Geopolitik tablonun dirilməsi

həmid herisçi

Həmid Herisçi

Brüsseldəki NATO qərargahının divarlarını məşhur sürrealist rəssam Salvador Dalinin yağlı boya ilə çəkdiyi çox maraqlı bir tablo bəzəyir.

Şəkilin adı qulaqlarda bir azacıq əcaib səslənir -“Geopolitik uşağın doğuluşu”.

***

Salvador Dali bu şəkil üzərində 1942-ci il Stalinqrad döyüşləri zamanı işləməyə başlamış, 1943-cü ildə isə bu tablonu bitirmişdi.

Gərək biləsiz – müasir dünya pərdəarxasının vacib sirlərini özündə qoruyan bu tablonun ancaq surəti Brüsseldə, NATO qərargahında sərgilənir. Əsli isə bu yaxınlarda hərracdan çox baha qiymətə alınaraq Rusiyaya gətirilib. Hazırda orda, şəhərətrafı sarayların birində saxlanılır. Bəlkə də NATO-ya cavab olaraq Rusiya Baş Ordu Qərargahının soyuq lay divarlarını bəzəyir. Deyilənlərə inansaq, indi bu tablonun yeni məşhur sahibi var – bu şəxs… bu şəxs…

Məncə, həmin bu şəxs, belə deyək, müasir qraf De Monte Kristo, hazırkı Rusiyanın “Geopolitik övladı” Vladimir Vladimiroviç Putindir.

Bax  belə… eyni sürrealist bədii tablo indi həm Rusiya generallarının gözü önündə asılıb, həm NATO generallarının. Rusların ixtiyarındakı tablonun əslidir. NATO-çularda bu şəkilin surəti.

Yaxşı, niyə bu şəkildəki müəmma-tapmacalar, gizli mesajlar indi həm rus, həm NATO generallarına belə maraqlı görünüb? Niyə onlar bu şəkli həmişə öz gözləri önündə, öz hərbi qərargahlarında görmək istəyirlər?

***

dali

Şimal qütbündən başlayaraq Fars körfəzinədək gedən qövsə sahib oldunmu, vəssalam, demək dünyanın quru ərazisini tən ortadan bölən xəttə (Rusiya-Azərbaycan-İran) sahiblənmisən. Vaxti ilə Adolf Hitlerin ünlü, tanınmış silahdaşı, geopolitika elminin banisi Karl Hausxoffer dünyanın tən ortadan bölən bu xəttə xüsusi fikir vermiş, onu ən vacib hədəf kimi işarələmişdi. Həmin qövsdə “kilid ölkə” məhz Azərbaycan, Xəzər dənizi hövzəsidir. Uzaq 1942-43-cü illərdə müharibənin ən qanlı, həlledici döyüşlərinin də məhz bu qövs ətrafında baş verdiyini gəlin indi unutmayaq.

Salvador Dalinın ecazkar fırçası, gördüyümüz kimi, bu mövzudan kənarda qalmır. Yağlı tünd boyalarla işləməyi sevən Dali, məhz həmin vaxtlar bu “geopolitik uşağ”ın varlığına işarə vurur-onun doğulacağı coğrafi nöqtəni Azərbaycan, Xəzər sahillərində, əfsanəvi Avrasiya ənginliklərində axtarır.

Geopolitika standartlarını ərtafımızdakı coğrafiyaya aid etsək, görərik ki, ölkəmizin gələcək taleyi indi məhz bu “Haushoffer qövsü” ətrafında öz həllini tapacaq. “İpək yolu, Şərq-Qərb dəhlizi, Bakı-Ceyhan” geopolitik layihələri artıq keçmişdə qaldı. Özünü tükəndirdi.

Gündəmdən düşdü.

***

Yadıma gəlir, 2010-cu ilin yanvarında mən bu “Haushoffer qovsü” mövzusunu uzun fasilədən sonra yenidən dünya mətbuatına gətirib, strateji araşdırma mərkəzlərini əməlli-başlı silkələdim. “Reqnum” informasiya mərkəzinin saytında çap etdiyim “Haushoffer qövsü” məqaləmlə gündəmi ələ aldım. Məqaləm bir çox dərgilərdə, saytlarda təkrar-təkrar çap edilərək dünya ictimaiyyətinin, xüsusən Rusiya, Kreml analitiklərinin, hərbçilərinin marağına səbəb oldu. Zarafat etməyin, bu qeopolitik ssenariyə Bakı-Ceyhandan sonra Azərbaycanın dünyaya təqdim etdiyi növbəti yeni geopolitik layihə idi.

***

Moskva, dünyanı tən ortadan bölən bu qövsə hərbi-hava qüvvələrinin gözü ilə baxdı. Bildi ki, bu uzun xətt boyu uçan yeni silahını yaratsa, hə, həmin vacib xətti öz nəzarətində saxlaya bilər.

Nəticədə, 7 oktyabr tarixində, Putinin doğum günü, bu xətt boyu yeni “Kalibr” raketləri havaya qalxıb dünyanın taleyini dəyişdilər.

Stalinqrad döyüşü üzərindən gör neçə il ötdükdən sonra dünya supergücləri yenidən bu qövs uğrunda mübarizəyə başladılar. Azərbaycan, həmin tam yeni siyasi oyunda “kilid ölkə” statusunu qazanaraq yenidən öz əhəmiyyətini dünya hakimlərinin nəzərinə çatdırdı.

“Kalibr” raketlərinin uçuşu davam edir. Moskva-Bakı alyansı bu gün “Hausxoffer qövsü”sünün tək, yeganə sahibidir.

*** 

Putinin xarici siyasət projelərində bütün diplomatik layihələr, həm də bir gizli silahın sınaqlarıyla müşayiət olunur. Bu, Putinin dəst-xəttidir.

“Haushoffer qövsü” layihəsinin siyasətdə tətbiqi, “Kalibr” raketlərinin gücüylə, sınağı ilə müşayiət olacaq. Müharibə şərtləri, hədəfləri indi əvvəlkindən xeyli fərqlidir-indi Rusiya, ən yeni RLS-lərdən istifadə edərək Haushoffer qovsü boyu quru deyil, hava ərazilərini öz nəzarəti altına alır.

Qanlı döyüşlər  Yaxın Şərqin hava ərazisi uğrunda gedir.

İtkilər var.

***

Gözümüz görə-görə Dalinin “Geopolitik insanın doğuluşu” əsəri cərəyan edən siyasi hadisələrin bir növ mistik nüvəsinə, mərkəzinə çevrildi. Cansız sənət əsərləri, hərdən bir də görürsən öz-özünə dirilir. Canlanır. Başlayır öz-özünə hərəkət etməyə. Belə nadir nümunələrə elmdə “kadafr” deyirlər.

Dalinin yadigarında deyəsən bax belə möcüzə baş verib.

***

Yadınıza salım ki, Brüsseldəki NATO qərargahınnın divarını məhz bu tablonun surəti bəzəyir.

Şəkilin əsli isə indi, hal-hazırda Rusiyada, Sankt-Peterburqda saxlanılır.

Bəlkə də Putinin şəxsi kolleksiyasında.

Maraqlıdır, kimlər ona bu əsərin əslini hədiyyə ediblər?

***

Azərbaycan mövzusu yenidən dünya siyasətində ön sıralarındadı – geopolitik silah, bu dəfə Bakının ixtiyarındadır.

Gərək biz bu “Haushoffer qövsü”ndən ən böyük siyasi dividentlərimizi qazanaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button