Əfqan Muxtarlı və Gözəl Bayramlının istintaqı yekunlaşıb
Həbsdə olan jurnalist Əfqan Muxtarlı və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
APA-nın məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov bildirib.
Onun sözlərinə görə, Ə.Muxtarlı ilə bağlı cinayət işinin materialları “Meydan TV”-nin əməkdaşları ilə bağlı başlanmış cinayət işindən ayrılıb.
Vəkil qeyd edib ki, tərəflər cinayət işinin materialları ilə tanış olacaq.
Qeyd edək ki, Ə.Muxtarlı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), G.Bayramlı isə Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə təqsirləndirilir.