Yalvarın!

Razi Abasbəyli  

 Dostlarımıza yalvarın, tanıdıqlarımıza yalvarın, tək bizə yalvarmayın, …istəmirik!

 Peşəkar, etik qaydalara uyan dediyiniz nə? Mən həyatım boyu bütün əzablara, iztirablara dözərək yalnız adımın, imzamın təmizliyi üçün yaşadım. Bu gün olduğum məkanda, çiyin-çiyinə işlədiyim bu redaksiya dostlarımın əhatəsində imzamın dəyərliliyini qorumaq üçün xüsusi ehtiyac duymuram. Hər addımda, aldığım hər nəfəsdə bir şər maşınının işlədiyinin fərqində olub çox böyük ehtiyatla yaşamağa, çox acı ehtiyaclara dözərək yola davam edirəm.

Amma və lakin düz yolda olduğumuzu, heç bir zaman qırılmayacaq ədalətin tərəfində olduğumuzu bilir və qarşımızda şam kimi əriyən bir sürü adam görürəm. Bu, mənim həyatımın qazancıdır…

Mənim üçün bu sərvətin qiyməti əsrlər boyu dənizin dərinliyindəki neft yataqlarının dəyərindən daha böyükdür.

Bu sərvəti mənim əlimdən heç kim ala bilməz.

Dünən xəbiscəsinə birilərinə yalvardıqlarını eşitdim. Aramızdan nüfuzlu dostlara telefon edib sıralarımızı parçalamaq üçün hər vasitəyə əl atırlar. Amma hələ adlarını açıqlamayacam. Mənimlə bir arada olan Əvəz Zeynallının, Anar Niftəliyevin, Əfqan Muxtarlının, Seymur Baycanın, Azər Həsrətin peşəkarlığına şübhə edənlərin kimliklərinə baxmayın. Baxılacaq bir simaları belə yoxdur…

Biz heç bir zaman zavallılaşdırılmış, amma həqiqətdə qürurlu azərbaycanlıların talanan pullarını: əlillərin pensiyalarını talayanların, xəstələrin dərmanlarını satanların, gözü yaşlı anaların övladlarını həbsə atıb, onların nişan üzüklərini rüşvət olaraq alanların pulu ilə yaşamadıq, işləmədik, qəzet nəşr etmədik. Biz bu adamların ürəyinə yol tapmaq üçün gecə-gündüz onların sızlayan yaralarını öz yaramız bildik. Onlara hər gün cəmi bir qəzet almaları üçün daha yaxın olmaq üçün yaşadıq, qəzet çıxardıq…

Baxın, baxın, lütfən indi kim mənə deyir ki, qələmi bir kənara qoyub naqisliklə məşğulam? Mən nəfsimə qalib gələ bilməyib bu işləri görürəm? Bunu bizə demək üçün əlahiddə bir status qazanmaq lazımmış…

Nə yazıqlar olsun ki, bu statusların arxasınca qaçanlar da var. Biz qaçmadıq. Biz qabağımızda həyəcanlı, hövlnak qaçanları çox səbr və təmkinlə izlədik. Arxaya baxa-baxa, bağıra-bağıra qaçırlar. Əsrlərdir. Dünya yaranandan belədir. Gecənin düşməsini, şərin qarışmasını gözləyərək bizə qarşı hər an işlədilər. Onlar bir anlarını belə dərindən nəfəs alıb rahat yaşaya bilmədilər. Onlar hər şeydən qorxdular. Amma biz qorxmadıq. Bu hisslər bir insanın daha böyük olması üçün, bu hisslər bir jurnalistin daha çox naqis olmaması üçün yetərlidir.

Tövsiyəmi edim. Tövsiyəmi edim ki, mollanın, riyakarın fitnəsinə belə uyub oyun qurmayın…

Etməm. Birinə desən ki, bunu etmə, olmaz, daha çox edər. O biri də ola-ola anadan gəlmə fitnəkar.

Bir balaca qızcığaz belə bunlara «İstefa» qışqıranda onu həbs edirlər. Nədən bir gündəlik qəzet tam olaraq, idman, şou-biznes, dünya səhifələri olmadan başdan-başa bir balaca ölkənin gerçəklərini yazmaqla bunları bu qədər narahat etdi?!

İndi yalvarırlar. İndi bizə telefon açırlar. Olsun. Məhkəmə ədalətsiz olsun. Prokuror sifarişlə işləsin. Seçkilər saxtalaşdırılsın. Haqqı deyənlər şərlənib tutulsunlar. İşdən çıxarılsınlar. Olsun. Amma bu yolun yolçuları şər durduqca var və olacaqlar. Şər hər zaman bu insanların olmaması üçün savaşır, oyun, hiylə, fitnə qururlar. Amma və lakin savaş ədalətlidir. Min illər belə keçsə, ruhumuz yaşayacaq. Azərbaycanda heç kim BİZƏ NAQİS DEYƏ BİLMƏZ! Biz qələmi bir kənara qoymadıq. Birilərinin qələmlə məddahlıq edərək nələri qazandığı, nələri satdığını bütün AZƏRBAYCAN BİLİR! Amma biz qələmi Ağdamın uğrunda savaşlarda bir kənara qoyarkən, ağdamlılara savaş ortağı olarkən, bizi naqis adlandıranlara YOLUNUZA DAVAM EDİN deyirik. Biz sizin varlığınızla yaşadıqlarımızı xatırlamağa məcbur oluruq! Amma bu xatırlamalar bizi hərdən məmnun etmir!

Yalvarın!

Yalvarın, amma hər mətbəədə, hər firmada, hər rayonda tanıdığımız dostlarımıza, bircə bizə yalvarmayın! Yalvaran adamları görəndə ruhum ölür! Bunu istəmirəm!

“Xural” qəzeti,

il 9, sayı: 042 (450), 25 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button