Azərbaycanda qəzet köşkləri şəbəkəsinin ləğvi davam edir

10.08.2012

Cümə günü naməlum şəxslər Bakıda “Qasid” çap nəşrləri distribütor şirkətinin Həzi Aslanov və Səməd Vurğun küçələrinin kəsişməsindəki köşkünü ləğv etməyə cəhd ediblər.

Bu köşkün satıcısı Kamran Hüseynovun vəkili Fuad Ağayevin zəngi ilə hadisə yerinə Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və agentliyin operatoru gəlib. Beş naməlum şəxs dərhal əkilib. Əliyev onlardan birinə qonşuluqda telefon satılan mağazada çatıb. Həmin şəxs adını deməkdən imtina edib, sadəcə, deyib ki, dövləti təmsil edir. Amma hansı dövləti təmsil etdiyini deməyib.

Sonra naməlum şəxs telefonla başqa bir naməlum şəxsi çağırıb. O, dolaşıq şəkildə deyib ki, “Qasid” firmasının adından, ya da Bakı ŞİH Ticarət Departamenti adından hərəkət edirlər. Amma yenə kim olduqlarını deməkdən imtina ediblər.

““Qasid” ləğv edilib, ona görə köşkləri də ləğv olunur, onların yerinə Ticarət Departamentinin köşkləri qoyulur”, –  deyə naməlum şəxs bildirib.

“Qasid” firmasının satış şöbəsinin müdiri Akif Qurbanov Əliyevin sualına telefonla cavab verərək bildirib ki, “Qasid”i mətbuat yayımı bazarından sıxışdırırlar, amma müəssisə bağlanmayıb və böyük itkilərlə işləməkdə davam edir. “Təkcə son ay yarımda şəhərin mərkəzindən 41 köşk götürülüb”.

Qurbanov deyib ki, heç bir rəsmi qərar yoxdur, bütün tapşırıqlar şifahi verilir. Bu sistemdə işləyən işçiləri azad edirlər, Ticarət Departamentinin köşklərinə mətbuatla işləmək təcrübəsi olmayan şəxsləri götürürlər.

Müşahidələr göstərir ki, mobil mağazaya oxşayan yeni köşklər qəzetdən çox başqa şeylər satırlar. Onlar mətbuat bazarı ilə əlaqəsi olmayan iri ticarət şəbəkəsinə çevrilir. Nəticədə oxucuların çap nəşrlərinə çıxışı məhdudlaşır, qəzetlər tiraj itirir.

Aparıcı nəşrlərin redaktorlarının bu problemi qaldırmaq cəhdləri uğur qazanmadı. Prezident Administrasiyasının problemi həll etmək vədi vəd olaraq qaldı, köşklərin ləğvi prosesi isə sürət götürür. Min köşkdən iki yüzdən azı qalıb.

Bu gün bir sıra KİV və jurnalist təşkilatlarnın rəhbərləri Həzi Aslanov və Səməd Vurğun küçələrinin kəsişməsindəki 57 saylı köşkü məhkəmə yolu ilə də olsa qorumaq və köşklərin və Azərbaycanda mətbuat yayımı şəbəkəsinin qorunması barədə proses başlamaq barədə qərar qəbul ediblər

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button