Elşəni səhiyyə sistemi öldürdü!

 Bir neçə gün bundan əvvəl yerləşdiyimiz qarajın içində bir kimsəsizin xəstələndiyini və onun zülümlə həkimə aparılmasına nail olduğumuzu yazmışdıq. Elşən idi həmin kimsəsizin adı. Buraya gəldiyimiz gündən tanıyırıq Elşəni. Bu qarajın da gülü-çiçəyi o idi. Hər işimizə yarayırdı, işığımızı, başımızdan daman suyu düzəldirdi Elşən. Bir az qeyri-ciddi idi, bəzən ona çox əsəbiləşirdik. Hətta bir ara bu məsuliyyətsizliyinə görə Elşəni işindən də uzaqlaşdırdılar. Etibarını itirdi Elşən…

Çox içirdi, çox çəkirdi. Bir müddət görünmədi. Bu yaxınlarda Elşən bir də göründü. Amma artıq o adam deyildi. Tez-tez ağrıyırdı, inildəyirdi Elşən. Qarajımızın gözətçisi Olya xanım onun qayğısına qalır, ona qulluq edir, nazı ilə oynayırdı. Bəlkə Olya xanım da tək-tənha bir qadındır, ona görə, bilmirəm. Amma gözümüzün qabağında Elşən yavaş-yavaş ölürdü.

Bir neçə gün bundan əvvəl Elşən qəfildən xəstələndi. Həmişə olur – fikir vermədik. Bir gün keçdi. Olya xanım ağlaya-ağlaya bizi çağırdı. Getdik. Elşənin vəziyyəti özündə deyildi. Çabalayırdı Elşən. Kimləri var ki… Təcili yardım çağırdıq. Gəldilər və Elşəni Zığda yerləşən Narkoloji Dispanserə aparmaq üçün bir saat danışdılar. Şəxsiyyət vəsiqəsi tələb etdilər. Harada idi Elşəndə şəxsiyyət vəsiqəsi? Onun üstündə yalnız hərbi bileti vardı, o da bir şeyə yaramırmış… Zatən axşamüstü idi. Təcili yardım dedi ki, bu tip xəstələr üçün «psixbriqadalar» gəlməlidir. Onu çağırdıq. Onlar da dedilər ki, bu tip xəstələri Narkoloji Dispanser götürmür, gərək şəxsiyyət vəsiqəsi ola… Bir iynə vurdular getdilər. Gecənin qaranlığı düşmüşdü və zatən başımız qarışıq idi. Sabah yenə Elşənin vəziyyəti gərginləşdi. Bu günü də Narkoloji Dispanserlə əlaqə yaratmağa çalışdıq. Olmadı. Sonra dedilər ki, Maştağada yerləşən xəstəxanaya aparmaq lazımdır Elşəni. Yenə gün keçmişdi və yenə gələn Təcili yardım maşını Elşəni xəstəxanaya apamaqdan imtina etdi və 3-cü gün artıq sözün bütün mənalarında savaşdıq. Bağırtımız, çığırtımız Allahın yanına çıxdı. Polisi Təcili yardıma, Təcili yardımı «psixbriqadaya» qatdıq və Elşəni az qala həbs olunmaq bahasına və təxminən zorla xəstəxanaya götürtdük və rahat şəkildə «Bir insanın həyatını xilas etdik!» xəbərini də verdik…

Sən demə, Elşənin həyatını xilas edə bilməyib həkimlər və Elşən ölüb… Dünən anadan olduğu və dəfn olunduğu Qazax rayonunda 3 mərasimi keçirilib. Qardaşları varmış Elşənin…

O gün-bu gün Olyanın göz yaşları qurumur. İlahi, bir rus qadını bu qədərmi etibarlı ola bilər? Biz onu təsəlli edə bilmirik. Gecə 2-də gedirik Olya ağlayır, 3-də gedirik Olya ağlayır, 4-də gedirik Olya ağlayır… səhər gəlirik Olya ağlayır… Aman Tanrım, bir rus qadınını bir Azərbaycan kimsəsizinə bağlayan telin adı nədir?! Cavan olsaydılar, sevgi-məhəbbət deyərdim. Yox!!! O deyil!

Bəlkə kimsəsizlik duyğusu?!

Elşəni bu səhiyyə sistemi öldürdü! Onu 3 gün əvvəl, elə birinci çağırışda aparsaydılar, bəlkə Elşən ölməyəcəkdi?

Sən bu dövlətin pullarını hara sərf edirsən, İlham Əliyev?!

Elşən niyə ölməliydi, cənab prezident?!

Damdan prezidentə şikayət edən qadın

 Xaçmazda bir qadın şikayətini prezident İlham Əliyevə etmək üçün dama çıxıb. Kim bunu necə dəyərləndirir, bilmirəm, amma mənim buna tamam fərqli baxışlarım var. Gör nə qədər azadlıqsevər xalqıq. Biz azadlığımız üçün, sözümüzü çatdırmaq üçün, səsimizi yetirmək üçün nələr etmirik? Kimin ağlına gələr ki, prezident sənin evinin yanından keçəcək və sən damın üstünə çıxıb ona söz deyə bilərsən. Eşitdiklərimə görə qadını zorla sürüyüb damının üzərindən aşağı salıblar. Hətta yüngül xəsarətlər də var. Gələn informasiyalardan aydın olur ki, hadisə prezidentə necə təsir edibsə atasının heykəlinə gül də qoymayıb və qanıqara geri qayıdıb. Amma cənab prezident dərhal Xaçmazın rəhbərlərinin həbsinə sanksiya verib gəlməliydi.

Gör, İlham Əliyev hansı vəziyyətə düşüb?! Gör, xalqdan nə qədər ayrı qalıb, təcrid olub bu gənc və perspektivli prezident!

Bu mətbu siyasəti İlham Əliyevi uçuruma aparır. Xalq ona səsini çatdıra bilmir. İnsanlar artıq damın üstünə dırmaşırlar.

Hələ ki söz deməyə…

İnsanların, anaların səsinə niyə qulaq vermirsən, İlham Əliyev?!

Niyə hamını dama dırmaşdırırsan?!

“Xural” qəzeti,

il 9, sayı: 042 (450), 25 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button