Yerli “Eurovision”

II yazı

Azərbaycan teleməkanında “Eurovision” Mahnı Müsabiqəsi ilk dəfə 2006-cı ildə yayımlanıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin efir fəaliyyətinin bir ili tamam olmadığı halda İTV bu müsabiqənin yayım hüququnu əldə edib. İlk baxışda qeyri-real görünsə də, yaranmasının heç bir ili tamam olmayan İTV buna nail olub. Bu hadisə Avropa Yayım Birliyinin fəaliyyəti ərzində ilk istisna hal idi. Bundan əvvəl AYB-yə üzv seçilən televiziyaların ən azı bir ili tamam olandan sonra qeydiyyat baş tuturdu. 2006-cı ildə Afinada müsabiqənin qalibi Finlandiyanın təmsilçisi “Lordi” rok-qrupu oldu. İTV əməkdaşları qalib qrupdan müsahibə almaq üçün Finlandiyaya yollandı. Səfərin nəticəsi olaraq, Azərbaycan tamaşaçısına 2006-cı il “Eurovision” Mahnı Müsabiqəsinin qalibi haqqında film və qalib qrupun müsahibəsi təqdim olundu. Nöbvəti il Helsinki şəhəri müsabiqəyə ev sahibliyi edəndə İTV-nin yaradıcı heyəti Finlandiyanın paytaxtında yarışmanı ilk dəfə müşahidə edə bildilər. Azərbaycan iştirakçı olmasa da, müsabiqə həmin gün İctimai Televiziyanın canlı efirində yayımlandı. Həmin gündən etibarən Azərbaycanın da bu mahnı yarışmasında iştirakı ön plana keçdi. 2007-ci il iyul ayında İstanbulda Avropa Yayımları Birliyinin (EBU) baş assambleyasının 59-cu sessiyasından sonra Bakıda “Eurovision”a maraq böyüdü.

 2 fevral 2008-ci il tarixində Heydər Əliyev adına İdman Konset Kompleksində “Land of Fire” adlı bir şou keçirildi. İlk milli seçim turlarında çoxsaylı gənc və orta yaşlı müğənnilər iştirak etsələr də, finala yalnız Elnur Hüseynov, Samir Cavadzadə, “Unformal” rok qrupu və Aynur İsgəndərli vəsiqə qazanmışdı. Həmin şouda 2008 “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycanı kimin təmsil edəcəyi məlum oldu. İTV-nin təşkil etdiyi münsiflər heyəti Azərbaycanı tarixində ilk dəfə “Eurovision”da təmsil etmək üçün Elnur Hüseynov və Samir Cavadzadə duetini seçdi. Gənclər günündə təşkil edilən ölkənin ilk milli seçim final gecəsi həm də bir neçə AYB üzvü olan yayımçı televiziyalarda (Türkiyə, Gürcüstan, Moldova) nümayiş olundu.

Azərbaycan müsabiqədə indiyədək cəmi 4 il ardıcıl iştirak etsə də, yalnız birinci dəfə – 2008-ci ildə ölkəmizi təmsil edən mahnı azərbaycanlı bəstəkar tərəfindən yazılıb. Gövhər Həsənzadənin sözlərinin və musiqisinin müəllifi olduğu “Bu da son” adlı mahnı müsabiqəyə Samir Cavadzadənin ifasında təqdim edilsə də, sonradan mahnının ingiliscə versiyası “Day after day” hazırlandı. Həm də mahnı sözlərinin müəllifi kimi onun tərcüməçisi Zəhra Bədəlbəyli elan edildi. Halbuki, mahnının “Bu da son” adlanan azərbaycanca versiyasında xeyirlə şərin mübarizəsindən bəhs edilir və tərcüməçi sözləri tərcümə etməyib, onun məğzini ingiliscə şeir formasına saldığına görə müəllif kimi təqdim edilməməliydi. Ümumiyyətlə, 2008-ci ilin “Eurovision” iştirakımız və Serbiyanın paytaxtı Belqradda baş verənlər, müsabiqəyədək müxtəlif ölkələrdə təbliğat adıyla təşkil edilən cırtdan tədbirlər ayrıca yazı mövzusudur. Azərbaycan ilk dəfə iştirak etdiyi müsabiqədə yarımfinaldan finala vəsiqə qazanaraq, finalda 8-ci yeri tuta bildi. Ölkənin ilk dəfə iştirakçı olmasına baxmayaraq, mahnının yüksək keyfiyyəti onun 10-luğa düşməsini təmin etdi.

 2009-cu il milli seçimlərində İTV Aysel Teymurzadənin təmsilçi olacağını açıqladı. Təmsilçinin adı açıqlanmazdan bir qədər əvvəl, yəni, 2008-ci ilin dekabrında azyaşlıların bəyəndiyi Araş Bakıda konsert verdi. İnsanda elə təsəvvür yaranır ki, hansısa görünməz qüvvə İTV-nin ağlına Araş-Aysel duetinin saldı və ya İTV-dəkilər bunu yatıb yuxularında gördülər. Ölkə mətbuatı Araş-Aysel duetini birmənalı qarşılamadı. Moskvada təşkil edilən “Eurovision”da təmsilçilərimiz ilk 3-lüyə düşərək, mənfi rəyləri qismən dağıtmağa nail oldular.

 2010-cu ildə Bakıda nədənsə bir çoxu “Eurovision” müsabiqəsinin Azərbaycana gələcəyini düşünürdü. (Buna əsas verən amillərdən biri isə müsabiqənin keçirildiyi il iştirakçı ölkələrdən hansındasa seçkilərin olması idi. 2010-cu ilin payızında ölkədə parlament seçkiləri keçiriləcəyi üçün “Eurovision”un Bakıya gələcəyi əminliyi xeyli artmışdı. Çünki müsabiqə tarixində bu cür hallar baş verib. Ukrayna, Serbiya, Yunanıstan və bir neçə Avropa ölkəsində müsabiqə qalibləri siyasi dəyişiklik zamanı istifadə olunub.) “Buta” sarayında keçirilən milli seçim finalında iştirak edən müğənnilər arasında isə ölkəni təmsil etməyə ən layiqli hesab olunanlardan biri qızlardan ibarət “Milk and Kisses” (2008-ci ilin “Unformal” rok qrupunun adı artıq belə idi) qrupu idi. Lakin münsiflər mətbuatı və tamaşaçıları yenə də öz seçimləri ilə təəccübləndirə bildilər. Orta məktəbin sonuncu sinif şagirdi Safurə Əlizadə “Drip drop” mahnısı ilə üçüncü dəfə iştirak edəcəyimiz müsabiqədə Azərbaycanı təmsil etmək hüququ qazandı. Maraqlıdır ki, Safurə Əlizadə yarımfinaldan sonra final gecəsi üçün püşkatmada öz çıxış sıra nömrəsini seçəndə artıq Bakıda Azərbaycanın birinci olacağı əminliyi daha da yüksəldi. Safurə Osloda final gecəsi birinci çıxış etsə də birinci ola bilmədi. Lakin əvvəlki təmsilçilərimizdən fərqli olaraq, daha ağıllı tərpənib İTV-nin caynağından xilas ola bildi. Müğənni yarışmadan sonra xarici musiqi şirkəti ilə müqavilə bağlayıb, Stokholmda yaşamağa başladı.

 “Eurovision”dakı dördüncü iştirak ilimiz 2011-ci il oldu. Almaniyanın Düsseldorf şəhərində keçiriləcək müsabiqə üçün İTV-nin öz pavilyonunda bir neçə həftəlik təşkil etdiyi seçim turları şübhəli məqamlarla yadda qaldı. Təmsilçinin seçilməsi üçün final gecəsi Akademik Milli Dram Teatrında baş tutdu. Lakin final gecəsinədək olan həftələrdə baş verənlər yəqin ki, ölkənin qalib gəlməsi nəticəsində yaxşıca ört-basdır edilə bildi. Çünki, Eldar Qasımov və Nigar Camal seçim turlarında əlavə seçilərkən digər iştirakçıların mətbuatda müxtəlif etiraz müsahibələri və İTV-də baş verənlərin əslində olduğu kim təqdim edilməməsi şübhəli əsaslar yaradırdı. Qaliblər mühakimə edilmir prinsipi “Eurovision-2011”qalibləri olan Ell və Nikiyə də şamil edildi. Azərbaycan qalib olduğundan bu müəmmalı söz-söhbətlər keçmişdə qaldı və çox güman ki, yaxın gələcəkdə də İTV haqlı olduğu ilə öyünəcək.

“Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button