başına yığışanların 90 faizi …boş-boş işlərlə məşğul olan istedadsız uşaqlardır…

Azad jurnalistika ilə Mətbuat Şurasının birgə fəaliyyət göstərməsi heç cür ağlasığan şey deyil…

…Gündəlik qəzetlərin hamısını bağlamaq lazımdır…

Elbrus Ərud. Bu cavan oğlan mətbuata gəldiyi ilk gündən diqqətimizi çəkənlərdəndir. Əminliklə söyləmək olar ki, bir zamanlar – elə indi də – «Xural» qəzetinin mətbuatda etdiklərini onun simasında internet sahəsində müşahidə edirik. Onun rəhbərlik etdiyi «qafqazinfo» ənənəvi xəbər portallarını küncə sıxışdırıb. Reytinq pillələrində aramla və durmadan irəliyə doğru gedir və bunu biləyinin haqqı, alnının təri ilə edir. Bəlkə elə buna görədir ki, Elbrus Ərudun bu əsərinə indi çoxlarını şərik edir mətbuat və həmkarlarımız. Amma bir şey dəqiqdir ki, onun xəbər portalı – «qafqazinfo» hələlik müstəqildir və onundur – Elbrusundur…

Onunla tanışlığımız çoxdan olsa da, «qafqazinfo»da bir deputatın əleyhimizə yazısını yayınlamaqla professional müstəvidə yenidən tanış olduq. Bizim aramağımızı gözləmədi Ərud. Telefon etdi və «Cavab haqqı»mız olduğunu bildirdi. Zatən düşünürdük və təbii ki, qəzetimizə verdiyimiz yazını həm də ona göndərdik. Yazıda elə məqamlar vardı ki, onu yayınlamaq yalnız və yalnız müstəqil adamların işi ola bilərdi. Elbrus Ərud Əvəz Zeynallının yazısını olduğu kimi yayınladı və «qafqazinfo»nun kimsənin olmadığını bir daha gözlərimizdə sübut etdi. Onu redaksiyamıza dəvət etdik və danışdıq…

Diktafonun nasazlığına baxmayaraq, müsahibənin tam istədiyimiz kimi yazılmamasına baxmayaraq, yenə möhtəşəm bir müsahibə alındı. Azərbaycan mediasının iri quruluşlarının haradan haraya gəldiyini bir daha dartışdıq və ünvanına səslənən fikirlərə cavab haqqı tanımaqla həmkarlarımız haqqında müxtəlif yanaşmaların şahidi olduq. Bir daha yəqin etdik ki, mətbuata – məxsusən internet mətbuatına gələn Elbrus Ərud kimi həmkarlarımızı dəstəkləmək və onların yanında olmaq lazımdır. Onlar – müstəqillər nə qədər çox olarsa, o qədər yaxşı olar və müstəqillər bizim hamımızın ağır günlərimizdə bizə dayaq olacaqlar.

Azərbaycan mətbuatının böyük gələcəkli imzalarından biri Sizin qonağınızdır, Əziz Oxucu!

Müsahibimiz «qafqazinfo»nun gənc sahibi Elbrus Əruddur…

Əvvəli ötən saylarımızda

– «Qafqazinfo» ilə bağlı nə kimi planlarınız var?

– «Qafqazinfo» çox çətinliklə ayaqdadır. Jurnalist üçün çətinliyin nə demək olduğunu yəqin siz də bilməmiş deyilsiniz…

– Azad söz, azad yazar, həm də yaxşı pul deməkdir. Yaxşı pul olmalıdır ki, azad jurnalistlərimiz də rahat yaza bilsinlər… Pulun varmı?

–  (Əvəz Zeynallıya xitabən…) Müstəqil məbuatın qarşısına çıxan çətinlikləri bəlkə də səndən yaxşı bilən ikinci adam yoxdur. Çünki heç bir yerdən maliyyə dəstəyin yoxdur və iddialısan. Maliyyə olmadan nə qədər uzağa getmək olar?

– Hə, ən çətini də mənim üzərimə düşüb…

– «Qafqazinfo»nu dostların köməkliyi ilə ərsəyə gətirdim və bir müddət onlardan dəstək aldım. İşləyirəm və sübut etmək istəyirəm ki, azad söz var. Nə vaxt imkan verməyəcəklər, o zaman etirazımı bildirib deyəcəyəm ki, qoymurlar. Amma hələ ki, qoyurlar. Mənə hələlik bir söz deyən yoxdur, bu imkanı hələlik mənə tanıyırlar. Məncə bunu demək lazımdır…

– Yeri gəlmişkən, mən sənə bir şey deyim, Elbrus, Ramiz Mehdiyev başda olmaqla bütün ölkə totalitarlarının təzyiqlərini «Xural»ın üzərində hiss edirəm. Hələ bu bir yana dursun. Bir müddətdir ki, Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin kürəkəni Rahat Əliyevin qürbətdə yazdığı «Xaç qayınatası» kitabının dərcinə görə də bəzi təhdidlərlə qarşılaşırıq. Bu qədər məhkəmələr var… Bir dəfə bir adam yolumu kəsib, «bunu niyə belə yazırsan» deməyib…

– İşləyirsiniz də… Ona görə deməyə cürət etmirlər.

– Zatən bundan başqa da işimiz yoxdur…

– Yaxşı şəraitdə oturub bu cür işləmək də olmaz, buna imkan verməzlər. Pulu, maliyyəni kim ödəyirsə, onun da qaydalarına uyğun fəaliyyət göstərmək lazımdır. Müstəqilsənsə, müstəil mətbuatın qaydalarına da uyğunlaşmalısan.

– Təbii ki…

– Sən düzdür, «WikiLeaks» yarada bilmirsən, amma öz aləmində «WikiLeaks»in var, çünki işləyirsən…

– Təbii ki…

– Əgər əlində maraqlı materialların olarsa, müstəqil olduğun kimi istədiyin şəkildə yayıb, dünyanın ən məşhur adamı ola bilərsən. İşləyirsən. İşləyirik. Sayt olaraq bu günə qədər, Allaha şükür, özümüzü idarə edə bilirik. Çox söz-söhbət gəzdi ki, məvacib verə bilmirik və s. Heç birinin istəyi olmadı. Dünyada ən nifrət etdiyim şey pulsuz işləmək, pulsuz yazı yazmaqdır. Pul o qədər də çox deyil. Amma işçilərimin maaşlarını verə bilməsəm, dərhal saytı bağlayaram. Birtəhər tapıram, dözürəm. Kimlərəsə, lap elə yaxın dostlarıma müraciət edəndə imtina etmirlər. Artıq müqavilələrimiz də var – bir sıra QHT-lərlə, beynəlxalq təşkilatlarla, rəsmi qurumlarla, siyasi partiyalarla… Biz onlara informasiya xidməti göstəririk, onlar da hesabımıza pul köçürürlər. Artıq işimizi qura bilmişik. Bu mərhumiyyətlər içində fəxr edirəm ki, ən oxunaqlı portallardan birinə çevrilmişik. Mətbuatın Bakıdan ibarət olması haqda fikirlər var. Halbuki bizi xaricdən də oxuyurlar. Dünyanın müxtəlif ölkələrində portalımızı bəyənən soydaşlarımız var. «Qafqazinfo» ən çox oxunan portallardan biridir. Əgər bu vəziyyətdə «Qafqazinfo»nu bu səviyyəyə çatdırmışamsa, görün imkanımız və uyğun şəraitimiz olsa, nələr edə bilərik. Əlbəttə, mən bunu tək etməmişəm. İlk növbədə mənimlə birlikdə APA-dan ayrılan müavinim Elnur Məmmədli, xanımı Nigar Məmmədli, ilk dəfə jurnalist fəaliyyətinə bizdə başlayan Nərgiz, Jalə, Fatimə və Səidənin də xidmətləri var. Onlara minnətdaram ki, bütün ruhları və vücudları ilə «qafqazinfo»dadırlar…

Axıra qədər imkan versələr, çox nailiyyətlər qazanacağımıza inanıram. Digər tərəfdən, hay-küyü elə özümüz yaradırıq. Məsələn, «qafqazinfo»nu məhkəməyə vermişdilər və 100.000 manatlıq iddia qaldırmışdılar… Amma bu haqda heç kim bilmədi.

– Kim məhkəməyə vermişdi?

– Bir idman hakimi. …Öz işimlə məşğulam. Şərait imkan versə, yaxın bir ildə sübut edəcəyəm ki, Azərbaycanda özünü «media holdinq», «mediaqurum», «hakim media» adlandıranlar sadəcə bir sabun köpüyüdür. Əlbəttə, əgər işimi davam eləsəm, bu müstəqillik və bu azadlıqla, bu templə ona nail olacağam. Artıq bizim xəbərlərimizin oxunma baryeri 5.000-i keçib. Bəzən xəbərlərimiz cəmi bir gün ərzində 10-15 min dəfə oxunur. Pis deyil. Amma mən çox istəyirəm ki, bir xəbəri 50 mindən az adam oxumasın. Bu baryeri aşmaq istəyirəm və bunun üçün də kifayət qədər potensialım var, bunu edə bilərəm… İmkan olsa, bu arzumu həyata keçirəcəyəm. Olmasa, deməli, olmadı…

– Olmasa, deməli, APA-ya – köhnə işinə qayıdırsan?..

– Heç vaxt APA-ya qayıtmaram.

– Niyə?

– Çünki mənim üçün APA mərhələsi bitib. Mən o jurnalistlərdən deyiləm ki, bir iş yerindən çıxıb, digərinə gedəm, sonra yenə qayıdam… Belə şeylər mənlik deyil. Ola bilər, hansısa qəzetdə çalışam, amma əlacsız qalsam belə APA-ya qayıtmaram. Özümü idman meydançasının qapısından asaram, amma bir də APA-ya qayıtmaram. Məğlubiyyəti heç də özüm üçün biabırçılıq hesab eləmirəm. Onsuz da bir parça çörək qazanmaq üçün harada yazsam, harada işləsəm keçinəcəm. Sadəcə, mənim üçün bir yol var – işləmək, ümidi itirməmək və qabağa getmək…

– Amma bayaq dedin ki, Vüsalə Mahirqızı tək qalsa qayıdaram…

– Mən sadəcə obrazlı şəkildə deyirəm. Bir gün Vüsalə xanımın ətrafındakı jurnalistikadan, yaradıcılıqdan uzaq adamlar onu tərk edib gedərlərsə, o zaman düşünmək olar, o zaman onu tək qoymaram – bir keçmiş həmkar kimi. Elələri var ki, bir az artıq pul təklif edən kimi çıxıb gedirlər, həmin redaksiya bağlananda isə geri qayıdırlar. Onlar kimi eləmərəm. Amma mən nə vaxtsa hiss etsəm ki, Vüsalə xanım döyüş meydanında tək qalıb, o zaman ona yardım etmək üçün qayıdıb bir yerdə döyüşə bilərəm…

– Belə çıxır ki, Vüsalə xanımın ətrafında olan uşaqların əksəriyyəti jurnalistikadan uzaqdır?!..

– APA-nın başına yığışanların 90 faizi – bəlkə də çox hörmət edib 90 faiz dedim – boş-boş işlərlə məşğul olan, istedadsız uşaqlardan ibarətdir. Bütün redaksiyalarda olduğu kimi…

– Azərbaycan mətbuatında Mətbuat Şurası adlı bir kabus var. Bu kabus artıq hər yeri bürüyür. Onlar internet mediasına da nəzarət etmək istəyirlər. Bununla bağlı fikirlərin varmı? Və yaxud irəlidəki zamanlarda KİVDF-yə müraciət etmək niyyətin varmı?

– Diplomatik cavablar verə bilərəm, amma verməyəcəm. Sadəcə, bir fikrimi açıqlamaq istəyirəm. Əgər Azərbaycanda internet media, internet qəzetçilik, internet xəbər portalı – sərhədsiz bir sfera yaranıbsa, onun qarşısını heç bir nəzarətlə almaq olmaz. Mən inanmıram ki, onlar bunun qarşısını ala bilərlər. Ümumiyyətlə, azad jurnalistika ilə Mətbuat Şurasının birgə fəaliyyət göstərməsi heç cür ağlasığan şey deyil. Belə şey ola bilməz. Mətbuat Şurası da müəyyən bir işlə məşğuldur. Bu qurum hələ yaranandan bu günə qədər «reket» jurnalistikası ilə mübarizə aparır. O səviyyədən yuxarı qalxmayıb. Ölkədə mətbuatın çox ciddi problemləri olduğu halda, oturub-durub «reket» jurnalistikasından danışırlar. Yəni «Yeni Müsavat»ın, «Azadlıq»ın, «Xural»ın, «Reytinq»in və digər ciddi mətbuatın problemləri qalıb bir tərəfdə, Əflatun Amaşov hələ də «Oxlu kirpi», «Paz», «Yeni Paz», «Ən Yeni Paz» kimi mətbuat adına dəxli olmayan qurumlarla uğraşır. Yeri gəlmişkən, bu gün müxtəlif qurumlar tərəfindən maliyyələşdirilən və cəmiyyətdə ictimai rəyin formalaşdırılmasında heç bir rolu olmayan gündəlik qəzetlərin hamısını bağlamaq lazımdır. Çünki bunlar Azərbaycan jurnalistikasının inkişafı qarşısında böyük tıxacdır. 3-5 manat alırlar, heç bir iş də görmürlər. Tutaq ki, ölkə rəhbərliyini tənqid etmək imkanı yoxdur, axı yazmalı nə qədər problem var… Sözün qısası, Mətbuat Şurasında ya istedadsız, ya da istedadı gücürlənən adamlar toplaşıb…

KİVDF də o cümlədən… Mən bu fikirləri sizin bu qurumlarla probleminizin olması səbəbindən demirəm. Bu, mənim öz fikirlərimdir. Bu fikirlərimi də öz yazımda qeyd edəcəkdim. Qismət elə gətirdi ki, yazmamışdan əvvəl müsahibə verəsi oldum. KİVDF-nin başında kimin olması məni maraqlandırmır, amma qurum kimi fəaliyyətini də məqbul hesab etmirəm. Mənim fikrimcə, bu qurum boş-boş işlərlə məşğul olur. İndiyə kimi KİVDF dəfələrlə müsabiqələr təşkil edib. Fərdi jurnalistlərin müsabiqəsini keçirib. Vüqar Səfərliyə bununla bağlı iradlarımı bildirmişəm. Üzlərinə demişəm. Bir nəfər göstərsinlər ki, həmin müsabiqənin qalibi olub və onun yazdığı məqalə Azərbaycanda hansısa ictimai fikrə təsir göstərib. Belə bir məqalə yoxdur. İndiyədək yüzdən artıq belə yazı mükafatlandırılıb, demək, indiyədək 100 min manatın üzərindən xətt çəkilib, ən azı… Belə yazıları jurnalistlər hər gün yazarlar və qonorarlarını da alarlar. Amma mən hesab edirəm ki, müsabiqənin qalibi olan məqalə mütləq ictimai fikrə təsir göstərən məqalə olmalıdır. Elə jurnalist mükafatlandırılmalıdır ki, onun fikri cəmiyyətdə birmənalı olaraq qəbul edilsin. Belə bir şey varmı? Əlbəttə, yox. Onda kimi aldadırıq? Bununla qabağa getmək, bununla hansısa nailiyyəti əldə etmək qeyri-mümkündür. Bununla mətbuatı ancaq gora aparmaq olar. Mən istəmirəm ki, burada dediklərimi kimsə arxadan danışmaq kimi qiymətləndirsin. Sadəcə bu elə bir ağrılı məsələdir ki, onun özünün yenidən araşdırılmasına ehtiyac var. Bu gün prezidentin dəstəyinə həqiqətən də ehtiyacı olan – bir-iki istisnanı çıxmaq şərtilə – hansı müstəqil mətbu orqan bu qurumun maliyyəsindən bəhrələnib? Heç biri… Amma mən də istərdim ki, layihə təqdim edək və onun maliyyə dəstəyi ilə cəmiyyətimizə faydalı işlərlə məşğul olaq. İnanmıram ki, bizə o imkanı nə vaxtsa verəcəklər. Müsabiqədə nə müsahibə, nə reportaj janrı yoxdur. Ümumiləşdirilmiş yazılardır. Bir dəfə maraqlandım, «Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Dəstəyi Proqrammı»nın təbliğinə həsr olunmuş müsabiqə və yaxud da «Qaçqınam, köçkünəm, halımı sorma» adlı mövzu ortaya qoymuşdular. Jurnalist bu mövzu ilə bağlı daha nə yaza bilər, qardaşım? Kimi aldadırsan? Kimə yalan danışırsan? Ə… sən hansı yerə qədər aldadacaqsan?

KİVDF «Yeni Azərbaycan» qəzeti kimi bir şeydir. Onlara verilən pul da, əziyyət də faydasızdır. Heç nə, sabun köpüyü… İnanın, heç prezidentə də bu lazım deyil. Dövlət, sözü dinlənməyən, ictimai rəyə təsir etməyən mətbu qurumlara nə üçün ildə milyonlarla pul xərcləməlidir ki? Əslində, belə mətbu qurumlar prezidentin əleyhinə işləyir. Bir qrup istedadsız, ideyasız, qısır adamlar ora yığışıblar və hər kvartalda müsabiqə eləyib, hər redaksiyadan bir jurnalisti «mükafatlandırırlar»… Sanki qəzetləri növbəyə düzüblər. Hər dəfə eyni sıralama ilə qəzetlərə əlavə pul ötürürlər. Düzdür, müxbirin özünə verilən pul heç bir zaman batmır. Nə qədər verirsən ver. Ancaq elə mətbu orqanlarda işləyən müxbir nə yaza bilər, özünüz düşünün. İndiyədək neçə layihə maliyyələşdirilib, neçə jurnalist mükafatlandırılıb, nə dəyişib ki?

– Heç nə…

– Azərbaycan mətbuatında nə inkişaf olub? Heç nə. Ötən əsrdə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və digərləri qoşavərəqli bir qəzet çıxaranda daha çox hay-küy, daha çox ictimai rəy yaradırdılar, nəinki indi hakimiyyətin dəstəyi ilə dolanan mətbu orqanlar. Bu, özünü aldatmaqdan başqa bir şey deyil. Kaş ki, bütün bu pullar həqiqi mətbuata sərf olunaydı, müstəqil mətbuat üçün bu şərait yaradılaydı, onda görərdilər ki, əsl mətbuat nə deməkdir?

Son

Hazırladı:

XuralTAC

Redaksiyadan:

Müsahibə boyunca adı çəkilən jurnalist həmkarlarımızın, qurum və quruluşların fikirlərini də dərc etməyə hazırıq…

“Xural” qəzeti
il: 9, sayı: 013(421), 03-09 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button