YAŞAMAQDAN DOYAN İNSAN

bakir27.12.2014

Yanvarın 9-da, uzaq 1992-ci ilin qarlı qış günü Köşbək kəndi yaxınlığında mühasirəyə düşən əsgərlərimizin və texnikanın xilas edilməsində şücaət göstərib və cəmi 32 yaşında qəhrəmanlıqla həlak olub. Onunla çiyin-çiyinə səngərdə vuruşan oğullarımızın bir çoxu göstərdiyi qəhrəmanlıq müqabilində “Milli qəhrəman” adına layiq görülüb. O isə, dərd-qəm içində üzülən ailəsinin kədərə boğulan göz yaşlarında zaman-zaman yaddaşlardan silinib, acı da olsa tarixə belə adını yazdıra bilməyib. Bu gün onun adını yalnız ailəsi və mənsub olduğu yaşlı nəsil xatırlayır. Gənclərin yaddaşında isə bir zamanlar Vətən torpaqlarının erməni işğalından azad olunması uğrunda canından keçən əqraba kimi qalıb.

Onun haqqında ilk dəfədir ki, eşidirdim. Uzun illərdən sonra ailəsi, hələ də gözlərinin yaşı qurumayan həyat yoldaşı ömür-gün yoldaşının xatirəsini anmaq üçün heç olmasa kiçik məqalə də olsa dərc edilməsini istəmişdi. O zaman Bakir Quliyevin haqqında araşdırma aparmaq qərarına gəldim. İzlədiyim, araşdırdığım, axtardığım yerlərdə bir cümlə də olsun onun haqqında məlumat əldə edə bilmədim.

O isə…. 1960-cı ildə Füzuli rayonunu Yuxarı Veysəlli kəndində anadan olub. Hələ yeniyetmə yaşlarından öz cəsarətilə yaşıdlarından fərqlənib. Xaraktercə emosional, sözünü qorxmadan, çəkinmədən üzə deməyi xoşlayan, ailəcanlı, böyüklərə syğı ilə yanaşan bir insan olub Bakir Məmiqulu oğlu Quliyev. Ağdam Kənd Təsərrüfatı Texnikumunu bitirdikdən sonra həmyaşıdları kimi şəhərə yox, canından artıq sevdiyi kəndinə qayıdıb. “Burada da çörək tapılar, kəndi qoyub hara gedirik ki?” təfəkkürü ilə hamı kimi həyatını qurub. Özünə, ailəsinə, millətinə rahat və firəvan həyat arzusunda olub. Ermənilərin torpaq iddiası Bakirin də yuxusuna haram qatıb: “Necə yəni, dünənə qədər süfrəmizin qırıntılarını yeyən erməni, indi torpaqlarımıza sahib olmaq istəyir?”. Torpaq, Vətən qeyrətilə çırpınan ürəyi alışıb, yanırdı. Rayon ətrafında, harada qızğın döyüşlər gedirdisə, Bakirin səsi oradan gəlirdi. Sanki yaşamaqdan doymuşdu. Neçə-neçə erməni “post”larının dağıdılmasında, zirehli texnikalarının məhv edilməsində yaxından iştirak edir, hər an ölümlə üz-üzə gəlir. Xain düşmən gülləsi onu Qaradağlı-Köşbək uğrunda gedən müharibədə yaxaladı. Bakir Quliyev canından çox sevdiyi Vətəni uğrunda qəhrəmancasına həlak oldu. Arzuları yarımçıq qaldı. Fələk öz qanlı əllərini Sayalı Ananın, bacılarının sinəsinə çəkdi. Həyatının bahar çağında 4 gül balası ilə tək-tənha qalan, məhəbbətlə döyünən ürəyi dərddən yarılan ömür-gün yoldaşının gözləri yaşlı qaldı.

Həmyerliləri 1992-ci il fevralın 21-də – çəmənlərində, düzlərində gəzdiyi, çaylarında üzdüyü yuxarı Veysəlli ilə vidalaşdı. Onda artıq nə Bakir var idi, nə Yavər İsgəndərov, nə də Əhəd İsgəndərov. Bu üç nəfər idi üç min əsgər igidliyilə Yuxarı Veysəllini qoruyan. Onlar şəhidliyə ucalandan sonra, insanlar qan ağlaya-ağlaya dədə-baba yurdlarını tərk etdilər.

İllər sonra, o 22 illik uzun fasilədən sonra, hələ də Bakirdən danışanda qəhərə boğulduğunu hiss etdiyim qadını, onun ruhunun işğal altında qalan torpaqlarımızda narahat dolandığına inanır. Gənc nəslin Bakir Quliyevin Vətən torpaqlarında göstərdiyi qəhrəmanlıqlardan danışacağına, onun xatirəsini hörmətlə xatırlayacaqlarına inanır. İnanır ki, nə vaxtsa Müdafiə Nazirliyi o illərin arxivini bir də açacaq, araşdıracaq, unudulan qəhrəmanlarımızın xatirəsinin yaddaşlardan silinməməsi üçün müvafiq addımlar atacaq. Bu nə vaxtsa olacaq. Bakirin həyat yoldaşı Zeynəb xanım uzun illərdir ki, bu ümidlərlə yaşayır: “Bakir şəhid olanda özüm də gənc idim, üstəlik də 4 uşaqla şəhərə gəlib, bir çoxları kimi, qapı-qapı gəzib, onun müqəddəs haqqını istəmədim. Qüruruma sığındım. Gözlədim ki, nə vaxtsa, özləri arayacaqlar, bizimlə maraqlanacaqlar. Amma olmadı. Məcbur qalıb Sumqayıt şəhər məhkəməsinə müraciət edim. Bakirin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən müharibə zamanı Füzulidə düşmən ermənilər tərəfindən öldürülməsi faktının müəyyən edilməsi üçün qərar çıxarılmasına nail oldum. Sanki o gündən Bakirim yenidən doğuldu. Mən də rahat nəfəs aldım…”

Bilmirəm, heç də uzaq olmayan keçmişimizdə qanlı müharibənin ağrısını canında, ailəsinin acısında gəzdirən bu oğullarımızı xatırlamamaq bizə yaraşırmı? Əgər yaraşmırsa, onda nə üçün bu gün, şəhidlərimizin qanı hesabına qazandığımız rahat həyatımızda onların adlarını xatırlamayacaq qədər biganə, laqeyid olmuşuq. Bəlkə, buna görədir ki, Qarabağ bizdən küsüb. Nakam və nahaq qanları sel-su kimi canına hopturan bu müqəddəs torpağımızın qarğışına gəlmişik? “Mənim, oğullarımın qədrini bilmirsənsə, mənə qiymət vermirsənsə, o zaman mən də səni istəmirəm – Azərbaycan” – deyir, Qarabağım? Bəlkə bu məhəbbəti geri qaytarmaq üçün əvvəlcə oğullarımızı, o qanı müqəddəs torpaqlara tökülən oğullarımızı xatırlayaq, onların göstərdiyi şücaəti gənc nəslə təbliğ edək, onlarda vətənpərvərlik hissi yaradaq?

Bəlkə o zaman  günahlarımızı, qəbahətlərimizi yumuş olarıq?

BURLAXATUN

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button