Xaç Qayınatası – IX yazı

Rahat Əliyev

Prezident mənim vergi idarələrində baş alıb gedən bardak haqqında yazdığım müraciətdən istifadə etdi (Zatən o zamanlar ancaq ağılsız adamlar vergi verirdi, çünki “krışa” kimi bir “ağa”dan istifadə etmək bəs edirdi) və 1996-cı ilin payızında məni Dövlət Vergi Komitəsinə rəhbər göndərdi. Onun hesablaması çox sadə idi; əgər mən mənə tapşırılan işi yerinə yetirə bilməsəydim, vergi polisinin işini qura bilməsəydim, o, onsuz da heç nə itirmirdi. Ancaq bütün ətrafına göstərəcəkdi ki, onun cavan qohumu sadəcə əlindən heç nə gəlməyən bir boşboğazdır.

Yox, əgər mən işin öhdəsindən gəlsəm və xəzinəyə pul axını başlasa, onda o, bir güllə ilə iki dovşan vururdu. O, öz büdcəsini pulla dolduracaq (yoxsa ölkə həddən artıq kasıbdır), mənsə yüzlərlə düşmən qazanacaq və adım ləkələnəcəkdi. Hamı görəcəkdi ki, ölkədə mərhəmətli prezident və onun qudurmuş kürəkəni var. Hansı ki, heç kimə yaşamağa imkan vermir.Yəni sadəcə klassik “yaxşı-pis müstəntiq” sxemi həyata kecəcəkdi.

Hər bir biznesmen və yaxud zavod direktoru üçün vergi vermək lazım olduğunu kəşf etmək heç də yaxşı hal deyildi. Baxmayaraq ki, biz verginin ən aşağıya – minimuma salınmasına nail olduq. Birdən hamı gördü ki, 20 faiz hökümətə vergi vermək daha sərfəlidir, nəinki köhnə qaydalar əsasında ancaq “Təmizləmələrdə” o qədər itirmək?

Lakin bu az idi. Astanadan gələn gizli göstərişə əsasən, hər bir təzə böyük əmlak bölgüsu və yaxud kimin əlindən xeyir gətirən ixtiyari bir müəssisə onun qanuni sahibindən alınıb, hansısa merə, nazirə və yaxud sadəcə bir kriminal dəstə başçısına verilirdisə, bu zaman hamı günahkar kimi məni göstərirdi. Bunu etmək çox asan idi – sadəcə, sizdən nəsə soruşanda gözlərinizi bərəldib yuxarını göstərib, sakitcə ziyan çəkənə demək lazım idi: “Bilirsən, biz özümüz istəmirik bunu edək, amma siz başa düşmürsünüz də, bu, Əliyev üçündür, o isə bizi darmadağın edər”.

Bu, məni təcrid etmək üçün yaxşı qurulmuş bir kampaniya idi. Bu kampaniyanın başında mənim qayınatamın yaxın ətrafının adamları dururdu ki, məndən “xoxan” düzəltsinlər və mənimlə uşaqları qorxutsunlar… Böyük əmlaklardan sonra artıq bu kampaniya regionlara da sirayət etdi və “Əliyev üçün” artıq kiçik dükanlar və köşklər də qanuni sahiblərinin əllərindən alınmağa başladı.

Mən bu reydlərin qurbanlarına məsləhət görərdim ki, onlar baxsınlar görsünlər, bu biznes-aktivlər indi kimlərin əllərindədir? Dəqiq mənim əlimdə deyil. Hətta əgər mən doğrudan da göstərilən kimi pirat-barmaleyəmsə, artıq 2001-ci ilin noyabr ayından sonra xüsusi xidmət orqanlarının nəzarəti altında idim və hakimiyyətin bütün enerjisi mənim nüfuzumu neytrallaşdırmağa sərf olunurdu. Bu boyda ölkədə mənə bir bardaq meyvə suyunu belə rahat içməyə imkan vermirdilər. Hər halda siz də başa düşdünüz ki, xeyirli müəssisələri öz adına ancaq “Ag-Orda”da oturan və əlində dövlətin bütün repressiya aparatını cəmləşdirən adam keçirə bilər.

1999-cu ilin avqustunda qayınatam məni Milli Təhlükəsizlik Komitəsinə göndərdi. Əgər siz fikirləşirsinizsə ki, mən bu vəzifədən imtina edə bilərdim, onda siz bizim olimpi yaxşı tanımırsınız. Ali liderimiz Vito Korleone kimi elə təkliflər edirdi ki, ondan istina etmək mümkün deyildi.

Respublikanın təhlükəsizlik komitəsi o zaman dağılmış vəziyyətdə idi. Vaxtilə möhtəşəm və güclü sovet DTK-sının Qazaxıstan filialı yox səviyyədə idi. Əslində, Qazax DTK-sı o zamanlar sovet DTK-sının Çinə qarşı işləyən bir əks-kəşfiyyat idarəsi səviyyəsində idi, üstəgəl, 5-ci idarə – siyasi axtarış – hansı ki, 1986-cı il Alma-Ata hadisələrindən sonra əsas prioritetlərdən birinə çevrilmişdi .Texniki xidmət dağıdılmışdı, operativ agentura işi o səviyyəyə enmişdi ki, onu qaldırmaq qeyri-mümkün kimi görsənirdi. Texniki baza köhnəlmiş, iş metodları əski metodları xatırladan registrlər təzə bazar iqtisadiyyatına öyrəşə bilməmişdilər. Onlar bu situasiyada əsas vəzifələrini rəhbəri qorumaqda görürdülər. İş yerlərində spirtli içkilər içən komitə işçiləri bir-birinin günah və cinayətlərini ört-basdır edirdilər.

Komitənin koridorlarında hələ də saralmış Feliks Dzerjinskinin portretləri asılmışdı.

Xarici xüsusi xidmət orqanlarının həyasızcasına diplomatik xidmət qılafı altında gizlənərək işləməsi, dövlət idarəetməsinin hər bir şaxəsinə girərək, orada olan dövlət sirlərini əldə etməsi adamı heyrətləndirirdi. Tonlarla və kiloqramlarla bizim ölkənin torpaqlarından keçərək aparılan heroinin bir hissəsi bizim ölkədə qalır, məktəblərdə, institutlarda, gecə klublarında satılırdı. Heroini daşıyanlar və dillerlər özlərini bizim ölkədə çox sərbəst hiss edirdilər – çünki onlarla heç kim mübarizə aparmırdı, onların çox güclu “krişa”ları vardı və onun adı DİN idi. Məni bu vəzifəyə qoyanda prezidentin nə fikirləşdiyi aydın idi. Əgər mən işimin öhdəsindən gəlsəm, o, güclü Xususi Xidmət İdarəsinə sahib olurdu ki, bu xidmətdən sonralar necə istəsə istifadə etmək imkanları yaranırdı. Hər halda dövlətin təhlükəsizliyi də lazımdır. Amma bütün pis halları mənim adımla bağlamaq olar. Müxalifətlə mübarizəni kim aparir – mən Əliyev. Çinovnikləri güdən və onlara rahat nəfəs almaq imkanı verməyən mən oluram.

Mənim Dəriğə ilə media biznesinə investisiya qoymağımız da onu sevindirmədi.

Mən hökumətin getdikcə demokratik kursu dəyişdirdiyini, yəni demokratik instututları bağladığını, Avropa dəyərləri ilə baglı inkişaf yolunun qapandığını və avtoritar hakimiyyət rejimindən açıq diktaturaya keçildiyini gördüm. Bu kursa qarşı dayanmaq üçün ən böyük güc mənbəyi olan və ona görə də mənə qarşı ən böyük təhlükə təşkil edən qayınatamdan qorunmaq üçün mən kütləvi informasiya agentliklərini əlimdə cəmləşdirməyə başladım. Necə deyərlər, bu, mənim sonuncu müdafiə yerim idi.

2004-cü ilə qədər bizim media-biznez ziyanla işləyirdi, sonra yavaş-yavaş xərcini ödəməyə başladı. Lakin axırıncı iki ili biz əməlli-başlı xeyirlə işlədik.

Mən üzdə olmasaydım və əlimdə qeyd etdiyim resursları cəmləşdirməsəydim, məni çoxdan, özü də sakitcə yeyərdilər, xüsusən 2001-ci ildən sonra. Amma mən əlimdəki media resurslarla birbaşa kütlələrə təmas edə bilirdim və ona görə də mənim başımı yemək elə də asan iş deyildi.

Ancaq bütün bunlar da əsas deyildi. Hökumət özünü o zaman sakit hiss edir ki, sakitlikdə işləsin onun hərəkətləri heç yerdə işıqlandırılmasın və şərh edilməsin, o zaman nə səhvlər, nə də baş vermiş cinayətlər bilinməyəcək və təbii ki, heç kim cəzalandırılmayacaq. Məhkəmə, prokurorluq orqanları, deputatlar artıq heç bir məna daşımır və onlar hakimiyyət üçün heç bir qorxu törətmirlər, çünki hakimiyyətin bu qanadları tam və total nəzarət altındadır. Ancaq müstəqil mətbuat onlar üçün təhlükə mənbəyidir!

2006-ci ilin fevralında Altınbek Sarsenbayevin qətlindən sonra Astana isterik bir vıziyyətdə idi, hətta bunu panika belə adlandırmaq olardı. Mənə administrasiyanın rəhbəri Adılbek Djaksıbekov zeng edib teleb edirdi ki, “Alma-media” özəl holding grupunun jurnalistlərini susdurum. “KTK” telekanalının da susmağı bu tələblərin içində idi. Mən ona redaksiyaya zəng etməyi məsləhət gördum, təbii ki, zeng edən olmadı. Çünki bilirdilər ki, onların tələblərinə nə cavab verəcəklər. O, məni “Şef”ə müraciət edəcəyi ilə hədələdi.

“Karvan” qəzetinin istintaqla bağlı məhkəmə zalından reportajları Sarsenbayevin əsl qatili olan Nazarbayevi və onun cinayətkar iş ortaqlarını şoka salmışdı. Məhkəmədə cani kürsüsündə oturan icraçılar idi. Öz səhvləri və giclikləri ucbatından ələ keçən MTK-nın xüsusi təyinatlılarının, “Arıstan” bölməsinin sıravi və zabitləri olan bu adamların məhkəmədə nə deyəcəklərını heç kim proqnozlaşdıra bilmirdi. Xarici KİV-lərin də böyük maraq göstərdiyi məhkəməni bağlı keçirmək mümkün olmurdu.

“Karvan” qəzetini məhkəmə ilə bağlı gözləyən və bu situasiyanı daha da qatılaşdıran “KTK” telekanalının “Həftənin portreti” reportajı tək prokurorların əsəblərini gərmirdi, təbii ki, prezidentin dözümünun sərhədləri vardı və o, məni söhbət üçün yanına dəvət etdi. Bu söhbət 2006-cı ilin fevral ayında prezidentin şəxsi sarayında baş tutdu. İşım çayının sahilində “Ağ-orda”dan 200 metr uzaqlıqda yerləşən bu dəbdəbəli sarayda prezident məndən bütün media biznesimi ona verməyi tələb etdi. Özü də qarşılıqsız…

Mən təbii ki, rədd cavabı verdim. Bəlkə də axırıncı 15 ildə birinci dəfə idi ki, prezident rədd cavabı almışdı və bu da onun mənə qarşı olan “məhəbbətini” heç də artırmadı.

Nursultan Abışeviçin birinci ailəsinə qarşı olan bu antipatiyasi tək mənimlə, Dəriğənin hərəkətləri ilə bağlı deyildi. Prezidentin birinci xanımı Sara Alpısovna – özü də istəmədən bizə qarşı olan bu antipatiyanı gücləndirdi. Biz bu gün Sara xanıma təşəkkür etməliyik ki, ölkəni prezidentin yekə portretləri və heykəlləri bürüməyib.

“Sən necə istəyirsən-istə, lakin mən istəmirəm. Türkmənistandakı kimi şəxsiyyətə pərəstiş istəmirəm”, – deyirdi Sara xanım ailə məclislərində. Qayınatamın üzündən hiss olunurdu ki,bu sözlər onun xoşuna gəlməyib, lakin xanımının əksinə getməyə cürət etmirdi.

Görünür, birinci ailəsini öz istək və xarakterinə uyğunlaşdıra bilməyəcəyini görən Nursultan Nazarbayev ikinci dəfə evlənmək qərarına gəldi.

Əlbəttə, prezident olan şəxsə adi şəxslərdən fərqli olaraq sadə bir qadına rast gəlmək və onu sevmək, özünü də ona sevdirmək – çox çətin məsələdir. Xüsusən də, səni vəzifənə və puluna görə yox, özünə görə sevsinlər. Ancaq bizim liderimizin bəxti gətirdi. Şəxsi təyyarəsinin göyərtisində çox gözəl bir qadınla – Pamella Andersonun qazax ekizi ilə tanış oldu. Bu gözəl qadın təyyarə heyətinin üzvu olan Gülnarə Rakişeva idi. 1996-cı ildə prezident və Gülnarənin ilişgilərinin ən sıcaq vaxtında Gülnarənin cəmi 26 yaşı var idi.

Mən onların görüşlərində iştirak etməmişəm, ona görə də yaxın ətrafa məlum olan məlumatlarla kifayətlənəcəyəm. Ancaq bu məlumatlar dəqiqliyi ilə diqqət çəkir. Astanaya köçən gündən prezident iki evdə yaşamağa başladı. Bilirsiniz, çox məzəli görsənirdi, prezident öz cavan xanımının yanına gedən zaman onu yola salan maşınların işarə işıqları yanıb-sönürdü. Buna baxmayaraq, guya prezident bunun hamıdan gizli saxlamaq istəyirdi. Prezidentin qoruma xidməti sonralar bu sirri gizli saxlamaq üçün maşınların nömrələrini dəyişməyə başladı, lakin gülləkeçirməz “Saburban” ciplərinin kortecini necə gizlətmək olar? Prezidentin bütün məiyyəti onu bayırda gözləyirdi, bu zaman isə o, içəridə cavan xanımı ilə vaxtını keçirirdi. Lakin vaxt keçdikcə, cəmiyyət bu vəziyyətə öyrəncəli oldu. 2000-ci ildə onun birinci, iki ildən sonra ikinci qızı dünyaya gəldi. Beləliklə, 2002-ci ildə prezident Nazarbayev 5 qız atası oldu.

Təbii ki, Gülnarə artıq styuardessa deyildi, o, “EyrAstana” aviakompaniyasının vitse-prezidenti vəzifəsinə yiyələndi. Amma bu zaman Gülnarə xanımın atasının işi çoxalmışdı. Semipalatinskdə yerləşən hərbi qarnizonda təsərrüfat üzrə sorumlu olan bu qoca polkovnik birdən-birə müdafiə nazirinin təsərrüfat üzrə müavini vəzifəsinə yüksəldi. O, qızının “nişanlısının” hesabına qeneral poqonlarınına da sahib oldu.

Əlbəttə, bizim prezident ikili həyat yaşayan yeganə siyasətçi deyildi. Məsələn, Fransua Mitteran Yelisey sarayında eyni zamanda iki ailəsini saxlayırdı, biri qanuni nigahlı, o biri nigahsız, gizli. Onun nigahdankənar qızı olan Mazarin haqqında Fransa cəmiyyəti Mitteranın ölümündən sonra xəbər tutdu. Xalq çox qəzəbli idi, əgər bir siyasətçi öz şəxsi həyatı ilə bağlı xalqa yalan söyləyirsə, gör başqa şeylərdə nə qədər yalanlar söyləmişdir. Zatən mənəviyyatı təmiz olan siyasətçi millətin başında olanda, millət özünü daha sağlam hiss edir.

Ancaq Nursultan Nazarbayevə iki ailə az görsəndi və o, rekorda sahib olmaq qərarına gəldi. Bəlkə də o, yeni tarixdə yeganə dövlət başçısıdır ki, eyni vaxtda 3 arvadla 3 ailədə yaşayır.

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 6-12 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button