HƏYACAN! AZADLIQ QƏZETİ BAĞLANA BİLƏR
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azadlıq qəzetinin bağlanması təhlükəsi ilə üzləşməsindən ciddi narahatçılıq keçirir. RATİ hesab edir ki, ölkənin müstəqil qəzetlərindən olan “Azadlıq” qəzetinin maddi problemlərə görə bağlanılması ölkə mətbuatının durumunun ağır olduğunu göstərir.
R.Hacıyev mətbuat yayım sisteminin dağıdıldığını, “Qasid” firması köşklərinin yerinə qoyulan “Press köşk”lərin qəzet satışında maraqlı olmadığını xüsusi vurğulayıb. Onun fikrincə, mətbuat yayım sisteminin belə dağıdılması iqtidarın bu sahədə atdığı addımların nəticəsidir. Rəsmi qurumların səyyar qəzet yayımına icazə vermədiyini deyən redaktor iqtidarın bu qanunsuzluğu səyyar yayımçıların “nəqliyyatın hərəkətinə mane olması” kimi cəfəngiyyatla əsaslandırmağa çalışdıqlarını söyləyib.
RATİ bəyan edir ki, hökumət tərəfindən müxalif və müstəqil mediaya ciddi nəzarət var. Belə ki, tirajları az olan qəzetlərə reklamlar verildiyi halda Azadlıq qəzetinə reklam qadağası qoyulub. Hətta qəzetlərin bəzi regionlarda satışına da bəzi vaxtlar qadağalar qoyulur.
RATİ həmçinin onu da xatırladır ki, “Azadlıq” qəzetinə qarşı son zamanlar məhkəmələr tərəfindən cərimələrin (“Azadlıq” qəzeti Bakı Metropoliteninin rəisi Tağı Əhmədova mənəvi zərər əvəzi oplaraq 30 000 AZN təzminat ödəməlidir , Anar Məmmədovun iddiası üzrə 4000 manat cərimələnib) tətbiq edilməsi qəzetin maddi vəziyyətində daha da problemlərin yaranmasına gətirib çıxarıb.
RATİ Azərbaycan hökumətini müstəqil və müxalif mediaya edilən təzyiqlərdən əl çəkməyə, məmurları isə jurnalist tənqidinə qarşı dözümlü olmağa çağırır.