“Görünür ekspertiza sifariş gözləyir…”

Ə.Zeynallı haqqında həbs-qətimkan tədbiri ev dustaqlığı və ya girovla əvəz edilmədi.

Bu gün, yanvarın 18-də Nəsimi rayon Məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən məhkəmədə “Xural” qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Əvəz Zeynallının barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı və ya girovla əvəz olunması haqda qaldırılan vəsatətə baxılıb.

Ə.Zeynallının vəkili Elçin Sadıqovun   www.xural.com -a verdiyi məlumata görə, bu günkü məhkəmə prosesində Ə.Zeynallı barəsində Nəsimi rayon Məhkəməsinin 17.01.2011-ci il tarixli qərarının ev dustaqlığı və ya girovla əvəz olunması barədə qaldırdığı vəsatət hakim Şəlalə Həsənova tərəfindən qəbul olunmayıb: “Biz bu qərarı qanunsuz hesab edirik və bu qərardan apelyasiya şikayəti verəcəyik. Əgər təmin olunmasa Avropa Məhkəməsinə müraciət edəcəyik. Çünki vəsatətin hansı səbəbdən təmin olunmaması ilə bağlı məhkəmə heç bir açıqlama vermədi. Ancaq istintaq onunla əsaslandırdı ki, əgər Ə.Zeynallı azadlıqda qalarsa, istintaqın gedişinə təsir göstərə bilər (?!).” E.Sadıqov Ə.Zeynallı haqqında CM-nin 311.3.2, 311.3.3. 311.3.4 maddələrilə qaldırılan cinayət işlərinə daha birinin də əlavə olunduğunu dedi: “09.12.2011 tarixində məhkəmə qərarlarının icra olunmaması ilə bağlı Ədliyyə Nazirliyindən Korrupsiyaya qarşı Mübarizə İdarəsindən sənədlər daxil olub və bu cinayət işlərinə həmin iş də (CM-nin 306-cı maddəsi) əlavə olunub. Ancaq istintaq o dərəcədə ləng gedir ki, bununla bağlı Ə.Zeynallıya rəsmi ittiham elan olunmayıb. Vergilərlə də bağlı ittiham var. Əsasən vergilərdən belə işlərdə təzyiq vasitəsi kimi istifadə olunur. Bunun üçün əvvəlcədən siyasi sifariş verilir və səyyar vergi yoxlamaları keçirilir, səyyar vergi yoxlaması adı altında da qanunsuz yoxlama aparılır. Bütün hallarda bu ittihamın özü də qanunsuzdur. Vergi orqanı da bununla bağlı hər hansı akt tərtib edərsə, biz onun haqqında da şikayət edəcəyik”. Vəkil onu da qeyd etdi ki, G.Əhmədovanın Korrupsiya İdarəsinə təqdim etdiyi audio yazı 2011-ci il dekabrın 4-dən ekspertizaya təqdim olunub, lakin bunun üstündən 1 ay 10 gün keçməsinə baxmayaraq cəmi 10 dəqiqə davam edən söhbətlə bağlı ekspertiza rəyi təqdim etməyib: “Görünür onlarda Ə.Zeynallının həbsində maraqlı olan qruplardan siyasi göstəriş gözləyirlər. Həmin lent yazısına bu qədər müddət ərzində Ə.Zeynallının səsinin mantaj edilə biləcəyi ehtimalını da nəzərə almışdıq və o səbəbdən lent yazısını ekspertizaya göndərməzdən əvvəl ittiham olunan tərəfə də açıqlanmasını tələb etmişdik. O zaman müstəntiq bizə bildirdi ki, onlar həmin yazını bizə təqdim edə bilməzlər, çünki biz onu youtube.com saytına yerləşdirərək yaya bilərik. Burada qəribə təzad yaranır – əgər Ə.Zeynallı həmin lent yazısında həqiqətən də G.Əhmədovadan rüşvət istəyibsə, o yazıların tərəfimizdən ictimailəşdirilməsinə nədən bu qədər narahatlıq var? O baxımdan dekabrın 10-da buna görə verdiyimiz vəsatətin özünün də qəbul olunmamasını qanunsuz hesab edirik”.

 Xatırladaq ki, “Xural” qəzetinin təsisçisi və baş redaktoru Ə.Zeynallı haqqında Nəsimi rayon Məhkəməsinin 28 oktyabr 2011-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin müddəti yanvarın 17-də daha 2 ay 20 gün, yəni aprelin 20-dək uzadılıb.

Məlumat üçün bildirək ki, 2011-ci il oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin başlamasına YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti səbəb olub. Ötən 3 ay müddətində G.Əhmədovanın Ə.Zeynallının guya ondan rüşvət tələb etməsinə dair əlində yazılmış CD diskin olması ilə bağlı gətirdiyi “əsaslar”da özünü doğrultmayıb. Həm Ə.Zeynallı, həm də redaksiya kollektivi dəfələrlə CD diskdə yazılanların ictimaiyyətə açıqlanmasını tələb etsələr də, Korrupsiya İdarəsi bu “faktı” məxfi saxlamağı lazım bilib. Hazırda CD disk ekspertizaya təqdim olunsa da, bununla bağlı heç bir ekspert rəyi verilməyib.

http://www.youtube.com/watch?v=yYtWEppulZ0

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button