YENİ DÜNYA DÜZƏNİ!

Əvəz Zeynallı

Liviyanı vurmaq dünyanın yeni nizamının başlanğıcıdır…

Dikbaş və ərköyün Fransa

Dünya Liviyanın ətrafında baş verənləri dartışır. Miqyas baxımından dartışılacaq hadisədir, ancaq bəzi şəhrçilər – xüsusilə Azərbaycanda – hadisəyə elə qiymət verirlər ki, adamın gülməyi gəlir. Yox, bu hadisəyə sıravi NATO hadisəsi kimi baxmaq olmaz. Bu, törətdiyi nəticənin necə olmasından asılı olmayaraq yeni dünya nizamının yazılmasının əsas hadisəsidir. Bu, dünya tarixində insan haqları və demokratiyanın həqiqətən də bitməz-tükənməz hüdudlarının olduğunu göstərən fövqəlolaydır, ümumbəşəridir və bu hadisənin nəticələri dünyanın yeni nizamının, hətta yeni sərhədlərinin çəkilməsinə bərabərdir. Bəli, yanlış oxumadınız – dünya sərhədləri yenidən çəkilə bilər…
Liviyanın vurulmasında Fransanın özbaşınalığı və ərköyünlüyü bütün dünya ictimaiyyəti tərəfindən müzakirə edilir. O qədər ki, Sarkozinin Afrikada itirilmiş mövqelərinin bərpası və Müəmmər Qəzzafinin sərt açıqlamalarının doğurduğu hikkəyə qədər bu dikbaşlıqda xüsusi pay var. Doğrudur, Fransa NATO-nun və Birləşmiş Millətlərin qərarını gözləmədən apar-topar, sanki «Liviya mənim payımdır» deyərcəsinə özünü Liviyanın səmalarına dürtdü… Düzdür, Fransanın bu görməmişliyi və tələskənliyi, əslində isə dünya ictimaiyyətini saya salmaması Liviyanın qanlı diktatorunun əli qana batmış terrorist lideri Müəmmərin çörəyinə yağ sürtdü… Düzdür, Fransa bu hərəkəti ilə həqiqətən də neft uğruna döyüşdüyünü və insan hüquqları kimi müqəddəs bir mübarizəyə kölgə saldığını dünyaya bir daha göstərdi… Ancaq baş verənləri doğru oxumaqla düzgün nəticəyə gəlmək olar. Nədir düzgün oxumaq? Düzgün oxuyanda ortaya hansı mənzərə çıxır?
Maraqlıdırmı?

Barak Hüseyn Obama – yeni dünyanın lideri…

Tunis və Misir hadisələrində də yazmışdım – bu dalğa bütün ərəb dünyasının altını üstünə gətirəcək deyə. Elə də oldu. Davam edəcək bu dalğanın əsas aktyorlarından biri isə Amerikanın nökərlikdən prezidentliyə yüksələn qara taleli qara dərili prezidentidir. İşin ironiyasına, taleyin yazısına baxın – qaragünlü dünyanın ağ günə çıxmasına bu qara taleli adam imza atır. Yox, elə düşünülməsin ki, Hüseyn Obama elə bəzilərinin dediyi kimi, Misirin də, Tunisin də hadisələrinə barmaq soxdu, yox, düşüncələrimə görə elə deyil. Hətta mən iddia edirəm ki, Tunisin və Misirin öndərliyində başlanan ərəb dalğasının memarı ərəb millətinin özüdür – başqası deyil. Burada Amerika barmağı axtarmaq işləri daha da çətinləşdirmək olar. Təbii ki, Amerika yeni Orta Doğu layihəsinin üzərində illərlə işləyir. Təbii ki, bu layihə ABŞ-ın bölgəyə laqeyd olmadığının əsas göstəricisidir, amma başlanan bu qəfil dalğa ABŞ-ın və yəhudilərin ilkin nəzarətindən kənarda idi. Ona görə bir az çaşdılar və xalqlar meydanlara doluşana qədər ani narahatçılıq yaşandı. Amma olayı Obamanın qəfil və çevik ağlı istiqamətləndirə bildi və dünya tarixinin çox önəmli bir mərhələsi başlandı…

Amerikan idealizmi…

Hüseyn Obama Amerikan idealizmini ən mükəmməl formada mənimsəyən və onu tətbiq edən prezidentlərdəndir. Qənaətimcə o, artıq dünya tarixinin şərəfli bir səhifəsini özü üçün ayırdı. Məhz ona görə ki, bütün gəlmiş-getmiş prezidentlərdən fərqli olaraq bu addımları onu tarixin zirvəsinə daşıdı. Nə idi bu məqamlar?
Obama ənənəvi diplomatik jestləri darmadağın etdi və elə ilk günlərdən xalqların tərəfində dayandı. Bu, demokratik mübarizələr tarixində ilk böyük miqyaslı hadisə idi. Əvvəlki dünyada prezidentlər insan hüquqlarını dostluqlara, neftə, qaza, böyük-kiçik dövlətlərə, münasibətlərə görə qurban verirdilər. Biz bunun ağrılarını öz dərimizdə yaşamışıq. 20 Yanvar hadisələrində ABŞ prezidenti böyük Corc Buş qırılan millətimizin dərdinə şərik olmadı, SSRİ-nin qanlı Qorbaçovunun yanında oldu. Ancaq Barak düşünmədən Amerikanın maraqlarını insan hüquqları müstəvisinə gətirdi və cəsarətlə Misir xalqının maraqlarını öz dövlətinin maraqları ilə mütənasib şəkildə dəyərləndirdi. Bununla da ərəb dalğası dünyanın hakim gücünün dəstəyini qazandı. Əslində, heç nə etməyən Obama, əslində, hər şeyi etdi. Dünya tarixinin ən böyük hadisələri heç nə etmədən beləcə yazıldı və Camal Əbdül Nasirin nəsli – 40 ildir hakimiyyətdə olan ərəb nəsli Nasirin ideoloji yetirmələridir – beləcə tarixin zibili yeşiyinə daşındı. Obama gərəkən anda gərəkən dəstəyi verdi. Onun ardınca bütün dünya bankları diktatorların milardlarla dəyəri olan sərvətlərini dondurdular. Onun ardınca diktatorlar köşəyə sıxışdılar – bunların pulunu dondurdun, canını dondurdun, fərq etməz. Nəhayət, xalq – məsum və zavallı xalq küçələri, meydanları doldurdu… Beləcə, insanlığın yeni tarixi yazılmağa başlandı…

Liviya – dünya tarixində yeni səhifə…

Liviyanın vurulması əvvəlki heç bir savaşa bənzəməz. Nə İraq, nə Yuqoslaviya, nə digər hadisələr Liviya hadisələri ilə müqayisə edilməzdir. Düzdür, Fransanın qudurmuş və tələskən prezidenti Sarkozi düşünülməmiş qərarları ilə hərəkatın məqsədini xeyli sapındırsa da, nəticə dəyişmir. Bu, insanlıq tarixində ilk hadisədir ki, bir zorbanın öz xalqının soyqırımına uğratmasının qarşısı dünya gücünün müdaxiləsi ilə durdurulur. Təbii ki, hadisəni Amerikan idealizminin baxış bucağı altında nəzərdən keçirəndə, hadisəni dünya tarixinin möhtəşəm bir səhifəsi olaraq qiymətləndirmək mümkündür, amma Fransanın timsalında Avropanın Rişelyedənqalma «güclər tarazlığı» anlayışına gedərsək, bu, bir işğalçılıq hərəkatıdır. Ona görə də şəxsən mən hadisəyə Amerikan idealizminin prinsiplərinin işığında baxır, bunu dünya tarixinin şahəsəri olaraq qiymətləndirirəm. Olay tipik bir insan hüquqları olayıdır. Bununla yeni nizam yaranır. Artıq insan hüquqlarının ölkələrin sərhədlərinə qapanmaması bir nəzəriyyə olmaqdan çıxır və arxasında güc dayanan əsas faktorlardan birinə çevrilir. Yəni artıq dünyanın avtoritar və totalitar dövlət başçıları, öz xalqına qənim kəsilənlər öz ölkələrinin sərhədləri daxilində rahat hərəkət edə, rahat repressiya maşını işlədə bilməyəcəklər. Dünya artıq vahid anlayışa doğru elə sürətli istiqamət götürür ki, onun qarşısında dayanan toz-duman olacaq…

Azərbaycanın götürəcəyi dərs…

Gənc və perspektivli İlham Əliyev öz seçimini totalitar tiranlardan yana etməməlidir. Bu dalğa Azərbaycanda Misirdə, ya da Tunisdə olduğu kimi əks-səda verməz. Heç burada Liviyada baş verənlər də təkrarlanmaz. Nə yanlış olda olan bir qrup siyasətçi, nə də digərləri özünü ona kökləməsin. Amma iqtidar da Müəmmər kimi bir caninin müxaliflərin üzərinə hücumunu gizli bir sevinclə qarşılamamalıdır. İlham Əliyevin və onun yarıtmaz komandasının bütün gənc və qoca – onların ikisi də eyni düşüncə tərzinə malikdir – streteqləri məsələni Fransanın, dolayısı ilə Avropanın Rişelyedənqalma prinsiplərinin işığında dəyərləndirirlər. Bu, böyük yanlışlıqdır. Hadisəni Amerikan idealizminin işıqları altında görmək, analiz etmək lazım. Yəni qaranlığın yox, işığın yanında yer almaq lazım. Dünyada bir Avropa qaranlığı və bir Amerikan işığı var. Nəhayət ki, bunun fərqinə varmaq, ölkəni dəyişdirmək lazımdır.
Bu dalğa bu gün gəlməz Azərbaycana, amma İlham Əliyev bu anlayış və idarəetmə ilə bu dalğanı dartıb gətirə bilər. Başlanan etiraz dalğalarına qulaqardı yanaşmaq doğru olmaz. Ölkəni təməlindən dəyişdirəcək islahatlara ehtiyac var. Bu, o qədər də çətin deyil. Necə Obama bir güllə atmadan dünyanı dəyişdirdisə, İlham Əliyev də heç bir əziyyət çəkmədən Azərbaycanı dəyişdirə bilər. Bunun üçün sadəcə, efirlərin ağzını açmaq, mətbuatın ayaqlarına vurulan qandalları sökmək lazımdır. Rüşvətin başdan – prezidentin şəxsi kabinetindən qadağan olunmasına, komandanın yeniliksevər üzvlərini toplayaraq səmimi şəkildə «dostlar, artıq pul istəmirəm, millətə işləyəcəyik» əmrinin verilməsinə ehtiyac var. Bu ölkədə bir qul oğlu qul İlham Əliyevin istəmədiyi şeyi ona vermək üçün camaatı incitməz. Vəssalam. Bunu səmimi şəkildə canlı yayımla söylə və canlı yayımı bu millətin övladlarının üzünə aç. Gör Azərbaycan 5 aya cənnətməkan olur, ya olmur…

Sən bunu etrməzsən, dalğa səni gəlib tutacaq. O zaman heç Barakın dəstəyinə də ehtiyac qalmayacaq…

Millətinə qarşı olanı dünya vuracaq…

Tarixi günlər yaşayırıq. Dünyadakı güclər kimi ölkəmizdə də güclər ikiyə bölünüb. Qaranlıqla işıq döyüşür. İşıq mütləq qalib gələcək, amma qaranlıq da elə asan getməyəcək. Dünyanın çöhrəsi güclü insanların yardımı ilə dəyişir. Ölkəmizin güclü insanları birləşməli, bütün ömürlərini ölkənin işıqlı hissəsinin qalib gəlməsinə həsr etməlidir. İqtidar özünü qaranlığın dibinə salıb. İqtidar qaranlığı seçib. Müxalifətdə də hər yer o qədər işıqlı deyil. Ona görə də hakimiyyətin qaranlıqda oturan texnoloqları işıqlığa can atan səmimi insanları da tora salmaq istəyirlər və buna müxalifətin qaranlığında oturanları bütün gücləri ilə dəstək verirlər. Çox ehtiyatlı olmaq və tükü tükdən seçmək lazımdır. Qaranlıq Liviyaya neft və qisas üçün gedən Fransadır – iqtidarımız və onun yarıtmaz komandası o tərəfdən baxırlar hadisələrə… İşıq Liviyanın vətəndaşlarını qətl edən zorbanın başına dünyasını dar edən Amerikan idealizmidir – səmimi demokratlar o işığın peşində olmalıdır, hadisələrə o pəncərədən baxmalıdır. Ölkəmiz də elədir. Qaranlıqda oturan işıqsevərlər, işıqda oturan qaranlıq aşiqləri var. Seçmək çox zordur, amma millətimizin tarixi yükü çiyinlərinə götürmək istəyən insanları bu seçimdə yanılmayacaqlar.
Mən əminəm!..

İŞIQ GƏLƏN TƏRƏFƏ GEDƏK!!!

“Xural” qəzeti
il: 9, sayı: 012(420), 27 mart-02 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button